Məhkəmə qərarları › İş №3(051)-731/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-731/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-731/2023 20.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 18 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-549/2023 saylı icra vərəqəsi üzrə icraat 26 iyul 2023-cü il tarixdə başlanılaraq tələbin könüllü icrası barədə bildiriş xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən rəsmi qaydada qəbul edilsə də, həmin tarixdən bu ilin sentyabr ayınadək heç bir ödəniş edilməmişdir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs alimenti ödəməmiş, hazırda isə onun 2250 manat borcu vardır. Tələbkar Zərərçəkmiş şəxs aliment borcunu tam ödənilməsini tələb edir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-549/2023 saylı icra vərəqəsinə əsasən ondan 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hazırda o işləmir, xəstdədir və maddi imkanı olmadığına görə 2250 manat aliment borcu yaranmışdır. Birdəfəlik ödəniş etməyə imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)- 549/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Lakin Şəxs ödənişi vaxtında etmədiyinə görə onun 2250 manat aliment borcu yaranmışdır. Həmin borcunun hissə-hissə ödənilməsinə razı deyil. Tam ödənilməsini xahiş edir. Əks halda borclu barəsində həbs qərarı çıxarılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşə əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-549/2023 saylı xx.xx.2023cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi, alimentin tutulmasının 10 yanvar 2023-cü il tarixdən başlanması qət edilmişdir. İşdə əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-549/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. “Borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-549/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə ümumilikdə 2250 manat aliment borcu yaranmışdır. Borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan Şəxs 2022-ci ildən Mingəçevir Psixo-Nevroloji Disponserdə üzv mənşəli baş beyin İİİ mədəciyinin yeni törəməsi diaqnozu ilə qeydiyyatdadır. İşə əlavə edilmiş Çıxarış epikrizdən görünür ki, aparılmış müayinələr nəticəsində Kranial MRT İİİ mədəciyində monro dəliyinin yaxınlığında yerləşən 18x18x15 mm ölçüdə törəmə aşkar edilir. Monro dəliyinin obstruksiyasının nəticəsində inventrikulyar hidrosefaliya aşkar edilir. Kranial KT İİİ mədəcikdə yerləşən törəmə aşkar edilir. İşə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 3(051)-731/2023 saylı xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 3(107)-284/2023 saylı xx.xx.2023cü il tarixli qərarından görünür ki, İsayeva X1 Şəhər Məhkəməsinin 3(051)-731/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından şikayət vermiş, həmin şikayət qismən təmin edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-731/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarı ilə ödənilməsi üzərinə qoyulmuş məbləği üzrsüz səbəbdən ödəməyərək, qanunla müəyyən olunmuş müddətdə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-549/2023 saylı icra vərəqəsinin icrasını təmin etməmiş, aliment borcunun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. İş materiallarından, o cümlədən icra məmurunun izahatından görünür ki, icra sənədi üzrə icraata başlama barədə qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən qəbul edilməsinə baxmayaraq, o, 10 gün müddətində könüllü şəkildə qərarda müəyyən edilmiş məbləği ödəməli olması, ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar olunmasına baxmayaraq ödəniş etməmişdir. Borclu Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati qaydada cərimə edilmiş, özü bu qərardan şkayət verməmiş, tələbkar həmin qərardan şikayət vermişdir. Beləliklə, borclu bir daha məhkəmə qərarına etinasız yanaşmış, borcu ödəməyi maddi imkanının olmadığını bildirdiyi halda cərimə ödənilməsi barədə inzibati qərardan şikayət verməmişdir. Əksinə tələbkar həmin qərardan şikayət verərək borcluya tətbiq olunan inzibati tənbehlə razı olmadığını, borclunun uşaqları üçün aliment ödəmədiyi halda üstəlik cərimə olunmasını qanunsuz hesab etmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdəran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu, aliment borcu ilə bağlı icra sənədini icra etməyən şəxsə inzibati cərimə növündə tənbehin tətbiq edilməsinin lüzumsuz olduğunu və bu tənbehin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə qənaətə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 20 noyabr 2023-cü il tarixdən, saat 17:58-dən hesablanmalıdır. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 20 noyabr 2023–cü il tarixdən saat 17:58-dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar