Məhkəmə qərarları › İş №3(051)-733/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-733/2023

19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-733/2023 19.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs Zərərçəkmiş şəxs: X1 iştirakı ilə xx.xx.1990-cı il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində idarə etdiyi Mercedes Benz 410D mikroavtobus markalı **-TU-*** nömrəli nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərək tək xətli üfüqi nişanlanma xəttin tələbini pozub MERCEDES BENZ VİTO minik markalı **-LU-*** nömrəli avtomaşınla Gəncə şosesində toqquşaraq zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək göstərdi ki, BC kateqoriyalı sürücülük vəsiqəsi olsa da, onun mikroavtobusu idarə etmək hüququ olmamışdır. Ona baxmayaraq, o, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Mingəçevir şəhər Gəncə şosesi ilə Aran qəsəbəsi istiqamətində idarə etdiyi Mercedes Benz 410D mikroavtobus markalı **-TU-*** nömrəli nəqliyyat vasitəsi ilə düzünə hərəkətdə olan zaman, Müəllimlər bağ massivinə gedən yolun kəsişməsində qarşısında düzünə hərəkətdə olan MERCEDES BENZ VİTO minik markalı **-LU-*** nömrəli avtomobilin sürücüsü avtomobilin sürətini yavaşlatdığı üçün idarə etdiyi Mercedes Benz 410D mikroavtobus markalı **-TU-*** nömrəli nəqliyyat vasitəsi ilə tək xətli üfüqi nişanlanma xəttin tələbini pozaraq qarşı hərəkət zolağına çıxıb ötmə edərkən MERCEDES BENZ VİTO minik markalı **-LU-*** nömrəli avtomobili avtomobilin sürücüsü sola dönmə işığını yandırıb avtomobilin sürətini yavaşıdıb sola ara yola döndüyünü gec görmüşdür. O, idarə etdiyi Mercedes Benz 410D mikroavtobus markalı **-TU-*** nömrəli nəqliyyat vasitəsini saxlaya bilməyib MERCEDES BENZ VİTO minik markalı **-LU-*** nömrəli avtomobilə yol verməyərək qarşı hərəkət zolağında sol yan hissəsindən üzərinə getmişdir. Nəticədə, idarə etdiyi nəqliyyat vasitəsinin qabaq sağ hissəsi, buferi, işıq cihazı, sağ qabaq qanadı MERCEDES BENZ VİTO minik markalı **- LU-*** nömrəli avtomobilin sol yan hissəsinə, qabaq qapısına, alt karinizinə, arxa sol qanadına dəyərək toqquşmuşdur. Toqquşma zamanı o, avtomobildə tək idi. Toqquşma nəticəsində heç kim xəsarət almamışdır. Hazırda əməlindən peşimandır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclası zamanı izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Mingəçevir şəhər Gəncə şosesi ilə Aran qəsəbəsi istiqamətində idarə etdiyi MERCEDES BENZ VİTO minik markalı **-LU-*** nömrəli avtomobillə düzünə hərəkətdə olan zaman, Müəllimlər bağ massivinə gedən yolun kəsişməsində idarə etdiyi MERCEDES BENZ VİTO minik markalı **-LU-*** nömrəli avtomobilin sola dönmə işığını yandırıb avtomobilin sürətini yavaşıdıb sola ara yola dönən zaman arxasından gələn Mercedes Benz 410D mikroavtobus markalı **-TU-*** nömrəli nəqliyyat vasitəsinin sürücüsü tək xətli üfüqi nişanlanma xəttin tələbini pozaraq ötmə edərkən ona idarə etdiyi MERCEDES BENZ VİTO minik markalı **-LU-*** nömrəli avtomobillə yol verməyərək qarşı hərəkət zolağında sol yan hissəsindən üzərinə gəlmişdir. Nəticədə idarə etdiyi nəqliyyat vasitəsinin sol yan hissəsinə, qabaq qapısına, alt karinizinə, arxa sol qanadına Mercedes Benz 410D mikroavtobus markalı **-TU-*** nömrəli avtomobilin qabaq sağ hissəsi, buferi, işıq cihazı, sağ qabaq qanadı dəyərək toqquşmuşdur. Toqquşma nəticəsində heç kim xəsarət almamışdır. Onun avtomobilini sığorta şirkəti təmir etdirəcəkdir. Onun inzibati xəta törətmiş şəxsdən şikayəti və tələbi yoxdur. Odur ki, izahatını nəzərə alaraq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan xx.xx.2023-cü il tarixli 1502 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. İşdə olan BD2066198 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə verilmiş xx.xx.2032-ci il tarixədək etibarlılıq müddəti olan BC kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. İşdə olan nəqliyyat vasitələrinin təmirinə dair smetadan görünür ki, MERCEDES BENZ VİTO minik markalı **-LU-*** nömrə nişanlı avtomobilə 1260 manat məbləğində maddi zərər dəymişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs himayəsində iki nəfər xx.xx.2021-ci il tarixdə doğulmuş Zəhra, xx.xx.2023-cü il tarixdə doğulmuş Elçin adlı azyaşlı uşaqları vardır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində idarə etdiyi Mercedes Benz 410D mikroavtobus markalı **-TU-*** nömrəli nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərək tək xətli üfüqi nişanlanma xəttin tələbini pozub MERCEDES BENZ VİTO minik markalı **-LU-*** nömrəli avtomaşınla Gəncə şosesində toqquşaraq zərərçəkmiş şəxsə maddi zərər vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini, himayəsində iki nəfər azyaşlı uşağın olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar