Məhkəmə qərarları › İş №3(051)-74/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-74/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-74/2024 26.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Borclu : Şəxs Tələbkar: X1 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə xx.xx.1993–cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Mingəçevir şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Borclu Soltanlı X5 Şəhər Məhkəməsinin 2(051)-1723/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 14900 manat məbləğdə pulun və 30 manat dövlət rüsumunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1723/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Şəxs 14900 manat məbləğdə pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Lakin borclu tərəfindən borcun ödənilməsi təmin edilməmiş və nəticədə 14930 manat borcu yaranmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Hazırda onun 14930 manat məbləğində borcu vardır. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X4 göstərdi ki, borclu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcu ödəmir. Nəticədə, borclunun 14930 manat məbləğində borcu yaranmışdır. Odur ki, məhkəmədən borcun birdəfəyə ödənilməsinin təmin edilməsini, əks halda isə borclunun inzibati qaydada həbs edilməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, 2019-cu ilin yay aylarında Rusiya Federasiyasına getmişdir, məhkəmə qərarı isə o, ölkə xaricində olanda çıxarılıb. Daha sonra icra sənədi və barəsində elan edilmiş axtarış qərarı barədə atası və qardaşı ona məlumat vermişdir. Lakin orada qazancı yaxşı olmadığı üçün bu vaxta kimi heç bir ödəniş edə bilməmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycana qayıtmış və hava limanında axtarışda olduğu üçün onu saxlamışlar. Hal-hazırda heç bir ödəniş edə bilmir. Belə ki, işləmir, qazancı yoxdur. Əgər işləyərsə, növbəti aydan 100-200 manat arası ödəniş edə bilər. Bundan başqa heç bir ödəniş edə bilmir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1723/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 14900 manat məbləğdə pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli izahatdan görünür ki, icra orqanı tərəfindən icra sənədində göstərilən tələbin icra edilməsi tələb edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan tələbkar X1 xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, X4 yaranmış borcun ödənilməsi məqsədi ilə Mingəçevir Şəhər icra və Probasiya Şöbəsinə rəsmi müraciət etmişdir. İşdə olan borclunun axtarılması barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Mingəçevir şəhəri, ünvan 1 ünvanında yaşamış olan Şəxs barəsində borclunun son yaşayış yeri üzrə axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatlarını, eləcə də icra işinin materiallarının tədqiqi nəticəsində müəyyən etdi ki, Soltanlı X5 Şəhər Məhkəməsinin 2(051)-1723/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə borclu olduğu məbləği ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də borcunu ödəməməsi, onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 26 yanvar 2024–cü il tarixdən saat 16:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar