Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-74/2025 03.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə X3 Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin əsaslandırılması: Şikayət onunla əsaslandırılmışdır ki, o, əsassız olaraq Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən AR İXM-nin 395.1-ci maddəsinə əsasən 800 manat cərimə olunmuşdur. Qeyd edir ki, ünvan 1 ünvanda yerləşən 0.14 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 70.20 kvadratmetr olan daşınmaz əmlak onun xüsusi mülkiyyətindədir. Bu barədə ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Belə ki, onun mülkiyyətində olan torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqlarıdır. O, həmin evdə əvvəllər valideynlərinin yaşadığı, bu səbəbdən evin daha sonra təmirsiz və qəzalı vəziyyətdə olduğunu qeyd etmişdir. Həmin evi sökərək təmir etmək istədiyi zaman o, yeni tikəcəyi evin layihə planını alması barədə icra hakimiyyətini məlumatlandırmış, daha sonra bununla bağlı aidiyyəti üzrə müraciət etmiş, lakin müraciəti ilə bağlı layihənin verilməsi məsələsi ləngidiyi üçün tikinti işlərini dayandırmışdır. Bir müddət keçdikən sonra həmin evin tikintisi ilə bağlı inzibati xəta törətməkdə təqsirli bilinərək 800 manat cərimə olunmuşdur. Belə olan halda onun barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın tam qanunsuz və əsassız olmasını bildirərək, hesab edir ki, onun əməlində inzibati xətanın tərkibi yoxdur. Ona görə də Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-ü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında X6 ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, ünvan 1 ünvanda yerləşən 0.14 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 70.20 kvadratmetr olan daşınmaz əmlak onun xüsusi mülkiyyətindədir. Bu barədə ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Belə ki, onun mülkiyyətində olan torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqlarıdır. Həmin evdə əvvəllər valideynlərinin yaşadığı, bu səbəbdən evin daha sonra təmirsiz və qəzalı vəziyyətdə olduğunu qeyd etmişdir. Qeyd edilən fərdi yaşayış evini sökərək təmir etmək istədiyi zaman o, yeni tikəcəyi evin layihə planını almasını barədə məlumatlandırılmış, daha sonra bununla bağlı aidiyyəti üzrə müraciət etmiş, lakin müraciəti ilə bağlı layihənin ona bəzi səbəblərdən gec veriləcəyi bildirilmiş, bu səbəbdən də tikinti işlərini dayandırmışdır. Layihənin verilməsini gözləyən zaman inzibati xəta törətməsi barədə 800 manat cərimə olunması ona məlum olmuş, hazırda qeyd edilən fərdi yaşayış evinin memarlıq planlaşdırma layihəsini almasını bildirmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş edir. İş üzrə protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 şəhəri, M.Fərruxov küçəsi, ev 27 ünvanında müvafiq İcra Hakimiyyəti orqanının icazəsi olmadan özbaşına tikinti işləri apararaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, yaşayış məntəqələrinin torpaqları katerqoriyasında olan, 0.14 ha sahədə yerləşən, ümumi sahəsi 70.20 kdavratmetr olan fərdi yaşayış evi ********** № ilə xx.xx.2024-cü il tarixdə X4 xüsusi mülkiyyətinə qeydiyyata alınmışdır. X2 ilə “X9” MMC tərəfindən ünvan 2 ünvanında inşa ediləcək fərdi yaşayış evinin “memarlıq planlaşdırma həlli” tərtib edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıdakı maddələrinə əsasən; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 395.1. Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konustitusiyasının 13-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konustitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa konvensiyasına dair 1 saylı protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüqüqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüquqlarına malikdir. Hec kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindan məhrum edilə bilməz. Məhkəmənin iş üzrə gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan tikintisinə icazə tələb olunan tikinti obyektlərinin özbaşına inşa edilməsi faktı müəyyən edilməlidir. Barəsində qərar qəbul edilmiş şəxsin izahatından görünür ki, o özünə məxsus torpaq sahəsində tikinti işlərini layihənin verilməsi məsələsi ləngidiyi üçün dayandırmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-80-cı maddələrində mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hansı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmaması göstərilmişdir. Həmin qanuna əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Memarlıq Planlaşdırma Layihəsindən görünür ki, X3 inşa etdirəcəyi 1 mərtəbəli yaşayış obyektinin hədləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-80-ci maddələrində nəzərdə tutulmuş hədləri keçmədiyindən icazə tələb olunmayan tikililərə aiddir. Eyni zamanda şəxsə tikilinin qadağan edilməsi ilə bağlı hər hansı bir şifahi və rəsmi qaydada məlumat verilməmiş, bunun əksini sübut edən hər hansı bir sənəd də məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə məsuliyyət nəzərdə tutulmasını, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən barəsində qərar qəbul edilən şəxsə həmin ünvanda inşa etdirdiyi tikinti işlərinin aparılmasına icazə tələb olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin inzibati orqana qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 134.1.4, 135.1.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin inzibati orqana qaytarılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-74/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-74/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver