Məhkəmə qərarları › İş №3(051)-758/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-758/2022

30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-758/2022 30.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş Şəxs iştirakı ilə, Şəxs barəsinəd Mingəçevir şəhər Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci l tarixli, İXP ******* inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəməyə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nn 329.3-cü və 333.1-ci maddələrinin tələblərini pozması ilə əlqədar inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında Mingəçevir şəhər Yol Patrul Xidmətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirdi ki, 21 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində Mingəçevir şəhərində özünə məxsus olan **-BK-*** dövlət qeydiyyat nişanlıminik avtomobilini idarə etdiyi zaman Mingəçevir ŞPŞ DYP-nın Samir və Elnur adlı əməkdaşları idarə etdiyi avtomobili hər nahsı əsas olmadan saxladılar. Onlar ondan sənədlərini tələb edərək guya onun sərxoş vəziyyətdə avtomobil idarə etdiytini bildirdilər. O, isə buna etiraz etdikdə onlar onu sərxoşluq müayinəsindən keçirtmək üçün ekspertə dəvət etdilər. O, etiraz etmədi narkoloji disponserə getdilər. Alkotestr vasitəsi ilə ekspertin yanında müayinə oldu. Ondan sonra guya onun sərxoş olduğu aşkar edildi. Müayinə zamanı o, sərxoş olmadığnı bildirsə də bu barədə hər hansı əlaqədar sənəd ona təqdim edilmədi. Onun ekspertə gəlməyi və etirazı olmadığı barədə sənədə imza etdirdilər. Daha sonra onun Avtomobilini bir başa cərimə meydançasına yerləşdirdilər. Onun sərxoş olmağı ilə əlaqədar ona heç bir sərxoşluq haqqında protokol və tibbi müayinə haqqında akt təqdim edilmədi. Hesab edir ki, onun barəsində tərtib edilən inzibati xəta haqqında protokol əsassızdır, ona görə də protokol ləğv edilməli və inzibati xəta haqqında məsuliyyətdən azad edilməsini xahiş edir. X1 oğlu məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, axşam saatlarında Şahverdi ilə bir yerdə Samux 1 çörək sexində işlə əlaqədar uzun müddət işlə əlaqədar söhbət etmişlər. Daha sonra avtomobilə əyləşərək getdilər Şahverdi isə onu Zema mağazasını yanında düşürdü. Məhkəmə barəsində inzibati xəta haqqında rotokol tərtib edilmiş Şəxs və şahidi izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, prtokol əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qanunun tələbindən yəni 333.1-ci maddənin dispozisiyasından da göründüyü kimi göstərilən maddənin təsiri altına düşmək üçün yəni göstərilən maddə ilə protokol tərtib edilməsi üçün 2 əsas meyyarın olması mütləqdir. Bunlar: (1) nəqliyyat vasitəsini sərxoş vəziyyətdə (2) idarə olunmasıdır. Belə ki, ən əsası S.Məmmədovun avtomobili idarə etməsi müəyyən olunmamışdır. Avtomobilin sərxoş şəxs tərfindən idarə olunması maddənin əsasını təşkil etdiyi halda avtomobildən istifadə olunması müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin və nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının tələblərinə əsasən şəxsin sərxoşluq vəziyyəti ən azı 2 hal şahidinin iştirakı ilə müayinə edilməli və müayinənin nətijəsi aktla rəsmiləşdirilməli, şəxs tibbi müayinəyə göndərilməzdən əvvəl bu barədə ayrıja protokol tərtib edilməli, həmin protokolun bir nüsxəsi həmin şəxsə verilməli və bundan sonra şəxs tibbi müayinəyə göndərilməlidir. Müayinə aparan həkim-narkoloq yuxarıda göstərilən məlum qaydalara uyğun olaraq xüsusi texniki vasitə ilə analizlər aparmaqla alkoqolun qanda konsentrasiyasını müəyyən etməli və müayinənin nətijəsi barədə protokol deyil, mövjud qaydalara uyğun tibbi müayinə aktı tərtib edilməklə həmin akt polis əməkdaşlarına təqdim edilməli, həmçinin barəsində müayinə aparılan şəxs həmin aktla tanış edilməklə surəti ona təqdim olunmalıdır. Yalnız həmin hərəkətlər həyata keçirildikdən sonra şəxsin sərxoşluq vəziyyəti müəyyən olunarsa onun barəsində Azərbaycan Respublikasının İXM-nin müvafiq maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmalı və müvafiq protokol tərtib edilməlidir. Lakin, iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Səxavət Məmmədov saxlanılarkən polis əməkdaşları tərəfindən yuxarıda göstərilən halların heç biri həyata keçirilməmiş və bununla da İXM-nin 100-cü maddəsinin və nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının tələbləri pozulmaqla onun barəsində məlum inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbayjan Respublikasının İXM-nin 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Həmin Məjəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, şeyləri yoxlama, nəqliyyat vasitəsinə baxış, şeyləri və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə edən şəxslərin sərxoş vəziyyətdə olduqlarını güman etməyə kifayət qədər əsas olduqda, onların sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir və ya onlar tibbi müayinəyə göndərilir. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü (gəmi sürücüsü) tərəfindən imzalanır. Sürücü (gəmi sürücüsü) protokolu imzalamaqdan imtina etdikdə bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məjəllənin 100.1, 100.1.6, 100.1.8-ci maddələrinə əsasən inzibati xəta haqqında protokolda şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı Qərarı ilə təsdiq edilmiş «nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları»nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Lakin qanunun bu tələbləri də pozulmuşdur. Protokol Şəxs iştirakı ilə tərrtib olunmasına baxmayaraq, izahatı alınmamış, protokol və ya qərarın surəti ona verilməmiş və İXM-nin 61-ci maddəsində göstərilən hüquqlarımdan istifadə etməyinə şərait yaradılmamışdır. Qanunun tələblərindən və iş materiallarında olan sənədlərdən də göründüyü kimi, sərxoşluq vəziyyətinin tibbi müayinə aktı qanuna müvafiq tərtib olunmamış, Şəxs barəsində olan protokol və qərar ona təqdim olunmamışdır. Şəxs həmin inzibati xətada onun təqsiri olması şübhələr doğurur ki, bu da öz növbəsində Şəxs xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq qərarverdim: Şəxs Azərbaycan Respublikası İXM-in 329.3-cü və 333.1-ci maddələri ilə xx.xx.2022ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar