Məhkəmə qərarları › İş №3(051)-779/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-779/2025

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-779/2025 24.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi Vəkil, zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş,Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs iştirak etməmiş, əvvəlki məhkəmə iclasında iştirak edən Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 izahat verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-1174/2018 saylı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1189/2023 saylı icra vərəqələri üzrə icraat başlanılaraq tələbin könüllü icrası barədə bildiriş xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən rəsmi qaydada qəbul edilsə də, onun tərəfindən icra sənədi tam icra edilməmiş və 9090 manat aliment borcu yaranmışdır. xx.xx.2025-ci il tarixdə borclu Şəxs izahatı alınmışdır. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs borcunu ödəməmişdir. X1 pulunun tam ödənilməsini tələb edir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-1174/2018 saylı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-778/2021 saylı icra vərəqələrinə əsasən yaranmış borcu qəbul edir. Borcunu ödəməkdən boyun qaçırmır, lakin hazırda işləmir və maddi imkanı yoxdur ki, borcunu bir dəfəlik ödəsin. Elə bir əmlakı da yoxdur ki, satıb tələb olunan borcunu tam şəkildə ödəsin. Məhkəmə baxışında borcundan ödənişlər etmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahatında bildirdi ki, Şəxs qeyd edilən icra sənədlərini qərəzli olaraq icra etməməsi ilə bağlı hal öz əksini tapmır. Odur ki, göstərdiyi halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən X1 izahat verərək bildirdi ki, borclu Şəxs borcunu ödəməkdən boyun qaçırmışdır. Hazırda borcundan bir qismini ödəməsini qəbul etmədiyini, borcunu tam tələb etdiyini bildirərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-1174/2018 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay Şəxs qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında alimentin alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. Borclu Şəxs barəsində xx.xx.2019-cu il tarixdə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1189/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan 170 manat məbləğində alimentin həcmi artırılaraq, 220 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi və tutulub iddiaçı X4 verilməsi qət edilmişdir. Borclu Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1189/2023 saylı icra vərəqəsində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. Borclu Şəxs sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, borclu Şəxs əmək haqqından hər ay aylıq qazancının və başqa gəlirlərini ½ miqdarında aliment pulunu və 9210 manat borc ödənilib bitənə kimi əmək haqqından 70 % həcmində, borc ödənilib bitdikdən sonra isə hər ay aylıq qazancının başqa gəlirlərinin ½ miqdarında pul tutaraq X1nın hesabına ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, Şəxs tərəfindən X2 hesabına 56 manat, 400 manat və 499,25 manat ödənilmişdir. xx.xx.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, aliment təyinatı üzrə 450 manat məbləğində ödəniş edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(051)-253/2025 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İş materiallarından, o cümlədən icra məmurunun izahatından görünür ki, icra sənədləri üzrə icraata başlama barədə qərar və tələbin dərhal icrası barədə bildiriş Şəxs tərəfindən qəbul edilməsinə, onun dərhal olaraq qərarda müəyyən edilmiş qaydada borclarını ödəməsi, ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar olunmasına baxmayaraq icra etməmişdir. Məhkəmə iclasında icra məmurunun, barəsində inzibati qaydada icraat aparılan şəxsin, onun müdafiəçisinin, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarı ilə qanunla müəyyən olunmuş müddətdə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)- 1174/2018 saylı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1189/2023 saylı icra vərəqələrinin icrasını təmin etməmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Bununla belə borclu Şəxs məhkəmə baxışında borcundan müəyyən ödənişlər etmişdir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İcra məmuru tərəfindən Şəxs dəfələrlə borclu olduğu məbləği ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də borcunu ödəməməsi (İXM-in 33.1.1) onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmasını və yüngülləşdirən halların mövcud olmadığını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə qənaətə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 14:25-dən hesablanmalıdır. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 14:25-dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar