Məhkəmə qərarları › İş №3(051)-784/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-784/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-784/2025 12.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X5 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, X5 xx.xx.1997-ci il tarixdə doğulmuşdur, uzun müddətdir ki, Mingəçevir şəhərində yaşayır. 2015-ci il tarixdə 18 yaşı tamam olduqdan sonra hərbi xidmətlə bağlı müayinələrdən keçdikdən sonra böyrək daşı və varikosel diaqnozu ilə hərbi xidmətə yararsız hesab edilmişdir. Hər üç ildən bir keçirilən müayinələrdə eyni nəticə olduğu üçün o hərbi xidmətə yollanmamışdır. Lakin 2025-ci ilin may-iyul aylarında keçirilən müayinələrdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının rəyinə əsasən, yenidən eyni diaqnozlar qoyulsa da, Səfərbərlik Xidmətinin Mingəçevir şəhər Şöbəsi tərəfindən Reabilitasiya Agentliyinə göndərilmişdir. Orada keçirilən müayinə nəticələri ilə bağlı rəsmi müraciət etsə də, Mingəçevir Şöbəsi tərəfindən həmin nəticələr ona təqdim edilməmiş və tanış edilməmişdir. Ancaq guya hərbi xidmətə yararlı olduğu üçün ona oktyabr ayında çağırış göndərilmişdir. O da bu qərarla razılaşmadığı üçün Şəki İnzibati Məhkəməsinə müraciət edərək, hərbi xidmətə yaralı hesab edildiyi rəyini qərarını rəyinin ləğv edilməsini tələb etmişdir. Bununla bağlı dəfələrlə SHXÇDX-nin Mingəçevir Şöbəsinə yazılı və şifahi qaydada məlumat verərək, məhkəmə prosesinin yekun qərarı əldə edilənədək ona müvəqqəti möhlət verilməsini xahiş etmişdir. X6 tərəfindən bu tələbləri qərəzli olaraq təmin edilməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə nümayəndəsi və vəkili SHXÇDX-nin Mingəçevir Şöbəsinə gedərək X1 Tədbiri ilə əlaqədar Şəki İnzibati Məhkəməsinin iclasının xx.xx.2025-ci il tarixə təyin edildiyini, bu səbəbdən müvəqqəti olaraq gələ bilmədiyini bildirmişdir. Buna baxmayaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilir. Göründüyü kimi, bu maddə o zaman tətbiq edilməlidir ki, vətəndaş çağırışa üzrlü səbəb olmadan gəlməməlidir. Lakin onun özü, eləcə də vəkili dəfələrlə şifahi və yazılı şəkildə məhkəmə iclasının olması səbəbində gələ bilmədiyi ilə bağlı məlumat vermişlər. Barəsində qərar qəbul edilmiş X4 və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X2 Hərbi Xidmətdən yayındığına görə İXM-nin 606.3-cü maddəsinin tələblərini pozmuş və 300 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinə gəlməsi barədə çağırış vərəqəsi verilmişdir. Bununla belə, X5 çağırış vərəqəsində göstərilən tarixdə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 606.3-cü maddəsinə əsasən Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında iş materialında olan sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 606.3-cü maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X5 Hərbi xidmətə çağırış üzrə işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinin dispozisiyasını şərtləndirən hal baş vermişdir. Buna görə də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin vəzifəli şəxsinin X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Həmçinin şikayətçi şikayətində əsaslandırdığı - X1 Tədbiri ilə əlaqədar Şəki İnzibati Məhkəməsinin iclasının xx.xx.2025-ci il tarixə təyin edildiyini, bu səbəbdən müvəqqəti olaraq gələ bilmədiyini bildirsə də, buna dair sübutları təqdim etməmişdir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin vəzifəli şəxsinin X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən, şikayət və ya protest isə təmin edilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar