Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-793/2025 20.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Şikayətçi: X4 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakı ilə, X4 tərtib edilmiş inzibati xəta haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5000 manat məbləğində cərimə olunması barədə 27 oktyabr 2025-ci il tarixli MN ******* №-li qərarından şikayətinə baxaraq, məhkəmə Müəyyənetdi: X2 Şəhər Məhkəməsinə müraciət edərək, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* №-li protokolu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5000 manat məbləğində cərimə olunmsı barədə 27 oktyabr 2025-ci il tarixli, MN ******* №-li qərarını inzibati xəta hadisəsi olmadığı üçün ləğv edib iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X9 şikayətini belə əsaslandırmışdır ki, AR Səhiyyə Nazirliyinin özünü hüquqşünas kimi təqdim edən bir nəfər kişi və iki nəfər qadın onun işlətdiyi "ZəMİRƏ" gözəllik salonuna xx.xx.2025-ci il tarixdə saat 16:30-da daxil olub, içəriyə icazə almadan daxil oldular. O onlardan hansı xidmət növü üzrə (saçkəsmə, dırnaq) gəlməsini öyrənmək istədi. Onlar isə bildirdi ki, sizdən şikayət var. O özünü həmin şəxslərə təqdim edərək, soyadını və adını söylədi. Onlar isə özlərini təqdim etmədən, soyad, ad və kim olduqlarını bildirmədən qeyd etdilər ki, bu salondan şikayət var. O isə şikayətin məzmununu, şikayət məktubunu oxumaq və ona təqdim etmələrini və özlərinin bu sahə üzrə icazə məktubunun təqdim edilməsini xahiş etdi. Onlar isə haray-həşir salmaqla salonda gərginlik yaratdılar. O onların icazə məktubu olmadığına görə salondan çıxmalarını rica etmişdir. Ona bir boş kağız parçası təqdim etdilər ki, buraya imza etsin. O da həmin boş kağız parçasına imza etməkdən imtina etdi. Ona görə ki, onlar öz məqsəd və məramlarını, nə məqsədə gəldiklərini açıq-aydın bildirmədilər. Aradan bir müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə ona məktub gəldi, şikayətçi onu açıb oxuduqda gördü ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixdə ******* saylı qərarla AR Səhiyyə Nazirliyi "X8" X12bdur. Cərimə edilməyi barədə qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, inzibati xəta haqqında tərtib olunmuş protokolun surəti ona verilməmiş, barəsində olan inzibati xəta haqqında iş baxılması barədə ona heç bir dəqiq, ətraflı məlumat verilməmiş, iş baxılarkən iştirakı təmin olunmamış, izahatı alınmamışdır. O yalnız fərdi sahibkar kimi gözəllik salonu işlədir. Təzəlikcə "Zəminə" Gözəllik salonunda lazer aparatı qoymuşdur və onu işlədə bilməyi üçün öyrənir. Həm də onu bildirir ki, xx.xx.2022-ci ildə kosmetoloq-bərbər ixtisasını almaqla Mingəçevir Peşə təlimi məktəbini bitirmişdir. AR Səhiyyə Nazirliyinin işçiləri xx.xx.2025-ci ildə obyektdə lazer aparatını görüb, ona qanunsuz həmin tarixdə, yəni, xx.xx.2025-ci ildə MN ******* saylı inzibati protokol tərtib etdilər. Lakin, salonda hər-hansı müştəri də olmamışdır. Onu da təkrar qeyd edir ki, onun kosmetoloq-bərbər ixtisası vardır. Ona tənbeh verilmiş inzibati xəta haqqında iş üzrə mövcud qanunvericiliyin bir çox tələbləri pozulmuşdur. Belə ki, lazer epilyasiyası və depilyasiyasına lisenziya tələb olunmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 178 nömrəli qərarına əsasən peşələrin təsnifatının siyahısı göstərilmişdir. Lazer epilyasiyası və depilyasiyası həmin təsnifatın 030210 Bərbərlik peşəsinə daxil edilmişdir. Yəni lazer epilyasiyası və depilyasiya bərbərlik sahəsidir. Belə görünür ki, bərbərlik peşəsinə lisenziya tələb olunmalıdır ? Odur ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs icraata xitam verilməsini məhkəmədən xahiş edir. X1 etibarnamə üzrə nümayəndəsi və vəkili X6 məhkəmə iclasında şikayətə uyğun izahat verərək bildirdi ki, X9 barəsində qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən protokol tərtib olunmuş və ona əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X1 məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, o fərdi qaydada sahibkarlıqla məşğul olur. Belə ki, obyekt qardaşı arvadı Nigara məxsusdur. Özünün isə VÖEN-i vardır. Vergi ödəyicisi kimi hər ay vergi ödəyir. Hardasa 2 il olar ki, daimi olaraq vergi ödəyir. O həmin ünvanda saç ustası kimi fəaliyyət göstərir. Bununla belə, orada lazer-epilyasiya cihazları vardır. Lakin hələ ki, onu işlətmir. Sadəcə olaraq onun işlətmə qaydasınl mütəxəssislərdən öyrənir. 16 oktyabr 2025-ci il tarixdə özlərini hüquqşünas kimi təqdim edən 3 nəfər onun işlədiyi yerə daxil olmuş və bildirmişlər ki, ondan şikayət var. Şikayətin mahiyyətini soruşduqda cavab verməmişlər. Bundan sonra ona cərimə edildiyi məlum olmuşdur. Odur ki, izahatında göstərilən halların nəzərə alınması və icraata xitam verilməsini də məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə barəsində qərar qəbul edilmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri, X14 küçəsi ev 10, mənzil 0 ünvanında yerləşən obyektdə X9 tərəfindən lisenziya olmadan özəl tibbi fəaliyyət (kosmetoloji-lazer epilyasiyası) göstərilməsi faktı aşkar olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 27 oktyabr 2025-ci il tarixli, 3-28-1/2-34299/2025 saylı məktubdan görünür ki, X7 inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən cərimə növündə inzibati tənbehvermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* №-li protokolun surəti ona göndərilmişdir. İşdə olan 16 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə 16:30-da Mingəçevir şəhəri, X14 küçəsi ev 10, mənzil 0 ünvanında X7 lisenziya olmadan özəl tibbi fəaliyyət (kosmetoloji-lazer epilyasiyası) göstərilməsi faktı aşkar olunmuşdur. İşdə olan Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında (VÖEN **********) şəhadətnamədən görünür ki, Qasımova xx.xx.2022-ci il tarixində uçota alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 000477 saylı diplomdan görünür ki, X2 Peşə təlimi məktəbinə daxil olmuş və ona Kosmetoloq-bərbər ixtisası verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, İXM-in 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma inzibati xəta tərkibi yaradır. İş materiallarından və izahatdan da göründüyü kimi X9 bərbərlik fəaliyyəti ilə məşğuldur və lazer epillyasiya fəaliyyəti ilə məşğul olması isə iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin” siyahısından görünür ki, Özəl tibb fəaliyyəti göstərilən xidmətlər və Özəl tibb fəaliyyəti göstərilən xidmətlərə uyğun görülən işlərin siyahısında lazer epillyasiya fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanın alınmasına dair hər hansı bənd yoxdur və ya hər hansı qeyd göstərilməmişdir. Həmin Qərarın 2.13.2-ci bəndində kosmetoloji fəaliyyətlə məşğul olmaq üçün müvafiq lisenziyanın tələb olunduğu göstərilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin göstərdiyi Lazer Epillyasiya xidmətinin həmin fəaliyyət növünə aid olduğu əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X4 şikayəti qismən təmin edilsin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 27 oktyabr 2025-ci il tarixli, MN ******* №-li qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 27 oktyabr 2025-ci il tarixli, MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-793/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-793/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver