Məhkəmə qərarları › İş №3(051)-794/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-794/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-794/2024 19.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1991-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM–in 510-cu maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə telefon vasitəsilə X1 ünvanına insan ləyaqətini alçaldan nalayiq küçə söyüşləri işlətməklə ictimai qaydanı pozmuşdur. Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə qardaşı Taleh Aslanov atasına məxsus VAZ 21154 markalı avtomaşınla H.Əliyev prospektində hərəkətdə olan zaman qayda pozduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılmış, barəsində tədbir görülərkən onunla əlaqə saxlamış, qardaşı olanları ona demişdir. O buna əsəbləşərək bir anlıq özünü idarə edə bilməmiş və Samir Sultanova zəng edərək ona xoşagəlməz nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən barəsində həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 12:10 radələrində şəhərin H.Əliyev prospektində xidmətdə olarkən VAZ 21154 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü şəhərin Samux küçəsindən H.Əliyev prospektinə çıxarkən H.Əliyev prospekti ilə hərəkətdə olan avtomaşına yol verməyib yol ayrıcını keçmə qaydasını pozduğu üçün tərəfindən saxlanılmışdır. Həmin avtomaşının eyni zamanda arxa yayları kəsik olduğu üçün tərəflərindən duracağa yerləşdirilmişdir. Təxminən 5-10 dəqiqə keçdikdən sonra onun mobil telefonuna ***-***-**- ** nömrəsindən zəng olunmuşdur. Telefonu açıb alo dedikdə ona “Samir, sən mənim qardaşımın maşınını duracağa aparmısan. Bu səbəbdən mən sənin başına oyun açacam”,-demişdir. O, telefonda həmin zəng edən şəxsi nizam-intizama dəvət etsə də həmin şəxs daha da ucadan ona nalayiq ifadələr işlədərək şərəf və ləyaqətini alçaltmış və onu ağır küçə söyüşləri ilə təhqir etmişdir. Ona görə də hazırda o, Şəxs şikayətçidir. Odur ki, məhkəmədən izahatını nəzərə alaraq onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. İşə əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Samir Sultanova nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçaltmaqla ictimai qaydanı pozmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:10 radələrində VAZ 21154 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən X2 tərəfindən AR İXM-in 332.1-ci, 327.2-ci, 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs telefon vasitəsilə xx.xx.2024-cü il tarixdə X1 ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, Şəxs təqsirini etiraf edərək əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcud olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 07 (yeddi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 18 noyabr 2024-cü il tarixdən saat 23:10-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar