Məhkəmə qərarları › İş №3(051)-798/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-798/2022

19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-798/2022 19.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ 11847982 №-li xx.xx.2022-ci il tarixli qərarından şikayətinə baxaraq, Müəyyənetdim: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ 11847982 №-li xx.xx.2022-ci il tarixli qərarından şikayət vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayətini əsaslı hesab edərək izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində M4 Bakı – Şamaxı - Yevlax yolu 269-cu km-də idarə etdiyi VAZ 21099 markalı ** BJ *** qeydiyyat nişanlı avtomobil ilə Xaldan qəsəbəsi istiqamətindən Mingəçevir şəhəri istiqamətində təxminən 105-110 km/saat sürətlə hərəkət etdiyi vaxt yol patrul nəqliyyat vasitəsində quraşdırılmış İ-Patrul sürət ölçmə cihazı vasitəsi ilə yolda müəyyən olunmuş sürət həddini aşmağı qeydə alınmış və buna dair EQ11847982 saylı elektron qərar sistemə daxil edilmişdir. Lakin həmin İ-Patrul sürət ölçmə cihazının göstəriciləri doğru olmadığından sürəti 122 km/saat sürət kimi qeydə alınmışdır. İ-Patrul sürət ölçmə cihazının göstəricilərinin doğru olmaması, cihazın nasaz olması səbəbindən barəsində qanunsuz Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi ilə qərar çıxarılmışdır. O, faktiki 21-40 km/saat həddində sürət həddini aşmışdır və bununla o, İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş ola bilər. Məsələ ilə bağlı dəfələrlə tərəfindən Azərbaycan Respublikası Baş X4 İdarəsinə şikayət olunmuş, cihazın sazlığının yoxlanılması, müvafiq sertifikasiyadan keçib-keçməməsinin yoxlanılması tələb olunsa da, araşdırma səthi aparılmış və Azərbaycan Respublikası BDYPİ-nin xx.xx.2022 tarixli 016-756920-4222 saylı məktubundan göründüyü kimi icraçı yalnız inzibati xətanın aşkarlanması və sənədləşdirilməsini yoxlamaqla kifayətlənərək qərarı qüvvədə saxlamışdır. Cihazın sazlığı və sertifikatlaşması yoxlanılmamış və bu barədə heç bir xüsusat qeyd edilməmiş, cihazın sertifikatlaşması barədə müvafiq sənədlərin ona təqdim edilməsindən imtina edilmişdir. Beləliklə, İ-Patrul sürət ölçmə cihazının nasazlığı səbəbindən EQ11847982 saylı electron qərarla inzibati xəta qeydə alınarkən inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Həmçinin, işlə bağlı məhkəməyə fotoşəkillər təqdim etmişdir. Həmin fotoşəkillərdən inzibati xətanın Ekin Patrol G2 qurğusu vasitəsi ilə aşkar edildiyi aydın olur. Fotoşəkil üzərində sağ küncdə “Ekin Patrol” yazısı mövcuddur. Fotoşəkillərin rakursundan isə aydın görünür ki, fotoşəkillər patrul nəqliyyat vasitəsinin damında quraşdırılmış qurğudan qeydə alınmışdır. Lakin elektron qərarda inzibati xətanın aşkarlanmasında istifadə edilmiş texniki vasitənin tipi və modeli VCC-MC800P olaraq göstərilməkdədir. VCC-MC800P qurğusunun texniki pasportundan göründüyü kimi qurğu Yaponiyada SANYO Electric Co., Ltd. tərəfindən istehsal edilən, motorla təchiz edilmiş, stasionar quraşdırılan videokameradır və ümumiyyətlə sürət ölçmə funksiyasına malik deyildir. Odur ki, həmin qərarın qanunsuz və əsassız olduğunu hesab edir. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ 11847982 №-li xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmasını və ya dəyişdirilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin rəisinə bildiriş göndərilərək inzibati xəta haqqında materialın məhkəməyə təqdim olunması xahiş edilmiş, lakin inzibati xəta haqqında material məhkəməyə təqdim olunmamışdır. İş materialını araşdırıb hesab edirəm ki, şikayət qismən təmin edilməli, qərar ləğv olunmalı, inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Şikayətə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin inzibati tənbeh vermə haqqında EQ 11847982 №-li xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X2 İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə 150 (bir yüz əlli) manat cərimə olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.6-cı maddəsində göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati xəta haqqında material məhkəməyə təqdim edilmədiyinə görə tam araşdırma aparılması mümkün olmadığı üçün hesab edirəm ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ 11847982 №-li xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və yenidən baxılmaq üçün inzibati material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutub Qərara aldım: Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ 11847982 №-li xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və material yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar