Məhkəmə qərarları › İş №3(051)-811/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-811/2023

23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-811/2023 23.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində yerləşən Bulvar kafedə ucadan səs-küy salması, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilmədi və göstərdi ki, xx.xx.2023–cü il tarixdə gecə saat 01:30 radələrində mülki geyimdə tanımadığı şəxs işlədiyi Bulvar kafeyə gələrək, özünü təqdim etmədən ondan onunla birlikdə polis şöbəsinə getməsini tələb etmişlər. O, getməyinin səbəbini soruşduqda həmin şəxs ona heç bir izah vermədən, gedəndə bilərsən, deyərək onun geyiminin boyun hissəsindən tutaraq kafedən çıxarmağa çalışmışdır. Həmin vaxt o yerə yıxılmış, lakin adınısonradan öyrəndiyi polis əməkdaşı Orxan Hüseynov onu yerlə sürümüşdür. O isə nə üçün aparılmasını soruşsa da, ona heç bir cavab verməmişdir. Sonradan isə polis maşını və bir polis nəfəri gəlmişdir. Ondan sonra o, polis maşınına mindirilmişdir. Ona görə də həmin vaxt səs-küy yaranmış, lakin polis əməkdaşları onu məcburi şəkildə maşına mindirərək polis şöbəsinə aparmışlar. Səbəb olaraq hazırda davam edən cinayət işi üzrə onun şahid qismində dindirilməsi üçün polis şöbəsinə gətirilməsini göstərmişlər. Halbuki, ona işlədiyi kafedə Orxan Hüseynov o barədə heç bir məlumat verməmiş, nə onun ünvanına o barədə bildirişvə yaxud çağırış vərəqəsi gəlməmiş, nə də heç bir polis əməkdaşıonun telefonuna şöbəyə gəlməsi ilə bağlı zəng etməmişdir. Ona görə də o, həmin vaxt heç bir qayda pozuntusu etmədiyinə görə gecə saat 01:30 da getmək istəməmişdir. Hesab edir ki, onun polis şöbəsinə aparılması ilə bağlı polis əməkdaşının tələbi qanuni olmamışdır. Çünki protokolda qeyd olunan səs-küy sözügedən kafedə polis əməkdaşı Orxan Hüseynov gəldikdən və onu qanunsuz olaraq aparan zaman yaranmışdır. Həmin vaxta qədər kafedə heç bir səs-küy olmamışdır. Bütün bu hallar kafedə quraşdırılmış müşahidə kamerasında öz əksini tapmışdır. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-in CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı X1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində Kür çayının kənarında yerləşən Bulvar kafesinin yaxınlığında xidmətdə olan zaman bir nəfər şəxs Bulvar kafesində səs-küy saldığı üçün onu nizam-intizama dəvət etmişlər, həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq qərəzli şəkildə öz əməllərini davam etdirmişdir. Onlar həmin şəxsi polis şöbəsinə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində yerləşən Bulvar kafedə ucadan səs-küy salmış, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 02:15-də müayinə olunmuş, müayinənin nəticəsinə görə o, yüngül dərəcəli sərxoş olmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması, ictimai qaydanı pozması müəyyən olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən edilir ki, Şəxs polis şöbəsinə aparılması ilə bağlı polis əməkdaşının tələbi qanuni və əsaslı olmamışdır. Belə ki, polis işçisi Şəxs hazırda davam edən cinayət işi üzrə onun şahid qismində dindirilməsi üçün polis şöbəsinə aparılmasını əsas gətirsə də, bu barədə əməliyyat tapşırığının həyata keçirilməsini təsdiq edən sənəd müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Bundan başqa, sözügedən kafedə yaranmış səs-küyün səbəbi də məhz bu halla bağlı olmuşdur. Yəni Şəxs Azərbaycan Respublikası İXM-in 510cu maddəsi ilə müəyyən olunmuş xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməmişdir. Hazırki vəziyyətdə isə Şəxs əməlində həmin inzibati xətaların tərkibinin olması iş materialları ilə təkzib olunur. Belə olan halda onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirli olmasına şübhə yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması müəyyən edilmir. Azərbaycan Respublikası İXM-in 510cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər müəyyən edilmir. Şəxs əməlində ona istinad olunan inzibati xətaların tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar