Məhkəmə qərarları › İş №3(051)-818/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-818/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-818/2024 27.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 18 oktyabr 2024-cü il tarixli, 00800-00917/24 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində **********8418 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 4930 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmiş, ixrac əməliyyatları nəticəsində həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilikdə külli miqdarda 949.53 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələr məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsinnümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Şəxs MMC ilə "xxxx" MMC arasında net çəkisi 23.4 kq olan ümumi dəyəri 4680 ABŞ dolları dəyərində nərə kürüsünün ixracı və 250 ABŞ dolları olmaqla, cəmi 4930 ABŞ dolları məbləğində müqavilə imzalanmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, X1 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2024cü il tarixdə alınmış məlumata əsasən, Şəxs MMC Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli **********8418 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 949.53 ABŞ dolları məbləğində vəsaitlərin bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, sözü gedən hesabatda öz əksini tapmamışdır. İnzibati xəta haqqında Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində **********8418 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 4930 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmiş, ixrac əməliyyatları nəticəsində həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilikdə 949.53 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Mingəçevir şəhəri K.Hüseynov küçəsi ev 26A olan Şəxs MMC barəsində AR İXM-nin 483-cü maddəsilə icraat başlanmışdır. xx.xx.2024-cü il tarixli 00800/00828 №li “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardaddan görünür ki, Şəxs MMC barəsində tərtib olunmuş 00800-00917/24 №li protokol baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli 3(003)-2117/2024 saylı Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qərardadına əsasən, inzibati iş baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 10-cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir. 10 fevral 2017-ci il tarixli 1233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ixracda hesablaşmaları tənzimləyən Qaydaların 12-ci bəndinə hesablaşma üsulları ilə bağlı edilmiş dəyişikliklər nəticəsində dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışının yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilməsi kimi irəli sürülən tələblər aradan qaldırılmışdır. Yeni tələblərə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli qərarına əsasən“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Həmin qərarda, həmçinin, göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, MMC-nin nümayəndəsinin iş materiallarında olan və məhkəmə iclasında verdiyi izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən **********8418 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 949.53 ABŞ dolları dəyərində vəsait müvəkkil bankda olan hesaba köçürülməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olan 949.53 ABŞ dolları xarici valyutanın dəyərinin 30% miqdarında, yəni 284.85 ABŞ dolları məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Mingəşevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar