Məhkəmə qərarları › İş №3(051)-834/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-834/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-834/2024 03.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Mingəçevir Şəhər Polis X7 Polisi Bölməsinin inspektoru, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1951-ci il tarixdə Yevlax rayonu, Gülövşə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, Yevlax rayonu, Gülövşə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Mingəçevir Şəhər Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edimiş inzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:15 radələrində Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi ilə D.Əliyeva küçələrinin kəsişməsində 7 saylı tam orta məktəbin yaxınlığında idarə etdiyi “VAZ 21061” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə avtomobili sürücülük hüququ olmadan idarə edərkən X1 idarə etdiyi “Opel Astra” markalı, 99KJ-963 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və X2 maddi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Mingəçevir Şəhər Polis X7 Polisi Bölməsinin inspektoru, polis kapitanı X5 protokolun dəlillərinə uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyini etiraf etdi. Bildirdi ki, onun 73 yaşı var. Ona 70 yaşından sonra hər dəfə bir il olmaqla iki dəfə sürücülük hüququ verilmişdir. Axırıncı dəfə sürücülük hüququnun verilməsi üçün müraciət etsə də ərizəsi təmin edilməmişdir. Hadisə günü işini həll etmək üçün məcbur olub avtomobil idarə etmişdir. Avtomobili idarə edərkən digər avtomobili görmədiyindən və həmin avtomobilin sürəti yuxarı olduğundan onunla toqquşmuş və nəticədə həmin şəxsin avtomobilinə zərər dəymişdir. Sürücülük hüququ olmadığından artıq avtomobili idarə etməyəcəyini bildirdi. Zərərçəkmiş şəxs X3 məhkəməyə ərizə təqdim edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 14:15 radələrində baş vermiş yol nəqliyyat hadisəsində idarə etdiyi “Opel Astra” markalı, 99KJ963 dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Ona dəymiş ziyanı sığorta ödəyəcikdir. Barəsində protokol tərtib edilmiş şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibti xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cц il tarixdə, saat 14:15 radələrində Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi ilə D.Əliyeva küçələrinin kəsişməsində 7 saylı tam orta məktəbin yaxınlığında “VAZ 21061” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən manevr qaydasını pozub və hərəkət edən “Opel Astra” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq toqquşmuşdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 2673 saylı aktdan görünür ki, Şəxs hadisə günü ayıq olmuşdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 2674 saylı aktdan görünür ki, X3 hadisə günü ayıq olmuşdur. “Nəqliyyat vasitəsinin təmirinə dair Smeta”dan görünür ki, X1 idarə etdiyi “Opel Astra” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işləri 2188 manatdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmənin mövqeyi Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı, inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs təqsirini etiraf edərək əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar