Məhkəmə qərarları › İş №3(051)-835/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-835/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-835/2024 17.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin X2, X1, borclu Şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan və Mingəçevir şəhəri Günəşli bağlar massivində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə borclu Şəxs Tərtər Rayon Məhkəməsinin 2(061)-1467/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə cəmi 6282 manat borcun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır və icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Proses iştirakçılarının izahatları: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-1467/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Şəxs 6282 manat pulun X4 xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs borcunu tam ödəməmiş, nəticədə 6282 manat məbləğində borcu yaranmışdır. Ona görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ondan Tərtər Rayon Məhkəməsinin 2(061)-1467/2024 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə 6282 manat pulun X4 xeyrinə tutulması qət edilmişdir. Maddi imkanı olmadığına görə borcu tam ödəyə bilməmişdir. Bundan başqa elə bir əmlakı da yoxdur ki, satıb tələb olunan borcunu ödəsin. Hazırda borcundan 500 manat ödəmiş və qalan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. X1 məhkəməyə ərizə verərək göstərdi ki, borclunun hazırda onun 6282 manat borcu var. Şəxs borcundan 500 manat məbləğində pul ödəmişdir. Qalan 5700 manat borcunu ödəməsinə söz verdiyi üçün onun barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan sübutlar: Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-1467/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Şəxs 6200 manat pul və ödənilmiş dövlət rüsumu kimi 82 manat cəmi 6282 manat pul tutularaq X4 xeyrinə tutulması qət edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixdə borclu Şəxs Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və izahatı alınmışdır. Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs xx.xx.2024-cü il tarixli № 80742/2023/3-10 saylı xəbərdarlıq məktubu göndərilmişdir Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.(...) 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır:114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda;(...) 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb olunur. Məhkəmənin mövqeyi: Tələbkarın və borclunun izahatı, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Tələbkarın və borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar