Məhkəmə qərarları › İş №3(051)-840/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-840/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-840/2024 18.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, ev 35, mənzil 38-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs CHEVROLET MALİBU minik markalı **-YN-*** nömrəli avtomobili xx.xx.2024cü il tarixdə narkotik vasitə istifadə edərək idarə etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 346-1.1 və 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bildi və əlavə olaraq bildirdi ki, protokol tərtib olunduğu və polis tərəfindən saxlandığı saatlarda narkotik vasitədən istifadə etməmişdir. Təxminən bir müddət əvvəl narkotik vasitə istifadə etmişdir. Həkim müayinəsi zamanı verdiyi analizdən müəyyən oldu ki, narkotik maddə olan marixuana istifadə etmişdir. Narkotik istifadə etdiyi üçün pesmandır. Bir daha etməyəcəyinə dair də söz verib. Odur ki, barəsində daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Xüsusi Tağım Baş yol patrul xidmətinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Mingəçevir şəhər polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan görünür ki, Şəxs narkotik vasitə marixuanadan istifadə nəticəsində sərxoşluğu yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar