Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-848/2023 25.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Borclu: Şəxs, Tələbkar: Zərərçəkmiş şəxs, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu Məhərrəmov X4 Şəhər Məhkəməsinin 2(051)-1260/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə 1560 manat borcun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədlərinə münasibətdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və eyni icra sənədini təkrar icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1260/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə xx.xx.2018-ci il təvəllüdlü Murad adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat məbləğində aliment tutulub tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişir. Lakin Şəxs borcunu tam ödəməmiş, nəticədə 1560 manat məbləğində aliment borcu yaranmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-349/2023 saylı qərarı ilə Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətməklə icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Borclu Şəxs iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1260/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan xx.xx.2018-ci il təvəllüdlü Murad adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat məbləğində aliment tutulub tələbkar Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Tələbkarla aralarında olan razılığa əsasən hər ay 50-100 manat məbləğində aliment ödəmişdir. Əvvəllər işləmirdi, yetərli maddi imkanı olmadığı üçün aliment borcunu tam və vaxtında ödəyə bilmədiyindən, nəticədə 1560 manat aliment borcu yaranmışdır. Hazırda işləyir, bu gün də aliment borcundan 50 manat ödəmişdir. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, uşağı saxlamaqdan boyun qaçırmamışdır. Mülkiyyətində də elə bir əmlak yoxdur ki, satıb aliment borcunu ödəsin. Qalan borcunu hər ay hissə-hissə ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs iştirak etdiyi məhkəmə iclası zamanı göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1260/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2018-ci il təvəllüdlü Murad adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat alimenti tutulub ona verilməsi qət edilmişdir. Lakin Şəxs aliment borcunu tam ödəməmiş, ona görə də 1560 manat aliment borcu yaranmışdır. Hazırda da həmin borcdan 50 manat ödəmişdir, qalan borcun hissəhissə ödənilməsi ilə bağlı Şəxsla razılığa gəlmişlər. İş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1260/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs hər ay 100 manat sabit pul məbləğində alimentin xx.xx.2019-cu il tarixdən başlayaraq tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşdə olan xəbərdarlıq və izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(051)-349/2023 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Tələbkar və borclunun izahatı, iş materialları ilə, borclunun 09 aprel 2019-cu ildən hər ay 100 manat olmaqla 2023-cü ilin sentyabr ayı da daxil olmaqla 53 aylıq aliment ödənişi 5300 manat olduğu qənaətinə gəlinir. İnzibati xəta haqqında protokolda 1560 manat aliment borcunun olduğu göstərilir. Borclu hazırki dövrə qədər 3740 manat (5300- 1560=3740) aliment ödəmişdir. Bununla yanaşı tələbkarla razılaşaraq yenidən 50 manat aliment ödənişi etmişdir. Beləliklə, borclunun və tələbkarın izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən təkrarən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu aliment borcundan əvvəllər ödəmiş, hazırda isə mövcud borcundan 50 manat ödəniş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməldə inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-848/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-848/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver