Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-848/2025 26.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X8 izahat verərək bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1411/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə 303,90 manat, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-533/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə 3914 manat və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1603/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 43821,1 manat məbləğində Şəxs borcu yaranmışdır. Qeyd olunan icra vərəqələri üzrə icraat başlanılaraq tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən rəsmi qaydada qəbul edilsə də, icra sənədlərini icra etməmişdir. Şəxs icra sənədlərini icra etmə vəzifəsi və borcları ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(051)-182/2025 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətə inzibati qaydada həbs edilmişdir. Lakin Şəxs borclarını ödəməmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etdi ki, qeyd olunan icra vərəqələri üzrə yaranmış borcunu qəbul edir. Rəsmi iş yerinin olmamasından, maddi vəziyyətinin ağır olmasından, adına hər hansısa danışar və ya daşınmaz əmlak olmadığından borcunu tam olaraq bağlaya bilməyəcəyini, hər ay hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs aliment borcundan 3914 manat ödənilməmiş borcu qalmışdır. Yaranmış aliment borcunu tam tələb etdiyini bildirmiş, əks təqdirdə şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1411/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə 303,90 manat, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-533/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə 3914 manat və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1603/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 43821,10 manat məbləğində Şəxs borcu yaranmışdır. Borclu icra sənədlərinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-533/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, 06 avqust 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat, 24 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment hər ay cavabdeh Şəxs tutularaq, iddiaçı X4 verilməsi, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 14 fevral 2020-ci il tarixdən tutulması və qətnamə alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Borclu Şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-533/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-533/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs xx.xx.2025-ci il tarixdə “cinayət məsuliyyətinə cəlb edilməsi haqqında” xəbərdarlıq məktubu göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1411/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Ağayev Elnur Vahid oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(051)-628/2021 nömrəli qətnaməsi qismən – iddiaçı Ağayev Elnur Vahid oğlunun kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı Ağayev Elnur Vahid oğlunun cavabdeh Şəxs qarşı cavabdehdən çəkisi 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 7824 manat dəyərində Bismak sep və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 4896 manat dəyrində bilərzikdən ibarət qızıl-zinət əşyalarının naturada, mümkün olmadıqda isə onların dəyərinin, həmçinin kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində və dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddiası qismən - onun kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi hissəsində təmin edilmiş, 300 (üç yüz) manat və 3.9 manat dövlət rüsumu cavabdeh Şəxs alınıb iddiaçı Ağayev Elnur Vahid oğluna verilməsi, qətnamə mübahisələndirilən – iddianın təmin olunmamış “cavabdehdən çəkisi 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 7824 manat dəyərində Bismak sep və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 4896 manat dəyərində bilərzikdən ibarət qızıl-zinət əşyalarının naturada, mümkün olmadıqda isə onların dəyərinin” tutulmasına aid qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Borclu Şəxs barəsində Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1411/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1411/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1603/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 43.700 manat məbləğində pul alınıb iddiaçı X6 verilməsi, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilməsi, cavabdeh Şəxs 221,1 manat məbləğində pul alınıb iddiaçı X6 verilməsi qət edilmişdir. Borclu Şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1603/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1603/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-182/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 15 gün müddətinə inzibati həbs edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İş materiallarından, o cümlədən icra məmurunun izahatından görünür ki, icra sənədləri üzrə icraata başlama barədə qərar və tələbin dərhal icrası barədə bildiriş Şəxs tərəfindən qəbul edilməsinə, onun dərhal olaraq qərarda müəyyən edilmiş qaydada borclarını ödəməsi, ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar olunmasına baxmayaraq icra etməmişdir. Məhkəmə iclasında icra məmurunun, barəsində inzibati qaydada icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarı ilə qanunla müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1411/2021 saylı xx.xx.2021-ci il tarixli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-533/2020 saylı xx.xx.2020-ci il tarixli və 2(051)-1603/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqələrinin icrasını təmin etməmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Həmçinin məhkəmə baxışında borcluya yaranmış borclarından ödəniş etməsi üçün vaxt verilsə də, borclu Şəxs heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İcra məmuru tərəfindən Şəxs dəfələrlə borclu olduğu məbləği ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də borcunu ödəməməsi (İXM-in 33.1.1) onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmasını və yüngülləşdirən halların mövcud olmadığını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə qənaətə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 11:30-dan hesablanmalıdır. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 11:30-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-848/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-848/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver