Məhkəmə qərarları › İş №3(051)-849/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-849/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-849/2023 31.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1995-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: xx.xx.2023–cü il tarixdə saat 23:00 radələrində Mingəçevir şəhəri, Z.Əliyeva küçəsində VAZ 2107 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yayları kəsik olması səbəbi ilə saxlanmış, avtomobilin sahibi, sərnişin qismində əyləşmiş Şəxs avtomobilin duracağa yerləşdirilməsinə mane olmuş, YPX əməkdaşlarına kobudluq etmiş, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, VAZ-2107 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobildə dostu ilə Z.Əliyeva prospektindən keçən zaman polis əməkdaşları avtomobili saxla işarəsi göstərmişlər, o da əsəbləşib avtomobildən düşərək, polis əməkdaşlarına yaxınlaşıb kobud şəkildə avtomobili niyə saxladıqlarını soruşanda aralarında anlaşılmazlıq yaranmışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etmişlər. Lakin onların qanuni tələbinə tabe olmamışdır. Polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin DYPB-nin YPX inspektoru X1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Mingəçevir şəhəri, Z.Əliyeva prospektində xidmətdə olarkən VAZ 2107 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yaylarının kəsik olması şübhəsi səbəbi ilə saxlanılmışdır. Həmin avtomobildə sərnişin qismində əyləşmiş, sonradan adı onlara məlum olan Şəxs onlara yaxınlaşaraq avtomobilin ona məxsus olduğunu və spirtli içki qəbul etdiyi üçün dostunun avtomobili idarə etməsini xahiş etdiyini bildirmişdir. Onlar Şəxs avtomobilin arxa yaylarının standartlara uyğun olmadığını, təhlükəsiz şəhər xidməti operatorunun avtomobillə bağlı raportunun olduğunu və maşının duracağa yerləşdirilməsinin vacib olduğunu bildirmişdir. Şəxs isə onlarla mübahisə yaratmağa başlamış və xidməti fəaliyyətlərinə mane olmuşdur. Onlar Şəxs nizam-intizama dəvət etsələr də, o, öz hərəkətlərini qərəzli şəkildə davam etdirmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onlar müvafiq olaraq radiostansiya vasitəsilə PPXB-nin əməkdaşlarını köməyə çağırmışlar. Həmin şəxsi PPXB-nin əməkdaşlarının köməkliyi ilə Mingəçevir şəhər Polis Şöbəsinə gətirmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 da X1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023–cü il tarixdə saat 23:00 radələrində Mingəçevir şəhəri, Z.Əliyeva küçəsində VAZ 2107 markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yayları kəsik olması səbəbi ilə saxlanmış, avtomobilin sahibi, sərnişin qismində əyləşmiş, Şəxs avtomobilin duracağa yerləşdirilməsinə mane olmuş, YPX əməkdaşlarına kobudluq etmiş, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs inzibati xəta törədən zaman yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023–cü il tarixdə saat 23:00 radələrində Mingəçevir şəhəri, Z.Əliyeva küçəsində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən, sərxoş vəziyyətdə olması isə məsuliyyətini ağırlaşdıran haldır. Belə ki, AR İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu, təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar