Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-854/2023 21.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, Şikayət verən şəxs X9, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X5 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv olunması və həmin iş üzrə başlanılmış icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv olunması və həmin iş üzrə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Mingəçevir şəhəri Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsində biriqadir vəzifəsində işləyir. Ona bir neçə gün əvvəl məlum olmuşdur ki, o 2000 manat cərimə olunmuşdur. Həmin protokoldan və qərardan xəbəri olmamışdır. Belə ki, Mingəçevir şəhər Yaşıllaşdırma və sanitar Təmizlik idarəsində işdə olan vaxt vətəndaşın yazılı şəkildə müraciəti əsasında o, 1 ədəd ağacı budamışdır. Sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları sözügedən ağacı budama yox, ağacı kəsmə kimi qeyd etmişlər. O, öz öhdəsinə düşən qaydada vəzifəsini icra edərək, ağacları budamışdır. Heç bir pozuntu etməmiş və ağacın normal inkişafı davam edir. Onun maddi imkanı yoxdur, Ağdam rayonundan məcburi köçkündür və bütün ailə üzvləri onun himayəsindədir. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv olunması və həmin iş üzrə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında özünü inzibat xəta törətməkdə təqsirli bilərək göstərdi ki, əməlini ehtiyatsızlıqdan törətmişdir. Belə ki, idarəyə vətəndaşın ağacın budanması barədə ərizəsi daxil olmuşdur. Budanma ona həvalə edilmişdir. O, ağacı budamaq əvəzinə səhvən gövdəsindən kəsmişdir. Ağacı gövdəsindən kəsməyinə səbəb ağacın qaz boru xəttinin üzərinə düşməsi olmuşdur. Hərəkətinin belə nəticələnəcəyini bilsəydi, ağacı kəsməzdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X10 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirdi ki, X7 ağaca aqrotexniki qulluq göstərmək və budanma işləri həvalə edilsə də o, öz təşəbbüsü ilə ağacı gövdə hissədən 2-3 metr hündürlükdən tamamilə kəsmişdir. Eldar Şamı ağacı belə kəsildiyi halda artıq inkişaf etmir və məhv olur. Bununla yanaşı əgər ağac təhlükə törədirdisə bununla bağlı müvafiq olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəsmi rəy alınmalı idi. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 oktyabr 2023-cü il tarixli 81589 nömrəli Akt əsasında yaşıllıqlara dəymiş ziyanın hesablanması ilə bağlı cədvəldən görünür ki, 1 ədəd kök üstə yaş halda eldar şamı cinsinə aid ağac üçün 850 manat məbləğində təbiətə dəymiş ziyan hesablanmışdır. Həmin Akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, 1 ədəd ağac kəsilərək məhv etmişdir. İş materiallarında olan 04 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X9 tərəfindən ünvan 1 ünvanında diametri 49 sam olan 1 ədəd eldar şamı ağacı qanunsuz kəsilərək məhv edilmişdir. xx.xx.2023-cü il tarixli MN ******* №li qərardan görünür ki, X2 şəhəri M.F.Axundov küçəsi 4 ünvanında olan 49 sm olan 1 ədəd meşə fonduna daxil olmayan eldar şamı cinsinə aid ağacı qanunsuz olaraq kəsmişdir. Buna görə də X9 barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; İnzibati xəta hadisəsinin olması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 253-cü maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddənin Qeydinə əsasən bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 81589 nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında 1 ədəd ağacı qanunsuz kəsilərək məhv edilməsinə dair məzmunlu müraciətdə qeyd olunanlar şikayətçinin iştirakı ilə tərəflərindən yerində araşdırılmışdır. Sözügedən əraziyə baxış keçirilən zaman meşə fonduna daxil olmayan, diametri 49 sm olan 1 ədəd kök üstə yaş halda eldar şamı cinsinə aid ağacı kəsilərək məhv edildiyi müəyyən edilmişdir. Bunu təsdiq edən fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Dəymiş ziyanın məbləği 850 manat müəyyən edilmişdir. Beləliklə, 1 ədəd ağacın kəsilməsi faktının müəyyən edilməsini, dəymiş ziyanın ümumi məbləğinin 850 manat olmasını, eləcə də yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi, yəni inzibati xəta hadisəsi baş vermişdir. Araşdırma zamanı məlum oldu ki, X8 şəhəri Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsində biriqadir vəzifəsində işləyir və ona vətəndaşın müraciəti əsasında sözügedən ağacı aqrotexniki qulluq və budama işləri görmək üçün tapşırıq verilmiş, lakin C.Əliyev öz təşəbbüsü ilə ağacı gövdə hissəsindən 2-3 metr hündürlükdən tamamilə kəsərək məhv etmişdir. Nəticədə o, “Yaşıllıqların Mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cu maddəsinin və Yaşıllıqların götürülməsi qaydasının təsdiq edilməsi ilə bağlı Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 321 saylı qərarının tələblərini pozmuşdur. Ona görə də C.Əliyev barəsində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli MN ******* №li protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən ünvan 2 ünvanında meşə fonduna daxil olmayan, diametri 49 sm olan 1 ədəd kök üstə yaş halda eldar şamı cinsinə aid ağacı qanunsuz kəsilərək məhv edilməsi ilə bağlı Azərbaycan Respublikası İXM-nin 253.2ci maddəsində nəzərdə tutulmuş 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Ətraf mühitin qorunması qaydalarına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Yuxarıda göstərilənlərə əsasən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2023-cü il tarixli, MN ******* №li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* №li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-854/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-854/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver