Məhkəmə qərarları › İş №3(051)-854/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-854/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-854/2024 18.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayeva Aynurə Nizami qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24778712 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 xx.xx.2024-cü il tarixli EQ 24778712 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1975-ci ildə anadan olmuşdur. 10US621 dövlət qeydiyyat nişanlı «BMW 528 Minik” markalı avtomobili etibarnamə əsasında idarə etmişdir. Barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0. -ci maddəsi ilə EQ24778712 elektron protokol və onun əsasında qərar tərtib edilmişdir. Sözügedən protokol və onun əsasında tərtib edilmiş olan qərar tam qanunsuz və əsassızdır. Belə, ki, nə protokol nə də qərar İXMnin tələblərinə riayət etməklə tərtib edilməmişdir. Sözügedən qərarı gözdən keçirərkən görmək olar ki, qərarın nömrəsi yoxdur. Qərardan əvvəl protokol tərtib edilməli və o, protokolla razılaşmadığı halda yuxarı inspektor tərəfindən qiymət verilməlidir. Lakin onun xəbəri olmadan və DYP-nin mərkəzi informasiya sisteminə inteqrasiya olunmamış Təhlükəsiz Şəhər kameraları vasitəsi ilə- protokol və qərar yazılmışdır. Yuxarıda qeyd etdiyi hallara əlavə olaraq Tş kameraları inzibati xətanın aşkarlanması üçün deyil adından da göründüyü kimi şəhər ərazisində və yollarda cinayətkarlığın qarşısının alınması və şəhərə o cümlədən yollara nəzarət üçün nəzərdə tutulmuşdur, inzibati Xətaların aşkarlanması üçün nəzərdə tutulmuş kameralar isə xüsusi ölçmə və qeydə alınma imkanlarına malik olmaqla fərqli kameralardır.Ona elektron formada göndərilən '‘pozuntuda" kameralardan çəkilmə şəkil olsada video görüntü göndərilməyib.Foto şəkillərdən də görsəndiyi kimi o, piyadaya yol verməyinə baxmayaraq o hərəkətə başlamayıb ,avtomobili tam dayandırmağına baxmayaraq yenə piyada keçidinin üstünlüyündən istifadə etmək istəməyib. Video görüntülər də məhz bu səbəbdən ona göndərilməyib. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24778712 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs ərizəsinə uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, piyada keçidinə yaxınlaşdığı zaman xeyli müddət piyadanı gözləmişdir ki, o piyada keçidilə hərəkət etsin. Lakin piyada hərəkət etməmiş, onun da daha çox gözləməyə zamanı olmadığından öz hərəkətini davam etdirmişdir. Qeyd olunanlara əsasən qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli EQ 24778712 nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməmə) törətdiyinə görə, onun barəsində 50 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, piyada keçidə daxil olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 330.0. Sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni: 330.0.1. nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya; 330.0.2. yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Qeyd: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 54. Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması I. Nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. II. Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. Məhkəmənin mövqeyi: İş materiallarına əlavə edilmiş fotoşəkildən və şikayət verən şəxsin izahatından aydın olur ki, Bakı-Qazax yolunun 300 kilometrliyində piyada keçidində piyada olmuşdur. Şəxsin izahatına görə o, piyadanı, piyada keçidini keçməsi üçün gözləmiş, lakin piyada hərərkət etmədiyindən və o, piyadanın hərəkətini davam etdirməyəcəyini yəqin etdikdən sonra avtomobilin hərəkətini davam etdirmişdir. Halbuki qanunda göstərildiyi kimi bu zaman sürücü hərəkətə başladığı halda hərəkət yolu ilə hərəkətdə olan zaman piyadaya yol verməli idi. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqan haqlı olaraq X2 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24778712 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALİR: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24778712 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar