Məhkəmə qərarları › İş №3(051)-857/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-857/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-857/2024 05.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində xx.xx.2024-cü il tarixdə saat 12:55-də VAZ 21144 minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitə olan marixuanadan istifadə etməsi nəticəsində təkrar sərxoş vəziyyətdə idarə etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bildi və izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə VAZ 21144 minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol polisi tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu narkoloji dispenserə dəvət etmişlər. Müayinə olunmuş və narkotik vasitə olan marixuanadan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olduğu aşkar edilmişdir. Belə ki, narkotik vasitə olan marixuanadan bir neçə gün əvvəl istifadə etmişdir. Hazırda əməlindən peşmandır və məhkəmədən göstərilənləri nəzərə alaraq qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:55-də VAZ 21144 minik markalı **- CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs AR İXM-in 329.1-ci, 342.5-ci, 342.2.3-cü və 333-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:45-də TOYOTA PRİUS (HİBRİD) minik markalı **-HE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs AR İXM-in 329.3-cü və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:45-də TOYOTA PRİUS (HİBRİD) minik markalı **-HE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Şəxs AR İXM-in 329.3-cü və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə, barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs narkotik vasitə olan marixuanadan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olmuşdur. İşə əlavə edilmiş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, VAZ 21144 minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:55-də VAZ 21144 minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitə olan marixuanadan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı təkrar törətmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsinin tərkibi vardır. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar