Məhkəmə qərarları › İş №3(051)-859/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-859/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-859/2024 16.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2, borclu Şəxs iştirakı ilə xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-198/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 4160 manat aliment borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədlərinə münasibətdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və eyni icra sənədini təkrar icra etməmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-198/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə xx.xx.2008-ci il təvəllüdlü İbrahim və xx.xx.2010-cu il təvəllüdlü Ayan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulub tələbkar X1 verilməsi qət edilmişir. Lakin Şəxs borcunu tam ödəməmiş, nəticədə 4160 manat məbləğində aliment borcu yaranmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-617/2024 saylı qərarı ilə Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətməklə icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Borclu Şəxs iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-198/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ondan xx.xx.2008-ci il təvəllüdlü İbrahim və xx.xx.2010-cü il təvəllüdlü Ayan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulub tələbkar X1 verilməsi qət edilmişdir. Tələbkarla aralarında olan razılığa əsasən hər ay 50-100 manat məbləğində aliment ödəmişdir. Əvvəllər işləmirdi, yetərli maddi imkanı olmadığı üçün aliment borcunu tam və vaxtında ödəyə bilmədiyindən, nəticədə 4160 manat aliment borcu yaranmışdır. Hazırda işləyir, bu gün də aliment borcundan 150 manat ödəmişdir. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, uşaqları saxlamaqdan boyun qaçırmamışdır. Mülkiyyətində də elə bir əmlak yoxdur ki, satıb aliment borcunu ödəsin. Qalan borcunu hər ay 150-300 manat məbləğində olmaqla ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tələbkar X1 məlumat verilmiş, lakin o məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə göndərərək göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-198/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2008-ci il təvəllüdlü İbrahim və xx.xx.2010-cü il təvəllüdlü Ayan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Lakin Şəxs aliment borcunu tam ödəməmiş, ona görə də 4160 manat aliment borcu yaranmışdır. Hazırda da həmin borcdan 150 manat ödəmişdir, qalan borcun hissə-hissə ödənilməsi ilə bağlı Şəxsla razılığa gəlmişlər. İş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan sübutlar: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-198/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2008-ci il təvəllüdlü İbrahim və xx.xx.2010-cü il təvəllüdlü Ayan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulub tələbkar X1 verilməsi qət edilmişdir. İşdə olan xəbərdarlıq və izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-617/2024 saylı qərarı ilə Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, iş materiallarından və məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarından görünür ki, borclunun xx.xx.2023-cü ildən hər ay cəmi 320 manat olmaqla 2024-cü ilin noyabr ayı da daxil olmaqla 13 aylıq aliment ödənişi 4160 manat olduğu qənaətinə gəlinir. İnzibati xəta haqqında protokolda 4160 manat aliment borcunun olduğu göstərilir. Borclu hazırki dövrə qədər 150 manat (4160-150=4010) aliment ödəmişdir. Bununla yanaşı tələbkarla razılaşaraq hər ay 200-300 manat məbləğində aliment borcundan ödəniş etməsini bildirmişdir. Beləliklə, borclunun və tələbkarın izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən təkrarən tabe olmaması müəyyən olunmur. Məhkəmə iclasında icra məmuru Şəxs adına hər hansı daşınar və ya daşnmaz əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs özü də maddi imkanının borc məbləğini tam ödəməyə imkan vermədiyini, hər ay müəyyən məbləğdə ödənişin etdiyini bildirmişdir. Beləliklə, borclunun və tələbkarın izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən təkrarən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu aliment borcundan əvvəllər ödəmiş, hazırda isə mövcud borcundan 150 manat ödəniş etmişdir. Eyni zamanda zərəçəkmiş şəxs məhkəməyə ərizə verərək borcun hissə-hissə ödənilməsi ilə bağlı Şəxsla razılığa gəldiyini qeyd etmişdir Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun heç bir əmlakı olmamaqla rəsmi iş yerinin olmaması və əmək haqqı almaması səbəbilə birdəfəyə ödəyə bilməməsi onun məhz üzürlü səbəblərdən icra sənədini tam icra edə bilməməsinə dəlalət edən hallardır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs borcu ödəməkdən yayınmaması və tam ödəməməsinin üzrsüz səbəblərlə bağlı olmamasının müəyyən edilməsi nəzərə alınmaqla yuxarıda göstərilənlərə əsasən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi andan 10 gün müddətinə işə baxan Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar