Məhkəmə qərarları › İş №3(051)-875/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-875/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-875/2024 17.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir Şəhər Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Özbəkistan Respublkası, Daşkənd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan,Ağdaş rayon Dəhnəxəlil kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, ünvan 3 ünvanında yaşayan arvadı X4, yaşadığı ünvanda döymüş və bununla da AR İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Mingəçevir şəhər polis şöbəsinin sahə rəisi, polis leytenantı X6 inzibati xəta haqqında protokolunn məzmununa uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü o, arvadı Veysəlova Əsmanur ilə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadının onun üzərinə qışqırdığı zaman qarşısını almaq məqsədilə onun ağzını əli ilə tutduğunu bildirmişdir.O, arvadını vurmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, hadisə günü yaşadıqları evdə əri Şəxs ilə onu başqa qadınla müqayisə etdiyi üçün aralarında mübahisə yaranmışdır. Daha sonra əri onun boğaz nahiyəsindən sıxaraq boğmağa çalışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində AR İXM-nin 157 maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tədbir görülməsi üçün qərarın icrasının Mingəçevir Şəhər Polis Şöbəsinə həvalə edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyi” X10 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 598 saylı rəyindən görünür ki, X2 boynunda sıyrıq və qançırlar küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, ünvan 3 ünvanında yaşayan arvadı X4 döyməklə AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157 maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X1 döyülməsi və bununla da, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyi” X10 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 598 saylı rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsi vurmadığını göstərsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal olaraq 2-ci qrup əlil olduğu müəyyən edilmişdir.Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə AR İXM-nin 157-ci maddəsinə münasibətdə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar