Məhkəmə qərarları › İş №3(051)-88/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-88/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-88/2022 31.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1978-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, sahibkarlıq fəaliyyəti ilə məşgul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM–in 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-644/2021 saylı 05.08.2021-ci il tarixli qərarını qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-644/2021 saylı 05.08.2021-ci il tarixli qərarına əsasən Şəxs oğlu AR İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Şəxs oğlu ona tətbiq edilən cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarını qanuni qüvvəyə mindiyi gündən qanunla müəyyən edilmiş müddətdə və əsaslar olmadan icra etməmişdir. Borcluya bir neçə dəfə tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə qərarını icra etməmişdir. Borclu hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, onun heç bir maddi gəliri və tələbin yönəldilə biləcəyi əmlakı yoxdur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, həqiqətən Mingəçevir Şəhər Məhkəməsinin 3(051)- 644/2021 saylı 05.08.2021-ci il tarixli qərarına əsasən AR İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, onun heç bir maddi gəliri və əmlakı yoxdur. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-644/2021 saylı 05.08.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs oğlu AR İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan 31.01.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-644/2021 saylı 05.08.2021-ci il tarixli icra sənədi üzrə yaranmış 4000 manat cərimə borcunu ödəməmişdir. İşdə olan Muğanbank ASC tərəfindən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş 10.01.2022-ci il tarixli MİN/003 saylı məktubdan görünür ki, borclu Şəxs oğlunun Muğanbank ASC-nin Mingəçevir filialında cari hesabı mövcuddur və hesabın qalığı sıfıra bərabərdir. İşdə olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən 29.12.2021-ci il tarixli aktdan görünür ki, Şəxs oğlunun fəaliyyət göstərdiyi Samux kafesində qanunla tələbin üzərinə yönəldilə biləcəyi əmlakı aşkar edilməmişdir. İşdə olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən 22.12.2021-ci il tarixli aktdan görünür ki, Şəxs oğlunun yaşadığı ünvan 1 ünvanında qanunla tələbin üzərinə yönəldilə biləcəyi əmlakı aşkar edilməmişdir. İşdə olan vergi məlumatları barədə 31.01.2022-ci il tarixli elektron sorğudan görünür ki, Şəxs oğlu sahibkarlıq fəaliyyəti ilə məşguldur. Hazırda onun adına olan **********- 27003 nömrəli VÖEN-i aktivdir. Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi borclunun inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə şərtləndirilmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs oğlunun əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Belə ki, İşdə olan vergi məlumatları barədə 31.01.2022-ci il tarixli elektron sorğudan görünür ki, Şəxs oğlu vergi ödəyicisi olmaqla sahibkarlıq fəaliyyəti ilə məşguldur. Bu hal isə borclunun inzibati tənbehə- yönəldilə bilən həcmdə gəlirlərinin olduğunu ehtimal etməyə əsas verir. AR İXM-nin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 150.10-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, icra məmuru tərəfindən borclunun inzibati tənbehə yönəldilə bilən həcmdə gəlirlərinin olub-olmaması tam olaraq müəyyən edilmədən, onun barəsində AR İXM-nin 529.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Halbuki, icra məmuru məcburi icra tədbirlərini davam etdirilməli olduğu halda, borclu barəsində AR İXM-nin 529.2-ci maddəsi ilə protokol tərtib etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs oğlunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar