Məhkəmə qərarları › İş №3(051)-880/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-880/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-880/2021 10.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X2, İcra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştiraki ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Bərdə rayon məhkəməsinin 2(021)-640/2020 №li 21.08.2020-ci il tarixli icra sənədi üzrə yaranmış 1472 manat aliment borcunu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Bərdə rayon məhkəməsinin 2(021)-640/2020 №li 21.08.2020-ci il tarixli icra sənədinə əsasən ondan 02.03.2008-ci il təvəllüdlü Şəbnəm, 29.01.2010-cu il təvəllüdlü Emil adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat məbləğində aliment tutulub tələbkar X3 verilməlidir. Əvvəllər Mənzil Kommunal Təsərrüfatı Kombinatında fəhlə işləyirdi. Alimenti də əmək haqqından ödəyirdi. Son vaxtlar səhhəti ilə, ağ ciyərində yaranmış problemlə bağlı işləyə bilmədiyinə görə işdən çıxarılmışdır. Ona görə maddi imkanı olmamış və aliment borcunu vaxtında ödəyə bilməmiş, nəticədə aliment borcu yaranmışdır. Bu gün aliment borcundan valideynlərinin və qohumlarının köməyi ilə bir hissəsini, 300 manat ödəmişdir. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, uşaqlarını saxlamaqdan boyun qaçırmamışdır. Maddi imkanı olmadığına görə alimenti ödəyə bilməmişdir. Mülkiyyətində də elə bir əmlak yoxdur ki, satıb aliment borcunu ödəsin. Hazırda səhhəti ilə bağlı müalicə olunur. Müalicəsi qurtardıqdan sonra iş tapıb, aliment borcunu ödəyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs X3 məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Hesab edirəm ki, işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkündür. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X1 məhkəmə iclasında bildirdi ki, Bərdə rayon məhkəməsinin 2(021)-640/2020 №li 21.08.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 02.03.2008-ci il təvəllüdlü Şəbnəm, 29.01.2010-cu il təvəllüdlü Emil adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat məbləğində alimentin tutulub tələbkar X3 verilməlidir. Şəxs alimenti tam ödəmədiyi üçün onun 1472 manat aliment borcu yaranmışdır. Hazırda Şəxs həmin borcdan 300 manat ödəniş etmişdir. Şəxs hazırda işləmir, ya da elə bir əmlakı yoxdur ki, alimentin tutulması əmək haqqına və ya əmlakına yönəldilsin. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Müəyyən edildi ki, Şəxs borcunu maddi imkanı olmadığına görə tam ödəyə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində 1472 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs 1472 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar