Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-889/2025 15.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Şikayətçi: X2 vəkili Vəkil ilə, X2 Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X3 tərəfindən İnzibati Xəta haqqında 27 oktyabr 2025-ci il MN № ******* nömrəli qərarından şikayətinə baxaraq, məhkəmə Müəyyənetdi: X4 Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini X3 tərəfindən 27 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X4 şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 27 oktyabr 2025-ci ii tarixli, MN ******* nömrəli qərarı ilə o AR İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən 5000 (beş min) manat cərimə olunmuşdur. Sözügedən qərar ona bir neçə gün əvvəl, yəni xx.xx.2025-ci il tarixdə Şuşa rayon İcra və probasiya şöbəsindən verilmiş və ona həmin gün məlumat verilmişdir. Həmin günə kimi ona qərar barədə heç bir məlumat verilməmişdir. İnzibati xəta haqqında qərar belə əsaslandırılmışdır ki, guya o AR Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025ci il tarixli akta əsasən, xx.xx.2025-ci il tarixdə saat 17:10-da ünvan 1 ünvanda fəaliyyət göstərən fərdi sahibkar X2 lisenziya olmadan özəl praktik tibb fəaliyyəti ilə məşğul olması (kosmetoloji, lazer epilyasiya) faktı plandankənar yoxlama zamanı aşkarlanmışdır. Qeyd edir ki, AR Səhiyyə Nazirliyi lazımi araşdırma aparmadan və işin hallarını hərtərəfli araşdırmadan əsassız qərar tərtib etmişdir. Qeyd etdikləri sözügedən qərarın əsassız və ləğv edilməli olduğunu təsdiq edir. İnzibati orqan öz qərarında özəl tibbi fəaliyyətlə məşğul olmaqla qanun pozuntusunu yol verildiyini göstərsə də, lazer epilyasiyanın tibbi xidmət hesab olunub-olunmamasını müəyyən etməmişdir. Lazer epilyasiyası (depilyasiya) xidmətini təkcə kosmetoloqlar göstərmir. Bu xidməti lazer epilyasiya və depilyasiya mütəxəssisi də göstərir. Özü də lazer epilyasiya və depilyasiya mütəxəssisinin ayrıca peşə standartı da təsdiq edilmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 dekabr 2022-ci il tarixli, **********9 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş "‘Lazer epilyasiya və depilyasiya mütəxəssisi” peşə standartında lazer epilyasiya və depilyasiya mütəxəssisinin lazer epilyasiyası (depilyasiya) xidməti göstərmək hüququ nəzərdə tutulub. Peşə standartında kosmetoloqdan fərqli olaraq lazer epilyasiya və depilyasiya mütəxəssisinin tibb təhsilinin olması və müvafiq diploma malik olması tələb edilmir. Onun yalnız lazer-epilyasiya kursunda iştirak etməsi və müvafiq sertifikata sahib olması tələbi nəzərdə tutulub. Bu isə tibb fəaliyyəti sayılmadığına görə həmin xidmətin lisenziyalaşdırılması da tələb olunmur. Bununla yanaşı “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli Qərarında da lazer epilyasiya ixtisası "bərbərlik” ixtisas qrupuna daxil olduğu göstərilmişdir. İş üzrə verilmiş şikayətinə əlavə etdiyi “X10”un verdiyi arayışdan da görünür ki, sözügedən lazer cihazı kosmetoloji xidmət üçün deyil, yəni tibbi avadanlıq qrupuna aid deyildir. Odur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5000 (beş min) manat məbləğində cərimə tətbiq edilməsi haqqında 27 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X1 vəkili Vəkil məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə barəsində qərar qəbul edilmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti, inzibati xəta haqqında qərarı və əlavə edilmiş sənədləri, inzibati xəta törətmiş şəxsin nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan 27 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında “M Studio” adlı obyektdə (fiziki şəxs) X4 tərəfindən lisenziya olmadan özəl tibbi fəaliyyət (kosmetoloji-lazer epilyasiyası) göstərilməsi faktı aşkar olunmuşdur. İşdə olan 28 noyabr 2025-ci il tarixli “X10” MMC tərəfindən verilmiş arayışın surətindən görünür ki, X4 (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA3194783; FİN:4KV8ENY) həqiqətən də 06 aprel 2023-cü il tarixində “X10” MMC-dən FQ A 20-4 LAZER CİHAZİ əldə etmişdir. Qanunvericiliyə əsasən adı çəkilən cihazın ölkəyə idxalı üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən xüsusi icazə sənədi tələb edilmir. İşdə olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şuşa rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X6 xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 27 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, İXM-in 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma inzibati xəta tərkibi yaradır. İş materiallarından göründüyü kimi X4 lazer epilyasiya fəaliyyəti ilə məşğuldur. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin” siyahısından görünür ki, Özəl tibb fəaliyyəti göstərilən xidmətlər və Özəl tibb fəaliyyəti göstərilən xidmətlərə uyğun görülən işlərin siyahısında lazer epilyasiya fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanın alınmasına dair hər hansı bənd yoxdur və ya hər hansı qeyd göstərilməmişdir. Həmin Qərarın 2.13.2-ci bəndində kosmetoloji fəaliyyətlə məşğul olmaq üçün müvafiq lisenziyanın tələb olunduğu göstərilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin göstərdiyi Lazer Epilyasiya xidmətinin həmin fəaliyyət növünə aid olduğu əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X2 şikayəti qismən təmin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinib 5000 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini X3 tərəfindən 27 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini X3 tərəfindən 27 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-889/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-889/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver