Məhkəmə qərarları › İş №3(051)-896/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-896/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-896/2023 27.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxslər X1 və X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1980-ci il tarixdə Samux rayonu Qarayeri qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər sakini X2 aldadaraq, avtomobil satacağı vədi ilə 300 manat pulu öz bank hesabına köçürtdürərək dələduzluq yolu ilə talamışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə “Tap.az” saytında avtomobil satacağı vədi ilə X5 aldadaraq, 300 manat pulu öz hesabına köçürtdürərək dələduzluq yolu ilə talamışdır. Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında göstərdi ki, 2023-cü ilin avqust ayında “Turbo.az” saytına Opel markalı avtomobilin satışı məqsədilə elan yerləşdirmişdir. X3 ilə həmin avtomobili 3600 manat müqabilində satmaq üçün sayt vasitəsilə tanış olmuşdur. Həmin şəxsin etibarını qazandıqdan sonra xx.xx.2023-cü il tarixdə istifadəsində olan 4098-5844-6529-0169 nömrəli LEO Bank kartına 300 manat beh köçürtdürdükdən sonra həmin şəxslə bir daha əlaqə saxlamamışdır. Həmin ilin avqust ayında “Tap.az” saytına da satış məqsədilə avtomobil elanı yerləşdirmişdir. X7 ilə avtomobili ona satmaq üçün sayt vasitəsilə tanış olmuşdur. Həmin şəxsin etibarını qazandıqdan sonra xx.xx.2023-cü il tarixdə istifadəsində olan Bank kartına 300 manat beh köçürtdürdükdən sonra həmin şəxslə bir daha əlaqə saxlamamışdır. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyəcəkdir. Odur ki, məhkəmədən ona həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində “Turbo.az” saytında satılması üçün elan verilmiş maşın elanlarına baxan zaman qarşısına Opel Vectra markalı avtomobil çıxmışdır. Həmin elanın altında yazılmış ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış, bu zaman naməlum şəxslə danışarkən həmin şəxsdən sözügedən maşını 3600 manat pul qarşılığında almaq üçün razılaşmışdır. Bundan sonra həmin naməlum şəxs ondan beh kimi 300 manat istədiyi üçün o da mobil telefon vasitəsilə onlayn şəkildə Şəxs adına olan 4098-5844-6529-0169 nömrəli kart hesabına 300 manat pul göndərmişdir. Lakin bundan sonra həmin şəxslə əlaqə saxlamaq istəsə də, bu mümkün olmamışdır. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə Mingəçevir ŞPŞ-yə bu barədə məlumat vermişdir. Bununla belə Şəxs hadisədən sonra dəymiş ziyanı ödəməmişdir və ondan şikayətçidir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində “Tap.az” saytında satılması üçün elan verilmiş maşın elanlarına baxan zaman qarşısına ağ rəngli, Vaz 2107 markalı avtomobil çıxmışdır. Həmin elanın altında yazılmış ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayan zaman özünü Məhərrəm Muradov kimi təqdim edən şəxslə danışarkən həmin şəxsdən sözügedən maşını 5000 manat pul qarşılığında almaq üçün razılaşmışdır. Bundan sonra özünü Məhərrəm Muradov kimi təqdim edən şəxs ondan beh kimi 300 manat istədiyi üçün o, xx.xx.2023-cü il tarixdə saat 15:57-də Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən “Qədiroğlu” marketdə olan eManat ödəmə aparatı vasitəsilə özünü Məhərrəm Muradov kimi təqdim edən şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin hesabına 300 manat pul göndərmişdir. Lakin bundan sonra o, özünü Məhərrəm Muradov kimi təqdim edən şəxslə əlaqə saxlamaq istəsə də, bu mümkün olmamışdır. Bu səbəbə görə o, xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə və Mingəçevir ŞPŞ-yə bu barədə məlumat vermişdir. Bununla belə Şəxs hadisədən sonra dəymiş ziyanı ödəməmişdir və ondan şikayətçidir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X1, X4 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:10-da inzibati qaydada tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, zərəçəkmiş şəxslərin ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər sakini X2 və xx.xx.2023-cü il tarixdə X5 “Tap.az” saytında avtomobil satacağı vədi ilə aldadaraq, hər ikisinin 300 manat pulunu öz hesabına köçürdürüb dələduzluq yolu ilə talamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 34.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Həmin Qərarın 3-c bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, xətanın xarakterini, dəymiş ziyanın ödənilməməsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 24 (iyirmi dörd) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 26 noyabr 2023-cü il tarixdən saat 21:10-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar