Məhkəmə qərarları › İş №3(051)-9/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-9/2022

15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-9/2022 15.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X10 oğlunun İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, 16 sentyabr 2011-ci il təvəllüdlü X2, 09 may 2013-cü il təvəllüdlü X4 və 28 may 2014-cü il təvəllüdlü X1 üçün Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan tutulmalı olan alimentin verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da 1440 manat məbləğində aliment borcunu ödəməkdən yayınmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli icra sənədi ilə cavabdeh Şəxs 16 sentyabr 2011-ci il təvəllüdlü X2, 09 may 2013-cü il təvəllüdlü X4 və 28 may 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu aliment borcunu ödəməmişdir. Şəxs hazırki vaxta olan aliment borcu 2520 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Bakı şəhər Nizami Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli 2(007)-3459/2021-ci il tarixli qətnaməsi ilə ondan 16 sentyabr 2011-ci il təvəllüdlü X2, 09 may 2013-cü il təvəllüdlü X4 və 28 may 2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Lakin maddi imkanı olmadığından borcunu birdəfəyə ödəməyə imkanı olmamışdır. Ona görə də aliment borcu yığılmışdır. Belə ki, maddi cəhətdən çətinlik çəkir. Heç yanda işləmir. Eləcə də, o, uşaqların tələbkardan alınmasına dair məhkəmədə uşaq tələbinə dair iddia qaldırmışdır. Hazırda həmin mülki işə baxılıb yekun məhkəmə aktı çıxarılmamışdır. Hesab edir ki, müvəqqəti təminat tədbiri kimi təyin edilmiş məhkəmə qərardadı əsasında təyin edilmiş alimenti ödəməyə borcludur. Hazırda əməlindən peşmandır. Lakin onun sabit qazancı və rəsmi işi olmadığına görə aliment borcundan ödəniş edə bilmir. Bununla belə o, qısa müddət ərzində borcunu tam şəkildə ödəyəcəkdir. Odur ki, məhkəmədən qərar qəbul edərkən izahatında göstərdiyi diqqətəlayiq halları nəzərə almağı xahiş edir. İşdə olan Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək cavabdeh Şəxs 16 sentyabr 2011-ci il təvəllüdlü X2, 09 may 2013-cü il təvəllüdlü X4 və 28 may 2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İşdə olan 30.08.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan 06.08.2021-ci il tarixli 2(007)-3459/2021 saylı icra sənədləri üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. İşdə olan 22.09.2021-ci il tarixli və 27.10.2021-ci il tarixli izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan 14.09.2021-ci il tarixli inzibati xəbərdarlığın surətindən görünür ki, Şəxs borcu olduğu məbləğ xatırladılaraq, həmin məbləğin 10 gün ərzində ödənilərək qəbzin surətinin Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə təqdim edilməsi tələb edilmiş, əks halda barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə veriləcəyi bildirilmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin və borclunun izahatları, eləcə də icra işinin materialları ilə müəyyən edilir ki, Şəxs mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək Bakı şəhər Nizami Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli 2(007)- 3459/2021-ci il tarixli qərardadı əsasında verilmiş icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini, ilk dəfə inzibati xəta törətməsini, qadın olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə aliment öhdəliyini ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də alimenti ödəməməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 33.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, inzibati tənbeh tətbiq edərkən nəzərə alır ki, Şəxs 16 sentyabr 2011-ci il tarixdə doğulmuş Cəmilə, 09 may 2013-cü il İnci və 28 may 2014-cü il tarixdə doğulmuş Emil adlı uşaqların nikah pozulduqdan sonra hansı valideynin yanında qalmasına dair yekun məhkəmə aktı çıxarılmamışdır. Ona görə də Şəxs hazırda da himayəsində on dörd yaşınadək uşağı olan qadın hesab edilə bilər. Belə olan halda inzibati xəta törətmiş Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisna olunur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərardadı ilə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək Şəxs 16 sentyabr 2011-ci il tarixdə doğulmuş Cəmilə, 09 may 2013-cü il İnci və 28 may 2014-cü il tarixdə doğulmuş Emil adlı uşaqların saxlanması üçün alimentin alınıb tələbkara veriməsi qərara alınsa da, uşaqların hazırda daimi olaraq, tələbkarın yanında qalması və borclu Şəxs həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanamsı üçün aliment vermək öhdəlinin olmasına dair yekun məhkəmə qətnaməsi çıxarılmamışdır. Göründüyü kimi uşaqlarla bağlı mübahisə tam həll edilmədiyinə görə 14 yaşına çatmamış uşaqların Şəxs yanında saxlanması ehtimalı aradan qalxmamışdır. Azərbaycan Respublikası İXM-in 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar