Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-906/2023 13.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Şəxs ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 548.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 02 noyabr 2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs ASC Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2-6377/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2023-cü il tarixdə törədilmişdir. Məhkəmə iclasında Şəxs ASC-nin nümayəndəsi X2 bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP №0087198 saylı inzibati xəta haqqında protokolla razıdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən xx.xx.2023-cü il tarixli, 6-1-26/2-6377/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində təqdim etməmişdir. Pandemiya dövründə işləmək mümkün olmadığı üçün tələb olan sənədləri vaxtında verməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, yüngül tənbeh təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edimiş: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə ünvanlanmış 6-1-26/2-6377/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) vətəndaş Xəyal Babayevin müraciəti daxil olmuşdur. Xəyal Babayev müraciətində Şəxs ASC-nin 2022ci ilin emitentin illik hesabatı əldə etmək üçün cəmiyyətə müraciət etdiyini, lakin qeyd edilən sənədlərin ona təqdim edilmədiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq, yuxarıda göstərilən sənədləri səhmdar X.Babayevə təqdim etmələri və bu barədə 10 (on) gün ərzində Mərkəzi Banka məlumat verilməsi xahiş olunur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə ünvanlanmış 6-1-26/2-6377/2023 nömrəli, xx.xx.2023-cü il tarixli sorğusu ilə tələb edilən sənəd və məlumatları tərəfinizdən bu günədək təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq sözügedən məktub ilə tələb edilən sənəd və məlumatları 5 (beş) gün ərzində Mərkəzi Banka təqdim etməsi tələb olunur. Azərbaycan Respublikasının Mərkəzi Bankından Şəxs ASC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Şəxs ASC-nin rəsmi qeydiyyatda olan hüquqi ünvanına göndərilmiş və xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs ASC tərəfindən İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq İXM-in 548.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1.2-ci və 107-1.3-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec, ildə bir dəfədən az olmayaraq çağırılmalıdır. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən 10 (on) gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra –Mərkəzi Bank) təqdim edilir. Emitentin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Azərbaycan Respublikasının İXM-in: 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5 Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.1. İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Tərəfin izahatı, iş materialları ilə müəyyən olunur ki, əvvəlcədən məlumat verilməsinə baxmayaraq Şəxs ASC 2022-ci ilə dair emitentin illik hesabatını Mərkəzi Banka təqdim etməmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Törədilmiş inzibati xətaya görə hüquqi şəxsə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə iclasında Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-in 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs ASC-nin İXM-in 548.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və İXM-in 18, 25, 40.0.1, 43, 48-51, 55, 114, 115, 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-906/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-906/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver