Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-914/2025 04.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Vəkil iştiraklarıı ilə xx.xx.1979–cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağdam şəhəri, Ağdam kənd sahəsində qeydiyyatda olan və Mİngəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 80, mənzil 43 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 529.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhər, Səbail rayon Məhkəməsinin 2(009)-1418/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd olunan inzibati tənbehi üzrlü səbəblər olmadan icra etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı təqdimatı müdafiə edərək bildirdi ki, Bakı şəhər, Səbail rayon Məhkəməsinin 2(009)-1418/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Onun olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Onun barəsində axtarış elan olunmuş, məcburi gətirmə verilmişdir. Bununla belə, həmin hökmün icrası üçün şəxsə göndərmək istəyərdi. Lakin daimi yaşadığı ünvan olmadığından həmin hökmün çatdırılması mümkün olmamışdır. O gündəlik evlərdə yaşayır. Odur ki, məhkəmədən təqdimatının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı bildirdi ki, zəruri sənədlər məhkəməyə təqdim olunmuşdur. Belə ki, o uzun müddət Azərbaycan Respublikasının ərazisində olmamışdır. Onun təyin olunmuş 160 saat ictimai işlər cəzasından təzə xəbəri olmuşdur. Belə ki, onun daimi yaşayış yeri olmasa da, Bakıda işləyir. Həmin hökmün icrasından yayınmır, sadəcə onun həmin hökmdən bir müddət əvvəl xəbəri olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclası zamanı bildirdi ki, iş materaillarından da göründüyü kimi, müdafiəçisi olduğu şəxsin həmin inzibati xəta haqqında protokoldan xəbəri olmamışdır. Bu səbəbdən daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada görə, Şəxs barəsində Bakı şəhər, Səbail rayon Məhkəməsinin 2(009)-1418/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 160 saat ictimai işlər cəzasına məhkum edilmiş, həmin cəzanı qanunla müəyyən edilmiş əsaslarla icra etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4cü maddəsi ilə tərtib olunmuş protokola aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Bakı şəhər, Səbail rayon Məhkəməsinin 2(009)-1418/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinmiş və onun barəsində 160 saat ictimai işlər cəzasının tətbiq edilməsi qərara alınmışdır. 20 iyun 2025-ci il tarixli “icraata başlamaq haqqında qərar”dan görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 icraatına Bakı şəhər, Səbail rayon Məhkəməsinin 2(009)-1418/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi daxil olmuş və həmin iş üzrə icraata başlanılmışdır. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin xx.xx.2025-ci il tarixli “məcburi gətirilməsi barədə qərar”dan görünür ki, Şəxs məcburi qaydada gətirilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə təqdimat verilməsi qərara alınmışdır. Bakı şəhər, Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(009)-1418/2025 saylı qərardadından görünür ki, Şəxs Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində izahatı alınmışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki Şəxs əməlində inzibati məsuliyyətə cəlb etməyə əsas verən inzibati xəta tərkibi yoxdur. Məhkəmə protokolda tərtib edilmiş hallara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, protokolda qeyd edilən və fiziki şəxsin polis məmuru tərəfindən saxlanmasına səbəb olan Bakı şəhər, Səbail rayon Məhkəməsinin 2(009)-1418/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ümumiyyətlə məlumatı olmamışdır. Belə ki, həmin təqdimatın onu çatdırılması ümumiyyətlə mümkün olmamışdır. Bütün bunlar işdə olan sənədlərdə, inzibati xəta haqqında protokolda və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatında öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:
3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.
12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, bu barədə inzibati xəta hadisəsi sübut növü olan inzibati xəta haqqında protokolda öz əksini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığından borcu Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 529.4-cü maddəsinə əsasən, “İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə-üç ayadək müddətə inzibati həbs tətbiq olunur.” Məhkəmə İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, və inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şəxs ictimai işlər cəzasının çəkilməsindən boyun qaçırmasına aid hər hansı sübut təqdim olunmamışdır. Odur ki, ictimai işlər cəzasının çəkilməsindən boyun qaçırmasına dair heç bir əsas yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-ci ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər.
HAKİM: Elza Cəbrayılzadə