Məhkəmə qərarları › İş №3(051)-916/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-916/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-916/2021 09.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X4, İcra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X3 iştiraki ilə, xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 4/2, mənzil 16 qeydiyyatda olan, Mingəçevir şəhəri Günəşli Bağ massivi ünvanında yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən e t d i m: Mingəçevir şəhər Məhkəməsinin 2(051)-746/2021 №li 27.04.2021-ci il tarixli icra sənədi üzrə yaranmış 2220 manat aliment borcunu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-746/2021 №li 27.04.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 19.07.2017-ci il təvəllüdlü Ayan, 06.11.2018-ci il təvəllüdlü Aylin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat məbləğində aliment tutulub tələbkar X5 verilməlidir. Şəxs 2020-ci ilin noyabr ayınadək aliment borcunu ödəmişdir. 2021-ci ilin yanvar ayından aliment ödəməmiş, səbəb kimi də xəstəliyi ilə əlaqədar işləyə bilməməsi və maddi imkanları olmaması ilə əsaslandırırlar. Borclunun mülkiyyətində də elə bir əmlak müəyyən edilməmişdir ki, borc həmin əmlaka yönəldilsin. Şəxs alimenti tam ödəmədiyi üçün onun 2220 manat aliment borcu yaranmışdır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat vermədi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 27.04.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 19.07.2017-ci il təvəllüdlü Ayan, 06.11.2018-ci il təvəllüdlü Aylin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat məbləğində aliment alınıb ona verilməlidir. Şəxs 2220 manat aliment borcu yaranmışdır. Aliment borcun tam şəkildə ödənilməsini tələb edir. X1 izahatında bildirdi ki, Şəxs onun oğludur. Mingəçevir şəhər Məhkəməsinin 27.04.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 19.07.2017-ci il təvəllüdlü Ayan, 06.11.2018-ci il təvəllüdlü Aylin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat məbləğində aliment tutulub tələbkar X5 verilməlidir. Oğlu Şəxs 2020-ci ilin noyabr ayınadək alimenti ödəmişdir. 27.10.2020-ci ildə Qarabağ döyüşlərində iştirak etmək üçün getmiş, 01.10.2021-ci il qayıtmışdır. Oğlu qayıtdıqdan sonra psixi xəstəlikdən əziyyət çəkir, bəzən heç kimi tanımır, özünə qapanır, danışmır. Xəstəliyinə görə işləyə bilmir. Mingəçevir psixo-nevroloji dispanserdə psixiatrik müşahidəyə götürülüb. Hazırda oğlu Şəxs xəstəliyi ilə bağlı müalicə alır. Aliment borcunu ödəməkdən imtina etmirlər. Oğlunun sağlamlığı bərpa olunduqdan, özü kredit borcunu ödədikdən sonra aliment borcunu ödəyəcəklər. Hazırda oğlunun və ya ailənin mülkiyyətində elə bir əmlak yoxdur ki, satıb alimenti ödəsinlər. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 07.12.2021-ci il tarixli **********221 №-li elektron arayışından görünür ki, Şəxs 27.10.2020-ci il tarixdən 01.01.2021-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər psixo-nevroloji dispanserin 2408 №li 08.12.2021-ci il tarixli arayışından görünür ki, Şəxs 24 avqust 2021-ci il tarixdən dispanserdə “Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Müəyyən edildi ki, Şəxs alimenti maddi imkanı olmadığına, xəstə olduğuna görə tam ödəyə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində 2220 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs 2220 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar