Məhkəmə qərarları › İş №3(051)-92/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-92/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-92/2024 17.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin təsisçisi X1 iştirakı ilə ünvan 1 ünvanında fəaliyyət göstərən (VÖEN:**********) Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə təqdim olunmuş protokola əsasən, Şəxs MMC (VÖEN:**********) 69414.03 ABŞ dolları məbləğində vəsaiti 11 yanvar 2022-ci il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 69414.03 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 12 yanvar 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin təsisçisi X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini qəbul etmədi və izahatında göstərdi ki, o, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin təsisçilərindən biridir. Bir neçə ildir Rusiya Federasiyasında fəaliyyət göstərən RUSDREVPLİT MMC-dən alqı-satqı müqaviləsi əsasında tozağacı fanerlərini idxal etmişdir. Belə ki, təmsil etdiyi hüquqi şəxs RUSDREVPLİT MMC-nin hesabına vəsait köçürmüş, sonuncu isə müqavilədə göstərilən miqdarda tozağacı fanerlərini onun ünvanına göndərmişdir. Sonuncu dəfə, yəni 24 yanvar 2022-ci il tarixdə 69414.03 ABŞ dolları məbləğində vəsaiti həmin MMC-nin hesabına köçürsə də, onun müqabilində razılaşdırılımış malları ala bilməmişdir. Buna səbəb isə Rusiya Federasiyası ilə Ukrayna dövləti arasında xx.xx.2022-ci il tarixdə baş vermiş müharibə olmuşdur. Belə ki, həmin müharibənin başlaması ilə əlaqədar Rusiya Federasiyasının banklarına ABŞ və Avropa Birliyi tərəfindən beynəlxalq sanksiyalar tətbiq edilmiş, habelə ABŞ dolları ilə dövriyyə və birja əməliyyatlarına məhdudiyyətlər qoyulmuşdur. Ona görə də onlar arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliklər RUSDREVPLİT MMC tərəfindən yerinə yetirilə bilməmişdir. Bu hal təmsil etdiyi hüquqi şəxsi də əlverişsiz vəziyyətə salmışdır. Bununla belə o, dəfələrlə malın idxal edilməsi və yaxud vəsaitin qaytarılması ilə bağlı qarşı tərəfə müraciət etmiş, lakin banklara və istehsal sahələrinə tətbiq edilmiş beynəlxaq sanksiyalara görə qarşı tərəf onun tələbini təmin edə bilməmişdir. Hesab edir ki, qeyd edilən inzibati xəta ondan asılı olmayan səbəblərə görə törədilmişdir. Həmin inzibati xətanın törədilməsində təmsil etdiyi hüquqi şəxs təqsirli deyildir. Bu hal fors major kimi qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, təmsil etdiyi hüquqi şəxsin 69414.03 ABŞ dolları məbləğində vəsaitinin ondan asılı olmayan səbəblərə görə Rusiya Federasiyasının bankında hərəkətsiz vəziyyətdə qalması, hüquqi şəxsin faktiki ziyana düşməsini ehtiva etsə də, lakin həmin məbləğ üzrə hüquqi şəxsin əlavə olaraq inzibati qaydada cərimə edilməsi isə artıq onun iqtisadi mövcudluğunun sona çatması deməkdir. Ona görə də hesab edir ki, inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanın törədilməsində təmsil etdiyi hüquqi şəxs təqsirli deyildir. Odur ki, məhkəmədən təsisçisi olduğu Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası yeri və vaxtı barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün sayır. İşdə olan EP №0140418 saylı 24 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC (VÖEN:**********) 69414.03 ABŞ dolları məbləğində vəsaiti 11 yanvar 2022-ci il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 69414.03 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 12 yanvar 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İşdə olan Mərkəzi bankın təqdim etdiyi, Expressbank ASC-nin ödəniş Tapşırığından görünür ki, 69414.03 ABŞ dolları məbləğində vəsait xx.xx.2022-ci il tarixdə Şəxs MMC (VÖEN:**********) tərəfindən AZ07AZEN**********840600001 hesabdan ******************** saylı hesaba köçürülmüşdür. İşdə olan Expressbank ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2024-cü il tarixli KB-119/2-7/2024 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləği müştərilərin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. İşdə olan Şəxs MMC-nin müraciətinə əsasən RUSDREVPLİT MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, MRT MMC şirkəti URALSİB BANK-a xx.xx.2022-ci il tarixdə 69414,03 ABS dolları məbləğində vəsaiti RUSDREVPLİT MMC-nin hesabına ödəmişdir. RUSDREVPLİT MMC-nin qeydiyyat məlumatlarının düzəldilməsi və bu məlumatların bankda sənədli şəkildə yenilənməsi ilə əlaqədar yenidən qeydiyyata alınmasının zəruriliyi səbəbindən ABŞ dollarındakı pul vəsaitləri cari valyuta hesabına yalnız xx.xx.2022-ci il tarixdə köçürülmüşdür. Təəssüf ki, sistem əhəmiyyətli banklara (URALSİB daxil olmaqla) qarşı tətbiq edilən beynəlxalq sanksiyalar, habelə ABŞ dolları ilə dövriyyə və birja əməliyyatlarına qoyulan məhdudiyyətlər səbəbindən RUSDREVPLİT MMC ödəniş kimi alınan ABŞ dollarından istifadə edə bilməmiş, həmçinin Şirkətin xarici iqtisadi fəaliyyətinin mümkünsüzlüyü ilə əlaqədar olaraq RUSDREVPLİT MMC 2022-ci ilin aprel ayından 3916.1-2018 dövlət ümumrusiya standartına uyğun olaraq tozağacı fanerlərinin istehsalını dayandırmışdı. Ona görə də MRT MMC-yə olan borcun ödənilməsi üçün yeganə variant vəsaitin geri qaytarılmasıdır. Lakin URASİB bankın ABŞ sanksiyaları altında olması səbəbindən, ABŞ dolları ilə bank köçürməsi vasitəsilə geri qaytarılması mümkün olmamış, həmçinin Rusiya Federasiyasının qanunvericiliyinə görə borcun nağd şəkildə qaytarılması isə yolverilməzdir. Bank sektorunda beynəlxalq şərtlər dəyişdiyi təqdirdə, qarşılıqlı hesablaşmalar dərhal həll ediləcəkdir. Məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, MRT” MMC 24 yanvar 2022-ci il tarixdə Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC-nin “URALSİB BANK”-da yerləşən hesabına tozağacı fanerlərinin alınması üçün 69414.03 ABŞ dolları məbləğində vəsaiti köçürmüş, lakin 2 (iki) il müddət keçməsinə baxmayaraq, alınan mallar ölkəyə idxal etmədiyinə və valyuta vəsaiti geri qaytarmadığına görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən AR İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, təqdim edilmiş sübutları tədqiqi nəticəsində müəyyən edildi ki, İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddur. Belə ki, Şəxs MMC tərəfindən 11 yanvar 2022-ci il tarixdə 69414.03 ABŞ dolları məbləğində vəsait Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC-nin “URALSİB BANK”-da yerləşən hesabına köçürüldükdən sonra xx.xx.2022-ci il tarixdə Rusiya-Ukrayna arasında müharibə başlamış, həmin müharibəyə görə Rusiya Federasiyasının bütün sistem əhəmiyyətli banklarına, o cümlədən “URALSİB BANK”-a beynəlxalq sanksiyalar tətbiq edilmişdir. O səbəbdən də "xxxx" MMC ödəniş kimi alınan ABŞ dollarından istifadə edə bilməmiş, həmçinin şirkətin xarici iqtisadi fəaliyyətinin mümkünsüzlüyü ilə əlaqədar olaraq RUSDREVPLİT MMC 2022-ci ilin aprel ayından 3916.1-2018 nömrəli dövlət ümumrusiya standartına uyğun olaraq tozağacı fanerlərinin istehsalını dayandırmışdır. Bununla da Şəxs MMC-nin sifariş etdiyi mallar idxal edilməmiş, URASİB bankın ABŞ sanksiyaları altında olması səbəbindən də ABŞ dolları ilə vəsaitin köçürmə yolu ilə geri qaytarılması mümkün olmamışdır. Nağd şəkildə qaytarılması isə qanunla qadağan edilmişdir. Bu barədə Şəxs MMC tərəfindən RUSDREVPLİT MMC-yə çoxsaylı müraciətlər edilsə də, qarşı tərəf müqavilə öhdəlikləri yerinə yetirə bilməmişdir. Göründüyü kimi mallların idxal edilməməsi və yaxud vəsaitin xaricdən qaytarılmaması, Şəxs MMC-nin iradəsindən asılı olmayan səbəblərə görə baş vermişdir. Bu hallar isə o nəticəyə gəlməyə əsas verir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri məcmu halında mövcud olmamış, yəni barəsində protokol tərtib edilmiş hüquqi şəxsin inzibati xətanı təqsirli olaraq törətməsini təsdiq edən mötəbər sübut inzibati xəta haqqında icraat materiallarına əlavə edilməmişdir. Belə olan halda Şəxs MMC-nin əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur və bu hal isə onun təqsirli olmasına əsaslı şübhələr yaradır. Belə olan halda inzibati xəta haqqında iş üzrə icraat zamanı tədqiq edilmiş sübutlar barəsində protokol tərtib edilmiş hüquqi şəxsin təqsirinin sübuta yetirilməsi üçün yetərli hesab edilmir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, inzibati xətanın törədilməsində Şəxs MMC-nin təqsirliliyi sübuta yetirilmir. Belə ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 4-cü hissəsi və 10-cu maddəsi ilə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında müvəkkil banklarda xarici valyuta hesabları üzrə əməliyyatların aparılması qaydasının müəyyənləşdirilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmişdir. Qeyd olunan Qanunun 8-ci maddəsinə əsasən, hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər. Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. X4 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaların 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli yalnız təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Ona görə də məhkəmə işin bütün hallarını nəzərə alaraq hesab edir ki, 2 il müddətində malların gətirilməməsi və yaxud valyuta vəsaitinin qaytarılmaması Şəxs MMCnin iradəsindən asılı olmayan səbəblərdən (Rusiya-Ukrayna müharibəsinə görə sistem əhəmiyyətli banklara beynəlxalq sanksiyalar tətbiq edildiyindən) mümkün olmamışdır. Bu hallar Şəxs MMC-nin təqsirini istisna edən əsas kimi qiymətləndirilməli və hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar