Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-921/2024 28.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə verilmişdir. İnzibati xəta haqqında protokola görə, Şəxs Azərbaycan Respublikası İXM-in 210.1ci maddəsinə əsasən 5000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qanuni qüvvəyə minmiş qərarının qanunla müəyyən edilmiş əsaslar olmadan qanunla müəyyən edilmiş müddət ərzində icra etməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, tərtib olunmuş protokol və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması hakimin səlahiyyətinə və bu məhkəməyə aiddir. Bununla belə işin baxılmasını istisna edən, yəni İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallar mövcuddur. Göründüyü kimi Şəxs oğlunun barəsində inzibati xəta haqqında protokol inzibati xətanın törədildiyi gündən qanunla müəyyən edilmiş 3 (üç) aydan çox müddət keçdikdən sonra tərtib edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, inzibati tənbeh tətbiq etmə müddəti başa çatmışdır. Ona görə də, Şəxs hazırkı inzibati iş üzrə inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, İnzibati xəta haqqında protokola görə, Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* saylı 28 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsi təqsirli bilinərək 5000 (beş min) manat miqdarında cərimə edilmiş, xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərar qəbul edilmiş, bundan sonra borclu barəsində müxtəlif icra tədbirləri görülmüş, icra sənədi isə icra edilməmiş vəziyyətdə qalmışdır. Bu müddət ərizində isə inzibati iş üzrə icraat dayandırılmamışdır və beləliklə müddətin axımı davam etmişdir. Daha sonra borclu Şəxs barəsində xx.xx.2024-cü il tarixli protokol tərtib edilmiş və baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Məhkəmənin məcburi icraya yönəldilmiş qərarları 2 ay müddətində icra olunmamasına baxmayaraq, icra məmuru tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol isə xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Göründüyü kimi inzibati xətanın törədildiyi gündən uzun müddət keçmişdir. Bu hal isə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad olunması üçün əsasdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Məmmədov Zaur llkin oğlunun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol inzibati xətanın törədildiyi gündən 4 aydan çox müddət keçdikdən sonra tərtib edildiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmiş MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilsin . Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-921/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-921/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver