Məhkəmə qərarları › İş №3(051)-923/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-923/2024

30.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-923/2024 30.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1982-ci il tarixdə Yevlax rayonu, Salahlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Yevlax rayonu Salahlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inbzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərinin bazar ərazisində qanunsuz protexniki vasitələr satmağa imkan yaradılmadığına görə ucadan nalayiq küçə söyüşlərindən istifadə edərək ictimai qaydanı pozmuşdur. Bununla bağlı Şəxs barəsində səlahiyyətli vəzifəli şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilib məhkəməyə verilmişdir. Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, polis əməkdaşları protexniki vasitələr üçün ondan 100 manat məbləğində pul istəmişlər, o da hazırda üstündə həmin məbləğdə pul olmadığını, 40-50 manat məbləğində pul verəcəyini bildirmişdir. İkinci dəfə yenə gəlmişlər, piştaxtanı yığışdırmağını bildirmişlər. Hamının içində təhqir olunmuşdur. O da özünü alçalmış hiss edərək öz qolunu kəsmişdir. Sonra xəstəxanaya getmişdir, qoluna tikiş qoyulmuşdur. Daha sonra əməliyyatçılar gəlmiş, o da polis şöbəsinə gəlmişdir. İzahatı alındıqdan sonra məhkəməyə gətirilmişdir. Odur ki, məhkəmədən barəsində həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri bazar ərazisində xidmətdə olarkən Aqil adlı şəxsin orada piştaxta qoyaraq protexniki vasitələri satdığını görmüşlər, ona yaxınlaşaraq əməlində qanun pozuntusu olduğunu bildirib barəsində protokol tərtib olunacağını diqqətinə çatdırmışlar. Həmin şəxs onların dediklərini səmimi qəbul etməyərək onlarla mübahisə aparmağa başlamış, ünvansız küçə söyüşlərindən istifadə edərək “bir mənəm satan, hamı satır”-deyə cavab vermişdir. Onlar həmin şəxsə əməllərinə davam etməməsini bildirsələr də, “mən yenə satacam, kim nə deyir desin, mən heç kimdən qorxmuram”-deyə yenidən cavab vermişdir. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, nəticə çıxarmamış, qanuni tələblərinə məhəl qoymamışdır, satışa davam edəcəyini bildirmişdir. Onlar da PPX çağıraraq həmin şəxsin Mingəçevir ŞPŞ-nə gətirilməsini təmin etmişlər. Orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X1 da X2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılmış 1471 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərinin bazar ərazisində protexniki vasitələrin qanunsuz satılmasına imkan yaradılmadığına görə ucadan nalayiq küçə söyüşlərindən istifadə edərək ictimai qaydanı pozması və AR İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, şahid ifadələri, həmçinin işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmiş, lakin onun həmin vaxt polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq AR İXM-in 535.1-ci maddəsinin tələblərini pozması və inzibati xəta törətməsi, həmçinin onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bu hal isə Şəxs AR İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Ona görə də onun əməlində AR İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–in 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməli, lakin Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi əlamətləri məcmu halında olduğundan, o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, nzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə, həmçinin nəzərə alır ki, Şəxs sərxoş vəziyyətdə olması onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 04 (dörd) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 30 dekabr 2024-cü il tarixdən saat 13:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar