Məhkəmə qərarları › İş №3(051)-94/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-94/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-94/2022 14.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1982-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-300/2017, 2(051)-793/2020 və 2(051)-1130/2019 saylı icra vərəqələri üzrə yaranmış müvafiq olaraq 3000 manat aliment borcunun, 16441.57 ABŞ dolları və 9020 manat məbləğində borcların ödənilməsini nəzərdə tutan icra sənədlərinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamələrin tələblərinə məhəl qoymaraq aliment və digər borcların ödənilməsindən boyun qaçırmış, bununla da aliment və digər borclarını ödəməkdən qəsdən yayınmışdır. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir Şəhər Məhkəməsinin 03.07.2017-ci il tarixli icra sənədi ilə ondan 25.04.2011-cü il təvəllüdlü Vüsalə adlı uşağın saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Qədirova( Baloğlanova) Rəvanə Əfqan qızına verilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 27.06.2019-cu il tarixli icra sənədi ilə 16441.57 ABŞ dolları məbləğində pulun qətnamə icra olunduğu günə manat məzənnəsi ilə ondan alınıb tələbkar X3 verilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 19.08.2020-ci il tarixli icra sənədi ilə 10 adda qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 9020 manat məbləğində pulun ondan və X4 alınaraq tələbkar X1 verilməsi qət edilmişdir. Lakin qeyd etdiyi aliment və digər borclarını maddi imkanı olmadığından ödəyə bilməmişdir. Ona görə də onun 3000 manat məbləğində aliment borcu, 16441.57 ABŞ dolları və 9020 manat məbləğində digər borcları yığılmışdır. Bununla belə o, hazırda tələbkarlarla borclu olduğu pul məbləğləri ilə bağlı razılıq əldə etmişdir. Belə ki, 3000 manat məbləğində aliment borcunu tam ödəmiş, 10 adda qızıl-zinət əşyaları və ya onların dəyəri olan 9020 manat məbləğində borcunu hər ay 200 manat ödəyəcəyini və 16441.57 ABŞ dolları borcunu isə maddi imkanı zəif olduğu üçün müvəqqəti olaraq ödəməyəcəyi ilə bağlı tələbkarla razılıq əldə edilmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuruna və tələbkarlar X1 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə icra məmurunun və tələbkarların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-300/2017 saylı, 03.07.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 25.04.2011-cü il təvəllüdlü Vüsalə adlı uşağın saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Qədirova( Baloğlanova) Rəvanə Əfqan qızına verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1130/2019 saylı, 27.06.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 16441.57 ABŞ dolları məbləğində pulun qətnamə icra olunduğu günə manat məzənnəsi ilə alınıb tələbkar X3 verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-793/2020 saylı, 19.08.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs və X4 10 adda qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 9020 manat məbləğində pulun alınaraq tələbkar X1 verilməsi qət edilmişdir İşdə olan tələbkar X5 tərəfindən yazılmış 11.02.2022-ci il tarixli qəbzdən görünür ki, Şəxs 3000 manat məbləğində aliment borcunu tam olaraq ödəmişdir. İşdə olan tələbkar X5 tərəfindən yazılmış 11.02.2022-ci il tarixli ərizədən görünür ki, 10 adda qızıl-zinət əşyaları və ya onların dəyəri olan 9020 manat məbləğində pulun hər ay 200 manat ödənilməsi ilə bağlı borclu Şəxs ilə razılıq əldə edilmişdir. İşdə olan tələbkar X2 etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən yazılmış 11.02.2022-ci il tarixli ərizədən görünür ki, 16441.57 ABŞ dolları məbləğində pulun müvəqqəti olaraq ödənilməməsi ilə bağlı borclu Şəxs ilə razılıq əldə edilmişdir. Beləliklə, borclu Şəxs izahatı, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu aliment və digər borclarını ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə aliment borcunu tam olaraq ödəmiş, digər borclarını isə ən qısa zamanda hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Tələbkarlar da onunla razılaşmışdırlar. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzürsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar