Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-94/2024 29.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində qərar çıxarılmış: X3 müdafiəçisi Vəkil, Qərarı barəsində şikayət verilmiş orqan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair 09 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 09 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X7 inzibati tənbeh vermə haqqında MN seriyalı ******* №-li xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 3(051)-864/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən şikayət təmin edilmiş və X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı şəxsin əməlində inzibati xəta tərkibinin olmadığına görə ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılmış və 3(107)- 15/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar çıxarılmışdır. Qərara əsasən məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işi qeyd etdiyi pozuntu hallarının aradan qaldırılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul etməli olduğu halda iş üzrə icraata xitam vermişdir. Nəticədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 3(051)-864/2023 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsalandırılmışdır ki, o, "xxxx" MMC-nin (VÖEN: **********) direktorudur. Onunla sifarişçi Mingəçevir Bələdiyyəsi arasında bağlanmış 31 avqust 2023cü il tarixli müqaviləyə əsasən icraçı olaraq Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən 21 və 23 saylı yaşayış binalarının qarşısındakı ərazidə abadlaşdırma işlərinin aparılmasını öhdəsinə götürmüşdür. Görüləcək işləri ərazinin çökmüş hissəsinə torpaq, çınqıl və qum qatının verilməsindən, ərazinin qreyderlə düzəldilməsindən, tamet qoyulan hissənin kipləşdirilərək bərkidilməsindən, yan bardyorların sement məhlulu ilə və səkinin mikrodaş döşəmə tamet tavalarla atsep əsasında qoyulmasından ibarət olmuşdur. Abadlaşdırma işlərinin yerinə yetirildiyi zaman xx.xx.2023-cü il tarixdə onun işçisi X9 onunla məsləhətləşmədən və ona demədən, nahar vaxtı öz təşəbbüsü ilə səkinin ortasında olan, Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçiləri tərəfindən budanmış 1 ədəd heyva ağacının piyadaların gediş-gəlişinə mane olduğuna görə kökündən çıxarılıb 2-3 metr kənarda torpaq-yaşıllıq (qazon) hissəyə köçürüb orada əkmişdir, yəni yerdəyişmə etmişdir. Həmin ağac həmin yerdə mövcuddur və qurumamışdır, normal inkişaf edir. Mingəçevir şəhər 8 saylı RETSİ-nin əməkdaşı bu faktı aşkar etdikdən sonra o, işçisi Camal Əhmədovdan icazə almadan ağacın yerini dəyişməsinin səbəbini soruşmuş və Camal Əhmədov izah etmişdir ki, gediş-gəliş yolunun rahat olmasını və ağacın torpaq ərazidə daha yaxşı bitərək inkişaf etməsini düşünərək onun yerini dəyişmiş və bunun üçün razılıq alınmasının tələb olunduğunu bilməmişdir. Odur ki, bu hərəkətinə görə qorxduğuna və işdən getmək istədiyinə görə, fikirləşmişdir ki, işi pozulacaq. O, məcbur olmuş və narahat olmamağını, onun göstərişi ilə ağacın yerini dəyişməsini deyəcəyini demişdir. Həmin gün ekologiya şöbəsindən bir nəfər əməkdaş ona zəng edərək demişdir ki, iş görülən yerdə heyva ağacı kökündən çıxarılıb təxminən 3 metr məsafədə yaşıllıq zolağa əkilmişdir, bununla əlaqədar ekologiya idarəsinə gəlməlidir. Həmin vaxt o, mal-material üçün Bakı şəhərində olduğuna görə demişdir ki, bu gün gələ bilməyəcəkdir. Növbəti gün o, iş görülən yerdə olanda ekologiya idarəsinin əməkdaşı ağacın yerinin dəyişilməsi ilə əlaqədar izahat yazılmasını tələb etmişdir. O da işinin xatirinə izahat yazaraq yalandan göstərmişdir ki, ağac onun göstərişi ilə işçisi Camal Əhmədov tərəfindən yaşıllıq zolağına keçirilib. Ekologiya idarəsinin əməkdaşı izahatı alıb getmişdir. Bir neçə gün sonra, təxminən sentyabr ayının 20-də həmin əməkdaş ona zəng edərək idarəyə gəlməyini bildirmişdir. O da demişdir ki, bacanağının oğlu şəhid olmuş, hazırda bacanağı və baldızı öldüyündən, yas mərasiminin təşkil edilməsi onun və yoldaşının üzərinə düşmüş, ona görə də gələ bilməyəcəkdir. Bundan sonra da başı şəhidin dəfninə və yas mərasimlərinə qarışmış, idarəyə gedə bilməmişdir. Sonradan ona poçt vasitəsilə inzibati tənbeh tətbiq etmə haqqında qərar gəlmişdir. Eyni zamanda hesab etmişdir ki, deyərsə, işçi Camal Əhmədov ağacın yerdəyişməsini onun göstərişi ilə həyata keçirmişdir və ağac normal qaydada yaşıllıq zolağında bitir, məsələ müsbət mənada bitmiş olar. Odur ki, o, etmədiyi və göstəriş vermədiyi bir işi öz izahatında göstərmişdir. O, işçiyə ağacın yerini dəyişməyə göstəriş verməmiş, bu yerdəyişməni sonradan görmüş və işçisini tənbeh etmişdir. Lakin 8 saylı RETSİ-nin məsləhətçi müfəttişi onun barəsində xəbəri olmadan inzibati xəta haqqında MN ******* nömrəli 29 sentyabr 2023-cü il tarixli protokol tərtib etmiş və protokolda öz xətti ilə qeyd etmişdir ki, Təbriz küçəsi 21 və 23 saylı binaların qarşısında salınan parkda heyva ağacının yerinin dəyişdirilməsi göstərişini o vermişdir və ona demişdir ki, imza etsin. O görmüşdür ki, yanılmışdır, artıq sənədləşmə gedir, akt imzalamaqdan imtina etmiş və bildirmişdir ki, o, heç nəyə heç bir göstəriş verməmişdir. Həmin protokolun surətini 8 saylı RETSİ-də 27 oktyabr 2023-cü il tarixdə imza edərək götürmüşdür. Bundan sonra həmin protokol əsasında barəsində inzibati tənbeh vermə haqqında 09 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli qərar tərtib olunmuş və həmin qərarı ona poçtla göndərdikdən sonra məlumatlı olmuşdur. Məktubda qeyd olunmuşdur ki, tənbeh qərarı icra üçün göndərilmiş və cərimə 1 ay müddətində könüllü icra edilməlidir. Qərarda göstərilmişdir ki, Camal Nəcəfov İXM-nin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 5000 (beş min) manat cərimə tənbehi tətbiq edilsin. O, cərimə qərarı ilə razılaşmır, hesab edir ki, əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 253-1.2.2-ci maddəsi yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Hətta onun tərəfindən verilən göstəriş əsasında heyva ağacının səkinin gediş-gəliş yolundan 2 metr aralı yaşıllıq zolağa yerinin dəyişdirilməsi inzibati xəta hesab olunmur. Ağacın yerinin onun inkişafı üçün daha münasib yerə 2 metr kənara dəyişilməsi ağacın götürülməsi kimi tövsif olunmur. Yəni işçisi Camal Əhmədov tərəfindən ağacın yerinin 2 metr aralı yaşıllıq zolağına yerinin dəyişdirilməsi inzibati xəta tərkibi yaratmır. Digər tərəfdən, ağacın yerinin dəyişdirilməsi hesab edilsə ki, inzibati xəta hesab olunur, həmin xətaya görə tənbeh onu bilavasitə törətmiş şəxsə tətbiq edilir. Meyvə ağacının yerini Camal Əhmədov şəxsən özü dəyişmişdir. Tərəfindən həmin hərəkət yerinə yetirilməmişdir. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X7 inzibati tənbeh vermə haqqında MN seriyalı ******* №-li xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış X3 müdafiəçisi Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında şikayətin dəlillərini müdafiə edərək göstərmişdir ki, protokol səhv yazılıb. Protokol yerinin dəyişdirilməsinə görə yazılıb. Qanunda belə bir anlayış yoxdur. Protokol götürülmə kimi tərtib edilməli idi. Yerdəyişməyə görə inzibati xəta yoxdur. Həmçinin protokol tərtib edilərkən müvəkkili X3 hüquqları pozulmuşdur. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 məhkəmə iclasında inzibati xəta haqqında qərarın dəlillərini müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, ağac orada əkilib. Sonradan ora səki daşı qoyulub və buna görə də ağac maneçilik törətmişdir. Ona görə də ağacı yerindən çıxardıb başqa yerə əkiblər, yəni ağacın yerini dəyişiblər. Götürülmə deyəndə yerdəyişmə kimi başa düşülür. Əgər maneçilik törədirdisə də, onu götürüb başqa yerdə əkmək istəyirdilərsə, onu bunlar etməməli idilər. Müraciət etməli idilər bələdiyyəyə, bələdiyyədə öz növbəsində ekologiya ekspertizasının agentliyinə müraciət etməli idi. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin müdafiəçisinin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli və X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253- 1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında material yenidən araşdırılması üçün vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru X1 şəhəri, Təbriz küçəsində yerləşən 21 və 23 saylı binaların qarşısında salınan yeniparkda 1 (bir) ədəd heyva ağacını müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan yerini dəyişdirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" MMC-nin direktoru X1 şəhəri, Təbriz küçəsi 21 və 23 saylı binaların qarşısında salınan yeniparkda 1 (bir) ədəd heyva ağacını müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan yerini dəyişdirdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan icraçı "xxxx" MMC-nin direktoru X6 ilə sifarişçi Mingəçevir Bələdiyyəsi arasında bağlanmış 31 avqust 2023-cü il tarixli müqavilənin, müqaviləyə 1 saylı Əlavənin və qüsur aktının surətindən görünür ki, icraçı Əlavələrdə göstərilən qiymətlərlə göstərilmiş təmir tikinti işlərinin yerinə yetirilməsi ilə əlaqədar xidmət haqqını, sifarişçi isə həmin görülmüş işləri qəbul edib vaxtında haqqını ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin məbləği smetaya uyğun olaraq 28556 manat dəyərində müəyyən edilmişdir. Mingəçevir şəhəri, Təbriz küçəsi, 21 və 23 saylı binaların qarşısındakı ərazinin abadlaşdırılması üçün göstərilən işlərin görülməsi müəyyən edilmişdir. Görüləcək işləri ərazinin çökmüş hissəsinə torpaq, çınqıl və qum qatının verilməsindən, ərazinin qreyderlə düzəldilməsindən, tamet qoyulan hissənin kipləşdirilərək bərkidilməsindən, yan bardyorların sement məhlulu ilə və səkinin mikrodaş döşəmə tamet tavalarla atsep əsasında qoyulmasından ibarət olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, barəsində qəbul edilmiş 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı icra olunmaq üçün Camal Nəcəfova göndərilmiş, cərimə 1 (bir) ay müddətində könüllü olaraq göstərilən bank hesabına köçürülməsi, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxs onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanması göstərilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən 29 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol X3 iştirakı ilə tərtib edilsə də, protokolun surəti ona verilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olması ona izah olunmamış, müdafiəçidən imtina etməsinin maddi vəziyyəti ilə bağlı olmamasına dair ərizə alınmamış, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasında iştirak etmək üçün barəsində protokol tərtib edilmiş şəxsin çağırılması barədə qərardad qəbul edilməmiş və onun iştirakı təmin edilməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, inzibati xəta haqqında protokola baxılmasında barəsində protokol tərtib edilmiş şəxsin müdafiə hüququ pozulmuşdur. Bununla da görünür ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında protokola baxılarkən, İnzibati Xətalar Məcəlləsinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamış və inzibati xəta haqqında işə X3 iştirakı olmadan baxılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən, müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları təsbit edilmişdir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61- 67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması barəsində qərardad qəbul edilir. Bundan başqa Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bir ədəd heyva ağacının müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsi işin mübahisəsiz halıdır. Sözügedən yaşıllıqların götürülməsi üçün müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və rəyi olmadan həyata keçirilmişdir. “Yaşıllıqların mühafizəsi haqqında” 02 may 2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.12-ci bəndinə əsasən yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbirdir nəzərdə tutulur. Göründüyü kimi səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında protokola baxılarkən, İXM-in tələblərinin əhəmiyyətli dərəcədə pozulması, barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmaması və inzibati xəta haqqında işə X3 iştirakı olmadan baxılması, tərtib edilmiş protokolda bir ədəd heyva ağacının müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsi deyil dəyişdirilməsi kimi qeyd edilməsi inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallarda öz əksini tapmamışdır. Belə ki, İXM-in 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda. 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Lakin öyrənilən işdən həm protokol tərtib edilərkən, həm də bununla bağlı inzibati xəta haqqında qərar qəbul edilərkən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğu (müdafiə hüquqları) müəyyən edilmişdir. Ona görə də görə də məhkəmə hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin tələblərinin pozulması və onun əməlində həmin inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu da onu deməyə əsas verir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar tam yoxlanılmamışdır. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə X3 inzibati cərimə edilməsinə dair 09 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı inzibati xəta hadisəsi tam araşdırılmadığı və şəxsin müdafiə hüququ pozulduğu üçün ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində qəbul edilmiş 09 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin olunsun. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 09 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-94/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-94/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver