Məhkəmə qərarları › İş №3(051)-940/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-940/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-940/2023 08.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs Zərərçəkmiş şəxs: X2 iştirakı ilə xx.xx.2004-cü il tarixdə Bakı şəhər, sabunçu rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində idarə etdiyi “Vaz-2107” markalı **-BO-*** nömrəli avtomobilin idarə etməsini itirib R.Rza küçəsində “Skoda Kamiq minik” markalı **-PN-*** nömrəli avtomobillə toqquşaraq zərərçəkmiş şəxsə 1790 manat məbləğində maddi zərər vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək göstərdi ki, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 13:05 radələrində qohumu X4 ilə birlikdə “Vaz-2107” markalı **-BO-*** nömrəli avtomobili Güllü bağın dairəsinin yaxınlığında avtoyuma yerinə avtomobili təmizlənib yuyulması üçün vermişlər. Həmin avtomobilin qanuni sahibi Amil İsgəndərovdur. Onlar çayçıda olarkən qohumu Amil İsgəndərova demədən, özbaşına avtomobil təmizləmə yerinə gedib həmin avtomobili götürüb təxminən saat 14:00 radələrində Mingəçevir şəhəri R.Rza küçəsi ilə İ.İslamzadə küçəsi istiqamətində idarə edərkən qarşısına digər avtomobil çıxdığı üçün özündən asılı olmayaraq idarə etdiyi “Vaz-2107” markalı **-BO-*** nömrəli avtomobilin idarə etməsini itirib R.Rza küçəsində yolun sağ hissəsində dayanmış mühərriki sönülü vəziyyətdə olan sahibsiz “Skoda Kamiq minik” markalı **-PN-*** nömrəli avtomobilin arxa sol hissəsindən üzərinə getmişdir. Nəticədə, idarə etdiyi avtomobilin qabaq sol hissəsi, buferi, işıq cihazı, ön paneli yolun sağ hissəsində dayanmış, mühərriki sönülü vəziyyətdə olan sahibsiz “Skoda Kamiq minik” markalı **-PN-*** nömrəli avtomobilin arxa sol hissəsinə, buferinə, arxa panelinə, baqajına və baqaj örtüyünə dəyərək toqquşmuşdur. Toquşma zamanı o, avtomobildə tək idi. Toqquşma nəticəsində heç kim xəsarət almamışdır. O, yol-nəqliyyat hadisəsi törətdiyi həmin gün, xx.xx.2023-cü il tarixdə qohumu Amilin ***-***-**-** nömrəli telefonuna saat 14:05 radələrində zəng edərək idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Çox keçməmişdir ki, Amil onun yanına gəlmişdir. Hazırda əməlindən peşimandır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı izahatında bildirdi ki, onun “Skoda Kamiq minik” markalı **-PN-*** nömrəli avtomobili idarə etmək üçün “B” dərəcəli sürücülük vəsiqəsi və avtomobilə dair etibarnaməsi vardır. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Mingəçevir şəhəri, R.Rza küçəsində idarə etdiyi “Skoda Kamiq minik” markalı **-PN-*** nömrəli avtomobili yolun sağ hissəsində saxlayıb işə getmişdir. Həmin günü xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində iş yoldaşı ona zəng edərək mühərriki sönülü, dayanmış və sahibsiz vəziyyətdə olan “Skoda Kamiq minik” markalı **-PN-*** nömrəli avtomobilin arxa sol hissəsinə “Vaz-2107” markalı **-BO-*** nömrəli avtomobilin qabaq sol hissəsi dəyərək toqquşmasını bildirmişdir. O, işdən çıxıb avtomobilinin yanına gəldikdə həqiqətən “Skoda Kamiq minik” markalı **-PN-*** nömrəli avtomobilin arxa sol hissəsinə “Vaz-2107” markalı **-BO-*** nömrəli avtomobilin qabaq sol hissəsi dəyərək toqquşmasını görmüşdür. Toqquşma nəticəsində heç kim xəsarət almamışdır. Avtomobilə dəymiş maddi zərərin ödənilməsini tələb edir. Odur ki, izahatını nəzərə alaraq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan xx.xx.2023-cü il tarixli 1982 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. İşdə olan BD 356522 saylı Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 2107” markalı ** BO *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi X6r. İşdə olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, “Vaz 2107” markalı ** BO *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisi X7 etibarnamə üzrə həmin avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini X3 etibar etmişdir. İşdə olan sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə BD 114702 saylı DİN BDYPİ Gəncə RQİTBŞ tərəfindən X3 verilmiş, xx.xx.2023-cü il tarixədək etibarlıdır və B1,B,C1,C kateqoriyalıdır. İşdə olan nəqliyyat vasitələrinin təmirinə dair smetadan görünür ki, “Skoda Kamiq minik” markalı **-PN-*** nömrə nişanlı avtomobilə 1790 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində idarə etdiyi “Vaz-2107” markalı **-BO-*** nömrəli avtomobilin idarə etməsini itirib R.Rza küçəsində “Skoda Kamiq minik” markalı **-PN-*** nömrəli avtomobillə toqquşaraq zərərçəkmiş şəxsə maddi zərər vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 08 dekabr 2023–cü il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar