Məhkəmə qərarları › İş №3(051)-948/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-948/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-948/2025 29.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə xx.xx.1982-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1431/2022 saylı xx.xx.2022-ci il tarixli və Mingəçevir şəhər Məhkəməsinin 8(051)-383/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqələrinə əsasən 10389 manat aliment borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru iştirak etdiyi məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1431/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 20 iyun 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat, 07 iyun 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat, cəmi-280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin hər ay cavabdeh Şəxs tutularaq, iddiaçı X1 verilməsi, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan, 02 iyun 2022-ci il tarixdən tutulması və qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 8(051)-383/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən ərizə təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü Səma və xx.xx.2016-cı il təvəllüdlü İradə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1431/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 140 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli olmaqla, iki uşaq üçün 0.92 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu Şəxs sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərmişdir ki, aliment üzrə ödənişlər etmişdir, lakin qəbzlərin hamısını saxlamaq ağlına gəlməyib, bildiyinə görə təxminən 5000 manat borcu qalıb, yeni qərarla aliment miqdarının indeksasiya olunmasından məlumatı olmamışdır. Bununla belə o, aliment ödəməkdən boyun qaçırmır, hazırda tələbkarla hər ay 600 manat ödəməklə bağlı razılaşmışdır. Ona görə də tələbkarın iştirakı təmin olunarsa, borc məbləğini dəqiqləşdirib ödəniş barədə razılıq əldə edərdilər. Odur ki, məhkəmədən göstərdikləri halların nəzərə alınmasını xahiş etmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuruna, borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə tələbkarla telefon əlaqəsi saxlanılmış, hazırki ödənilməli olacaq aliment məbləği ilə birlikdə borcundan ödəniş etməklə hər ay 600 manat ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun, borclunun və tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1431/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 20 iyun 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat, 07 iyun 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 140 (bir yüz qırx) manat, cəmi-280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin hər ay cavabdeh Şəxs tutularaq, iddiaçı X1 verilməsi, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan, 02 iyun 2022-ci il tarixdən tutulması və qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 8(051)-383/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən ərizə təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü Səma və xx.xx.2016-cı il təvəllüdlü İradə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1431/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 140 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli olmaqla, iki uşaq üçün 0.92 misli həddində indeksasiya edilməsi və xx.xx.2025ci il tarixdən başlayaraq borclu Şəxs sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli icraatın birləşdirilməsi haqqında qərardan görünür ki, iş üzrə borclu Şəxs barəsində olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1431/2022 saylı xx.xx.2022-ci il tarixli və Mingəçevir şəhər Məhkəməsinin 8(051)-383/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Şəxs borcundan 200 manat və 100 manat olmaqla, cəmi 300 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs borcundan 200 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs borcundan 100 manat ödəniş etmişdir. Beləliklə, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədlərini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. İş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu hazırda mövcud borcundan ümumilikdə 600 manat ödəniş etmişdir. Bu məbləğlə tələbkar da razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclunun əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclunun əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar