Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-951/2025 10.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Mingəçevir ŞPŞ-nin baş əməliyyat müvəkkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə xx.xx.2002-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 206 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:10 radələrində küçədə narkotik vasitələrin təsiri altında polisin qanuni tələbinə tabe olmamış və Mingəçevir ŞPŞ-nin əməliyyat müvəkkili tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 206 və 535.1–cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir ŞPŞ-nin baş əməliyyat müvəkkili X2 məhkəmə iclası zamanı izahatında protokolun dəlillərini müdafiə etdi və əlavə olaraq bildirdi ki, Şəxs narkotik vasitədən istifadə edərək ictimai qaydanı pozmuşdur. Ona gör də, şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, onu saxlamaq istəyənlərin polis olduqlarından məlumatsız olmuşdur. Saxladıqdan sonra polis şöbəsinə dəvət etmişlər. O, narkotik vasitələrdən istifadə edən deyil. İyirmi gün bundan qabaq toyda olan zaman narkotik vasitədən istifadə etmişdir. Sürücülük vəsiqəsi yoxdur. İnzibati xəta törədilməsi ilə bağlı məhkəmə qərarı əsasında sürücülük hüququ məhdudlaşdırılmışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Müdafiəçisi Vəkil məhkəmə iclası zamanı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına uyğun izahat verərək məhkəmədən onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməliyyat müvəkkili X3 bildirdi ki, şəhərin H.Əliyev prospektində ərazidə xidmət edərkən həmin avtomobilin qara plyonkada olduğunu gördülər. Həmin şəxsə saxla əmri verilməsinə baxmayaraq saxlamamışdır, yaxınlaşdıqda o, kobud hərəkətlər etdi, onlara qarşı nalayiq ifadələr işlətməyə başladı. Onu polis şöbəsinə dəvət etdilər lakin o, tabesizlik göstərərək getməkdən imtina edirdi. Ona yaxınlaşanda sərxoş vəziyyətdə olduğu hiss olundu və onu şöbəyə dəvət etdilər. Həmin vaxt narkotik vasitənin təsiri altında olduğu görünürdü. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş İlqar Vəliyev də Dilqəm Məmmədovun ifadəsinə uyğun izahat verərək onun ifadəsindəki xüsusatları təsdiqlədi. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:10 radələrində küçədə narkotik vasitələrin təsiri altında polisin qanuni tələbinə tabe olmamış, və Mingəçevir ŞPŞ-nin əməliyyat müvəkkili tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2025-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs İXM-in 206 və 535.1–cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və aidiyyatı üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli 1543 saylı protokoldan görünür ki, Şəxs narkotik maddələrin istehlakı nəticəsinə yaranmış narkotik sərxoşluğu aşkar edilmişdir. İşə əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 16:30-da inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2025-ci il tarixli 1959 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi mülaicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs polis əməkdaşlarına tabesislik göstərərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin qanunsuz olaraq narkotik vasitə olan marixuana qəbul etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində hər iki inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 34.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 535.1-cu maddəsinə əsasən 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsə də, digər maddəyə münasibətdə daha ciddi xəta hesab edildiyinə görə ona həmin Məcəllənin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh növündə əsas, həmçinin inzibati həbs növündə inzibati tənbehi çəkilib qurtardıqdan sonra narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmaqla əlavə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, həmçinin inzibati həbs növündə inzibati tənbehi çəkilib qurtardıqdan sonra narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmasını qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci il maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona, inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə cəza təyin edilərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması həbs növündə inzibati tənbehi çəkilib qurtardıqdan sonra icra edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-951/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-951/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver