Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-991/2025 11.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi Vəkil, zərərçəkmiş şəxs X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2024-cü il tarixdə yaşadıqları Mingəçevir şəhəri, Şəfa bağ massivi, 1-ci döngədə yerləşən fərdi yaşayış evində X2 qəsdən döymüş və sonuncunun istifadəsində olan “Samsung A72” markalı mobil telefonu qırmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X4 məhkəmə iclasında protokolu müdafiə edərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə yaşadıqları Mingəçevir şəhəri, Şəfa bağ massivi, 1-ci döngədə yerləşən fərdi yaşayış evində X2 qəsdən döymüş və onun istifadəsində olan “Samsung A72” markalı mobil telefonu qırmışdır. Bununla da həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası İXM-nin 104.1.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə icraatın dayandırılması haqqında qərar qəbul edilmişdir. 2025-ci ilin dekabr ayında icraat təzələnmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə yaşadıqları Mingəçevir şəhəri, Şəfa bağ massivi, 1-ci döngədə yerləşən fərdi yaşayış evində keçmiş həyat yoldaşı X3 ilə aralarında mübahisə yaranmış və həmin vaxt özünü müdafiə etmək üçün onun qolundan tutmuşdur. Belə ki, Şəlalə Yusubova onu mütəmadi olaraq telefonunda olan yazışmaları yayacağı adı ilə hədələmiş və buna görə mübahisələri yaranmışdır. O, Şəlalə Yusubovaya hər hansı xəsarət yetirməmişdir. Həmin telefonu özü almışdır, mübahisə zamanı sındırmışdır. Həmin hadisə xx.xx.2024-cü il tarixdə olmuşdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahatında bildirdi ki, qeyd olunan əməl xx.xx.2024-cü il tarixdə törədilmişdir. İnzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilərdi. Şəxs qaçıb gizlənməmiş və harada olması bəlli olmuşdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata müddət keçdiyindən xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, Şəxs onun keçmiş həyat yoldaşıdır. Aralarında bağlanmış nikah pozulduqdan sonra Yusubova soyadını almışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında aralarında yaranmış mübahisə zamanı Şəxs ona müxtəlif xəsarətlər yetirmiş və istifadəsində olan “Samsung A72” markalı mobil telefonu sındırmışdır. Həmin telefon artıq 5 ildir ki, onun istifadəsindədir və özünə məxsusdur. Buna görə də xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə müraciət etmişdir. Hazırda Şəxs şikayətçidir. Onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs qəsdən döydüyünə və telefonunu sındırdığına görə, onun barəsində AR İXM-nin 157 və 232-1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli ******* №li icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələri ilə Şəxs barəsində başlanmış icraatın İXM-nin 104.1.1-ci maddəsi ilə dayandırılması qərara alınmışdır. İşdə olan Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2024-cü il tarixli 625 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində sağ mil-bilək oynağında, dirsək oynağında sıyrıqlar, alın nahiyəsində qançır xəsarətləri bərk küt əşyanın (alətin-lərin) təsirindən əmələ gəlmiş, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixinə uyğundur, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmamışdır. İşdə olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 105 №li rəydən görünür ki, 1 ədəd “Samsung A72” markalı mobil telefonun xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti 350 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, inzibati tənbeh tətbiq etmə müddəti başa çatmışdır. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xətanın xx.xx.2024-cü il tarixdə törədildiyini nəzərə alsaq, hazırkı vaxtda inzibati xətanın törədildiyi vaxtdan bir il müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətadan 1 ildən çox müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-991/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-991/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver