Məhkəmə qərarları › İş №3(051)-995/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-995/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-995/2023 25.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, İnzibati Xəta haqqında protokolu tərtib edən şəxs X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs xx.xx.1974–cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Yevlax rayonu Hacıselli kəndində yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Mingəçevir şəhərində qanunsuz olaraq narkotik vasitə olan marixuanadan istifadə etmiş və DİN-nin BNMİ QBRŞ-ı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 206–cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir BNMİ QBRŞ-in əməliyyat müvəkkili, polis baş leytenantı X2 məhkəmə iclası zamanı izahatında protokolun dəlillərini müdafiə etdi və şəxs barəsində səmimi peşmançılığına inanaraq daha yüngül cəza təyin olunmasını xahiş etdi. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bildi və izahatında göstərdi ki, 23 dekabr 2023-cü il tarixdə, saat 13:50 dəqiqədə yaşadığı Mingəçevir şəhəri, Nizami küçəsi, 19/1 saylı binanın qarşısında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələri əldə etməyi və üzərində saxlamağında şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Mingəçevir ŞPŞ-nin inzibati binasına dəvət etmişlər. QBRŞ-də dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən l(bir) ədəd kibrit qutusunu təqdim etmiş və onun içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan başqa, gödəkçəsinin sol yan cibindən içərisində siqaret dənələri olan 1 (bir) ədəd siqaret qutusu, üzərində 055 *** ** ** mobil nömrəsi olan 1 (bir) ədəd mobil telefon, göy rəngli şalvarın sol yan cibindən ümumilikdə 156 (yüz əlli altı) manat pul aşkar olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisi 5,16 (beş tam yüzdə on altı) qram olmuşdur. Aşkar olunmuş maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri onun tərəfindən imzalanmışdır. Aşkar edilmiş mobil telefon götürülmüş, 156 manat məbləğində pul və siqaret qutusu isə ona geri qaytarıldı. Üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu, başqa hər hansı bir yerdə narkotik vasitə saxlamadığını, həmin narkotik vasitəni 10 gün öncə yaşadığı binanın qarşısından tapdığını, istifadə etmək məqsədilə üzərində saxladığını, daha əvvəl üzərinə baxış keçirilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Əməlindən peşmandır. Barəsində həbslə bağlı olmayan qərar çıxarılmasını xahiş edir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs narkotik vasitə qəbul edərək inzibati xəta törətmişdir. İşə əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, cinayət tərkibinin əlamətləri olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş məhkəmə ekspertizası mərkəzinin X4 ekspert rəyindən görünür ki, Şəxs üzərində aşkar olunan maddə, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2.13 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullu hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2023-cü il tarixli 3855/2023 saylı protokoldan görünür ki, Şəxs sərxoşluq əlamətləri müəyyən olunmamışdır. İşə əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 2087 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. İşə əlavə olunmuş 23 dekabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış başlamışdır. Şübhəli şəxsin tutulmadan azad edilməsi haqqında 24 dekabr 2023-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs qismində tutulmuş Şəxs dərhal azad edilmiş və şübhəli şəxs qismində statusuna xitam verilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuana qəbul etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh növündə əsas, həmçinin inzibati həbs növündə inzibati tənbehi çəkilib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə növündə əlavə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, həmçinin inzibati həbs növündə inzibati tənbehi çəkilib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 25 dekabr 2023–cü il tarixdən saat 18:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Məcburi müalicə həbs növündə inzibati tənbehi çəkilib qurtardıqdan sonra icra edilsin. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Məcburi müalicənin icrasına nəzarət Mingəçevir İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar