Məhkəmə qərarları › İş №3(052)-13/2023

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-13/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-13/2023 01.03.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X5 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Naftalan Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx xxx 1983-cü ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 26, mənzil 13-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsində tərtib edilmiş material baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 01 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində Naftalan şəhəri ərazisində narkotik vasitə olan marixuana istifadə etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, spirtli içkilərdən mütəmadi olaraq istifadə etməsinə baxmayaraq, narkotik vasitə olan marixuanadan daimi istifadə etmir. Naftalan şəhərində keçirilən toy mərasimində iştirak edən zaman az miqdarda marixuana çəkmişdir. Hazırda törətmiş olduğu əməldən peşmandır. Himayəsində bir nəfər azyaşlı uşağı vardır. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan MN ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il, saat 20:40 radələrində inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il saat 18:15-də azad edilmişdir İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 9 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, material üzrə İXM-nin 206-cı maddəsi ilə iş üzrə icraat aparılması üçün qərarın surəti aidiyyəti üzrə Naftalan ŞPŞ-nə göndərilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 05 yanvar 2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. İş materiallarında olan Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş 07 yanvar 2023-cü il tarixli 08 nömrəli rəydə qeyd edilmişdir ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyi aşkar edilmişdir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli özünün etirafedici ifadəsi ilə yanaşı işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarından görünür ki, Şəxs xx.xx.2017-ci il təvəllüdlü X4 adında azyaşlı uşağı vardır. Şəxs törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını məhkəmə onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.4-cü maddəsində qeyd edilmişdir ki, şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Odur ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün barəsində inzibati həbs tənbehinin tətbiq edilməsi daha əsaslıdır. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəzalandırılmalı, həmçinin həbs tənbeh növünun müddəti seçilərkən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək inzibati qaydada tutulmuş olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla üzərində 13 (on üç) gün müddətə inzibati həbs saxlanılsın. İnzibati həbsin əvvəli 01 mart 2023-cü il saat 17:30-dan hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın icrası Naftalan Şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar