Məhkəmə qərarları › İş №3(052)-16/2024

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-16/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-16/2024 18.07.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X7 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə. "X9-Tədris Mərkəzi" MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "X9-Tədris Mərkəzi" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin baş müfəttişi X2 tərəfindən tərtib edilmiş 01 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "X9-Tədris Mərkəzi" MMC tərəfindən xx.xx.2024-cü il, saat 10:00-da açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlər vaxtında və tam yerinə yetirilməmışdır. Məhkəmə iclasında X6 İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, "X9-Tədris Mərkəzi" MMC-nin istifadəsində olan “English Camp” adlanan obyektdə qanunsuz reklam yayımlanmışdır. Belə ki, cəmiyyətin direktoru Rövlanə Heydərova xx.xx.2024-cü il tarixdə açıq məkanda bir ilik reklam yerləşdirilməsinə icazə verilməsi barədə müraciət etmiş, lakin sonradan dövlət rüsumunu və qanunla müəyyən edilmiş yayım haqqını ödəməmişdir. Bundan sonra o, dəfələrlə xəbərdarlıq edilmiş, lakin qeyd edilən məbləğlərin ödənilməsini həyata keçirməmişdir. xx.xx.2024-cü il tarixdə "X9-Tədris Mərkəzi" MMC-yə açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə yazılı göstəriş göndərilmiş və 5 gün müddətində rəsmi icazənin alınması bildirilmişdir. xx.xx.2024-cü il tarixdə "X9-Tədris Mərkəzi" MMC açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilmiş yazılı göstərişi yerinə yetirmədiyindən barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi üçün Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinə dəvət olunmasına baxmayaraq, nümayəndəsi iştirak etməmişdir. Dəfələrlə idarənin müfəttişləri tərəfindən cəmiyyətin rəhbəri X1 ilə reklam yerləşdirilməsinə icazə alınması və qanunda nəzərdə tutulmuş məbləğlərin ödənilməsi tələb olunsa da, o, bəhanələr gətirərək bundan imtina etmişdir. Bu səbəbdən idarə tərəfindən hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri əsasən protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, "X9-Tədris Mərkəzi" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 11-3-3/2-760/2024 saylı açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə yazılı göstərişdən görünür ki, ünvan 1 ünvanında yerləşən “İngilis dili düşərgəsi” adlı obyektdə açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsinə müraciət etməsinin tələb olunması və bu tələblər yerinə yetirilmədikdə, tərəflərindən müvafiq reklamın (reklamların) yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcəyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin xx.xx.2024-cü il tarixli 11-3-3/2-1107/2024 nömrəli məktubundan görünür ki, "X9-Tədris Mərkəzi" MMC yazılı göstərişin alınmasından 5 gün müddət keçməsinə baxmayaraq icazə almadığından və qanunla müəyyən edilmiş yayım haqqını ödəmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı və cəmiyyətin nümayəndəsinin protokolun tərtib edilməsində iştirak etməsi üçün dəvət olunmuşdur. İş materiallarına əlavə edilmiş "X9-Tədris Mərkəzi" MMC tərəfindən Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə müraciətdən görünür ki, cəmiyyət “English Camp” adlı sahibkarlıq obyektində 01 yanvar 2024-cü il tarixdən 01 yanvar 2025-ci il tarixədək reklam yerləşdirilməsi üçün icazə sənədinin verilməsi üçün müraciət etmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu 26.1. Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.1-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26.2. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. 31.3. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, "X9-Tədris Mərkəzi" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "X9-Tədris Mərkəzi" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 5000 (beş min) manat inzibati qaydada cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar