Məhkəmə qərarları › İş №3(052)-19/2024

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-19/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-19/2024 06.08.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X6 Aydın oğlunun sədrliyi, Əmrahov Elnur Qayım oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X3 nümayəndəsi Nümayəndə iştirakı ilə. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 12 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 12 iyul 2024-cü il tarixdə saat 15:00-da ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus müəssisədə keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar “fizioteropevt” və “klinik biokimyəvi” iş və fəaliyyət, sertifikatsız özəl tibbi praktiki fəaliyyət (həkim ginekoloq X2 və s.) ilə məşğul olma faktları aşkarlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi iclasa gəlməmişdir. Məhkəmə işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X3 nümayəndəsi Nümayəndə protokolu əsaslandıraraq bildirdi ki, 12 iyul 2024-cü il tarixdə Şəxs MMC-yə məxsus sanatoriyada planlı yoxlama keçirilmiş, yoxlama zamanı sanatoriyada sertifikatsız tibb fəaliyyəti ilə məşğul olma, həmçinin lisenziyadan kənar fizioterapevtik və klinikbiokimyəvi iş və fəaliyyətin olması aşkar edilmişdir. Belə ki, X2 adlı şəxs həkim-mamaginekoloq kimi rəsmi əmək müqaviləsi ilə sanatoriyada ginekoloji fəaliyyət göstərsə də, sertifikasiyadan keçməmişdir. Həmçinin müəyyən olunmuşdur ki, sanatoriyada fizioterapevtik və klinik-biokimyəvi fəaliyyətlə məşğul olmaları üçün lisenziya alınmamışdır. Buna baxmayaraq sanatoriyada həmin fəaliyyətlə uzun müddətdir məşğul olunmuşdur. Sadalananlar pozuntu olduğu üçün müvafiq inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə orqanın nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilmiş olması tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş 21 iyun 2024-cü il tarixli 3-28-1/3-2-696/2024 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında qərardan görünür ki, Şəxs MMC-də planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 10 iyul 2024-cü il tarixli 422 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 özəl tibb müəssisənin planlı (növbəti) yoxlama aktından görünür ki, Şəxs MMC-də Naftalan şəhəri, Nizami küçəsi 7-də yerləşən müəssisədə planlı (növbəti) yoxlama aparılmışdır. Yoxlama zamanı müəssisədə çalışan tibb işçilərinin əksəriyyətinin tibbi sertifikasiya şəhadətnaməsindən keçmədən praktiki tibbi fəaliyyətlə məşğul olması, eləcə də müəssisənin lisenziyasında göstərilən işlərdən kənar iş və fəaliyyət aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “X1” X5nə daxil olmuş Şəxs MMC-yə dair məlumat cədvəlindən görünür ki, həmin hüquqi şəxsin fəaliyyət göstərdiyi ünvan 1-də yerləşən müəssisədə terapevtik, kardioloji, nevropatoloji, dermatoloji, uroloji, ginekoloji(ekstrakorporal mayalandırma istisna olmaqla), ultrasəs müayinəsi və klinik ixtisas növləri üzrə tibbi fəaliyyətlə məşğul olmağa icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC ilə X2 arasında həkim-mama-ginekoloq vəzifəsi üzrə müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Odur ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 215.1-ci maddəsinin sanksiyasına əsasən 6000 (altı min) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 215.1-ci maddəsinin sanksiyasına əsasən 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar