Məhkəmə qərarları › İş №3(052)-31/2023

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-31/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-31/2023 26.05.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X31 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X11nin Tibbi Nəzarət Şöbəsinin baş mütəxəssisi X12 tərəfindən tərtib edilmiş 12 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 12 aprel 2023-cü il tarixdə saat 15:00-da ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində planlı yoxlama keçirilən zaman lisenziyadan müəssisədə kənar fizioterapevtik, ginekoloji, laboratoriya işləri üzrə fəaliyyət və sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyətin olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi (vəkil) Vəkil izahat verərək bildirdi ki, Şəxs MMC yüksək standartlara cavab verən “Qarabağ Resort and Spa” 5 ulduzlu sanatoriya-kurort tipli hoteli idarə edir. Hotel uzun illərdir fəaliyyət göstərir. Hal-hazırda hoteldə 210 nəfər işçi çalışmaqdadır və bu deyilənlər şirkətin regionda həm iqtisadi, həm də sosial aspektlərdən böyük əhəmiyyətini göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X11nin Tibbi Nəzarət şöbəsi tərəfindən sanatoriyada yoxlama aparılmış və yoxlamanın nəticələrinə dair 12 aprel 2023cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolun tərtib edilməsinə əsas kimi İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4 maddələrinin tələblərinin pozulması göstərilmişdir. Həmin protokol “Azbiznesservis MMC”-nin direktoru Azar Muradov tərəfindən imzalansa da, o, əslində protokolun mətni ilə tanış olmamışdır. Sonradan isə məlum olmuşdur ki, şikət barəsində ağır maddələr ilə ədalətsiz protokol tərtib edilmişdir. Yoxlayıcı tərəfindən protokolda göstərilənlərlə elə qələmə vermişdir ki, sanki müəssisə ambulator və stasionar tibb müəssisədir. Halbuki hotelin əsas faəliyyəti sanatoriya və kurort olmaqla əlavə olaraq icazə verilən tibbi xidmətlərin göstərilməsi ilə məşğuldur. Yəni ki, qonaqlar bura əsasən istirahət etmək üçün gəlir və əlavə olaraq burada göstərilən spesifik tibbi xidmətlərdən yararlanır. Lakin protokolda göstərilənlər işin faktiki hallarına uyğun gəlmir. Belə ki, tələb olunmayan tələblər protokolda nöqsan kimi göstərilmiş, iş üzrə materiallarda ziddiyətli məqamlar və sübutlar olmaqla yoxlayıcı tərəfindən yanlışlığa yol verilmişdir. 12 aprel 2023-cü il tarixli 222 saylı Yoxlama Aktının qeyd hissəsinin birinci abzasında qeyd olunur ki, “müəssisədə tibbi qeydiyyat işləri aparılmır” lakin növbəti cümlədə yoxlayıcı yazdığını təkzib edərək qeyd edir ki, qeydiyyat “Karmed Soft” proqram təminatı ilə xüsusi “chek-up” (yoxlanış) vərəqələri tərtib edilməklə keçirilir. Göründüyü kimi şirkətdə “Özəl tibb fəaliyyəti haqqında” AR Qanunun 9-cü maddəsinin 3-cü bəndinə, “Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar.” riayət etməklə qeydiyyat işləri aparılır. Həmin abzasda yoxlayıcı əsassız olaraq qeyd edir ki, “Tibbi tullantıların idarə olunmasına dair tələblərə” müvafiq olaraq təlimatlar tərtib edilməyib. Halbuki belə bir təlimatların tərtib edilməsi qanunla tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə “Tibbi tullantıların idarə olunmasına dair Tələblər” özü təlimat funksiyasını yerinə yetirir və bu təlimata uyğun da fəaliyyət göstərilir. Digər protokolda qeyd olunan təlimatlar ilə bağlı qeyd olunmalıdır ki, həmin tələblər qanunla tənzimləndiyi üçün şirkətin hər hansı əlavə təlimatın tərtib edilməsinə zərurət görülməmişdir. Yoxlayıcı qeyd edir, müəssisədə ginekoloji fəaliyyət sahəsi və fəaliyyət mövcuddur. Halbuki belə bir fəaliyyətin faktiki olaraq aparılması və kiməsə göstərilməsi halları iş üzrə materiallarla öz təsdiqini tapmamışdır. Cəmiyyət ilə X13 ilə həkim-ginekoloq vəzifəsi üzrə müqavilə bağlanılmış olsa da, həmin şəxs faktiki olaraq orada qinekoloq kimi fəaliyyət göstərmir. Həmçinin o, faktiki olaraq sertifikasiyadan keçmiş olmasa da, lakin həmin fəaliyyəti faktiki göstərmədiyindən bunun hər hansı bir əhəmiyyəti qalmır. 29 dekabr 2017-ci il tarixli Lisenziyaya əsasən müəssisəyə Terapiya, Kardiologiya, Nevropotologiya, Dermatologiya, Şua diaqnostikası kimi işlərə icazə verilmişdir. Lakin regionda nevropologiya və şua diaqnostikası üzrə ixtisaslı mütəxəssilərin olmadığına görə həmin sahə üzrə işlərin aparılması mümkün olmamışdır. Müəssisədə yalnız terapiya, kardiologiya və dermatologiya fəaliyyət sahəsi üzrə ixtisaslı mütəxəsisslər olduğuna görə yalnız həmin işlər aparalır. Buna baxmayaraq, yoxlayıcı bunu nöqsan kimi tutaraq həmin işlərin aparılmasını vəzifə kimi göstərmişdir. Halbuki, həmin sahələr üzrə fəaliyyət göstərməyimizə icazə verilib yüklü edilməyib. Həmçinin qeyd edilmişdir ki, lisenziyadan kənar “fizioterapiya”, “ginekoloji” “kosmetoloji” “laboratoriya” fəaliyyət sahələri aşkar edilmişdir. Yoxlayıcı bununla da, İXM-in 215.1-ci maddəsinin dispozisiyasında qeyd olunan “fəaliyyətinin həyata keçirilməsinə görə” ilə “fəaliyyət sahəsinin aşkar edilməsi” müddəalarının fərqlərini düzgün anlamamışdır. Fəaliyyət sahəsinin aşkar edilməsi və fəaliyyətin həyata keçirilməsi arasında böyük fərq var. Faəliyyət sahəsi mövcüd ola bilər, lakin həmin fəaliyyət icazə verilmədiyinə görə həyata keçirilməyə də bilər. Yoxlayıcı yalnız fotoşəkillərlə kifayətlənmiş və faktiki olaraq fəaliyyətin həyata keçirilməsinin təsdiq edilməsinə dair heç bir sübut təqdim etməmişdir. Fəaliyyətin həyata keçirilməsi o halda təsdiq olunardı ki, hansısa pasientə faktiki xidmət göstərilsin və buna dair resept tərtib edilsin, müalicə-anket sənədləri və yaxud həmin xəstəyə həmin sahə üzrə qeydiyyat sənədləri aparılsın. Lakin müəssisədə bu xidmətlər göstərilmədiyinə görə qeyd olunan sənədlər tərtib edilməmiş və buna görə də müəssisənin əməlidə İXM-in 215.1-ci maddəsinin tərkib hissəsini yaratmır. Yəni ki, şirkət həmin maddənin dipsozisiyasını pozacaq hər hansı bir hərəkət etməmişdir. Qeyd olunmalıdır ki, şirkətdə lisenziyadan kənar işlər aparılmır. Laboratoriya otağının mövcud olmasına baxmayaraq həmin laboratoriya faktiki olaraq fəaliyyət göstərmir. Əgər müəssisədə laboratoriya fəaliyyət göstərmişdirsə həmin laboratoriyada analiz nəticələri olmalı idi. Lakin yoxlayacı yalnız fotoşəkillərlə kifayətlənmişdir. Bundan başqa yoxlayıcı qeyd edir ki, müəssisədə kosmetoloji xidmətlər göstərilir. Halbuki kosmetoloji adlanan otaq kosmetoloji xidmətlər üçün deyil bərbərxana kimi fəaliyyət göstərir. Qonaqların şəxsi gözəllik tələbatlarının ödənilməsi üçün məsələn, saç kəsimi, dırnaq, qaynaq işləri və sair. Cərrahi və sair dəri altı xidmətlər göstərilmir. Yoxlayıcı işçi X6 əmək müqaviləsi bildirişində vəzifənin adı səhv yazıldığına görə müəssisənin kosmetoloji xidmətlərin göstərilməsi qənaətinə gəlmiş və yalnız fotoşəkillərlə kiayətlənmişdir. X2 və X18 massaj xidmətlərini göstərirlər. Lakin yoxlayıcı massaj xidmətlərini qanunsuz olaraq özəl tibb fəaliyyət növünə aid etmişdir. Halbuki massaj işi özəl tibbi fəaliyyət sahəsinin siyahısında nəzərdə tutulmayıb. Yoxlayıcı işçi-X7 barəsində isə ümumiyyətlə kobud səhvə yol verərək həmin işçinin özəl tibbi fəaliyyət sahəsi ilə məşğul olmağa icazəsinin olmadığını hesab etmişdir. Halbuki Səhiyyə Nazirlyinin 14 mart 2019-cu il tarixli 2137 saylı Şəhadətnaməsi ilə işçiyə müalicə işi üzrə tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa icazə verilmişdir. Bundan başqa yoxlayıcı qeyd edir ki, işçilər – “X19, X14, X15, X9 və X1 cəlb edilərək kurslardan keçirilməsi və imtahan üçün qeydiyyat işləri aparılsa da, cari olaraq müəssisədə praktik özəl tibb fəaliyyətlərini davam etdiyini qeyd edir”. Bunu deməklə yoxlayıcı müəssisədə sanki sertifikasiyadan keçən işçilərin olmadığını qələmə vermişdir. Halbuki müəssisədə kifayət qədər ixtisaslı və sertifikasiyadan keçmiş işçilər mövcuddur. Yoxlayıcının adlarını çəkdiyi işçilər isə qeyd olunduğu kimi sertifikasiyadan keçmək üçün lazımi tədbirlər görülüb və həmin işçilər şirkətdə işçi kimi qeydiyyatda olsalar da faktiki olaraq tibbi və əczaçılıq fəaliyyətinə buraxılmayıblar. Tibbi personaldan pasientlərlə münasibətdə yalnız sertifikasiyadan keçmiş ixtisaslı işçilər olur. Bununla da yoxlayıcı İXM-in 215.4-cü maddəsinin tələblərinin pozulmasını ziddiyətli sübutlarla təsdiq etmişdir və heç bir təsdiq edən sənəd olmadan həmin işçilərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxıldığını hesab etmişdir. Göründüyü kimi, müəssisənin adı çəkilən işçilərinin sertifikasiyadan keçirilməsi üçün lazımi tədbirlər görülüb, lakin Səhiyyə Nazirliyi tərəfindən imtahan keçirilməsi vaxtları təyin olunmadığına görə işçilər vaxtında keçə bilməmişdilər. X3 xx.xx.2023-cü il tarixli qərarla imtahandan uğurla keçmişdir. Digər işçilərin imtahanları isə xx.xx.2023-cü il tarixdə baş tutacaq. Bundan başqa qeyd edilməlidir ki, regionda işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əmək imkanlarına çıxışının asanlaşdırılması və maddi rifahının yaxşılaşdırılması hər kəsin borcudur. İşçini formal məsələlərə görə haqsız yerə əmək hüququndan məhrum etmək olmaz. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası” nın 6.1-ci maddəsinə əsasən “Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər.” Bu səbəbdən həmin işçilər şirkətdə əmək haqqı saxlanılmaqla işçi kimi qeydiyyatdadılar. Lakin, həmin işçilər hər hansı bir tibbi və əczaçılıq işlərinə buraxılmayıblar. Yoxlayıcının təqdim etdiyi sənədlərdə və işin faktiki hallarında adı çəkilən işçilərin hər hansı bir xəstəyə və ya pasientə qulluq etməsi, resept yazması, müayinəyə təyin etməsi, qeydiyyata alması və sair xidmətlərin göstərilməsi kimi hallar mövcüd deyil. Sadəcə işçilərin işdə vəzifəsi göstərməklə qalması həmin işçilərin praktik tibbi və əczaçılıq fəaliyyətinə burasılması anlamına gələ bilməz. Hesab edirlər ki, yoxlayıcı hər iki maddənin həm 215.1, həm də 215.4-cü maddələrinin dispozisiyasında göstərilən tələblərə uyğun kifayət qədər araşdırma aparmayıb, düzgün yoxlama aparmayıb, yalnız ziddiyətli və əsassız sübutlarla kifayətlənərək həmin maddələrin pozulduğunu hesab etmişdir. Halbuki, Şəxs MMC-nin əməlində İXM-in 215.1 və 215.4-cü maddələri üzrə inzibati xəta tərkibi olmamışdır. Odur ki, barəsində icraat aparılan cəmiyyətin məsuliyyətdən azad olunması və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin (vəkil) izahatını dinləyib, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC-nin İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş olması tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş 30 mart 2023-cü il tarixli 339 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X11 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında qərardan görünür ki, Şəxs MMC-də planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 12 aprel 2023-cü il tarixli 222 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X11 özəl tibb müəssisənin planlı (növbəti) yoxlama aktından görünür ki, Şəxs MMC-nin ünvan 1ndə yerləşən müəssisəsində planlı (növbəti) yoxlama aparılmışdır. Yoxlama zamanı müəssisədə çalışan tibb işçilərinin əksəriyyətinin tibbi sertifikasiya şəhadətnaməsindən keçmədən praktiki tibbi fəaliyyətlə məşğul olması, eləcədə müəssisənin lisenziyasında göstərilən işlərdən kənar iş və fəaliyyət aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən “X11” Publik Hüquqi şəxsinə daxil olmuş Şəxs MMC-yə dair məlumat cədvəlindən görünür ki, hüquqi şəxsin fəaliyyət göstərdiyi ünvan 1ndə yerləşən müəssisəsində Terapevtik, Kardioloji, Nevropatoloji, Dermatoloji və Ultrasəs müayinəsi ixtisas növləri üzrə tibbi fəaliyyətlə məşğul olmağa icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2017-ci il tarixdə Şəxs MMC ilə X13 arasında Həkim-ginekoloq vəzifəsi üzrə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs MMC ilə X8 arasında Həkim-terapevt vəzifəsi üzrə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Tibbi və Əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə 2137 nömrəli Şəhadətnamədən görünür ki, X8 baza ali təhsili “Müalicə işi” ixtisası üzrə tibbi (əczaçılıq) fəaliyyəti ilə məşğul ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Odur ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin sanksiyasına əsasən 6000 (altı min) manat məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 215.1-ci maddəsinin sanksiyasına əsasən 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar