Məhkəmə qərarları › İş №3(052)-32/2025

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-32/2025

21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-32/2025 21.06.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X12 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan şəhər polis şöbəsinin X1 polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə. xx.xx.1987-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev 26, mənzil 23-də qeydiyyata olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Naftalan şəhər polis şöbəsində tərtib olunmuş material baxılması üçün 21 iyun 2025-ci il tarixdə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 21 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 20 iyun 2025-ci il tarixdə Naftalan şəhərində saat 23:30-radələrində Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan şəhər polis şöbəsinin polis sahə rəisi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında qeyd etdi ki, hazırda Bakı şəhərində işləyir. Hadisədən bir gün qabaq müharibə veteranı kimi pul alması üçün ona verilmiş kartını götürmək üçün ünvan 1 ünvanda yerləşən evlərinə gəlmiş, kartını axtarmış, lakin tapa bilməmişdir. Bu səbəbdən hazırda Goranboy rayonu Safıkürd kəndində qalan ata və anasının yaşadığı evə getmiş, onlardan pul kartının harada olduğunu soruşmuşdur. Onlar isə cavabında kartını Etibar adlı şəxsdə olduqlarını demişlər. Bundan sonra aralarında mübahisə yaranmış və o, əlini stolun üzərinə çırparaq evdən çıxmış və yenidən Naftalan şəhərində yerləşən evlərinə qayıtmışdır. Həmin gün axşam evdə yatan zaman saat 23:30da qapının döyüldüyünü eşitmiş, qapını açmış və polis əməkdaşlarının atası ilə birlikdə qapıda dayandığını görmüşdür. O, onlardan nə üçün gəldiklərini soruşmuş, polis əməkdaşları isə ona atasının ondan şikayət etdiyini, bu səbəbdən gəldiklərini bildirmişlər. Bu zaman polis əməkdaşları onunla kobud rəftar etmiş, hətta onu təhqir etmişlər. Daha sonra polis əməkdaşları getmiş, o isə polislərin bu hərəkətindən əsəbləşərək DİN-nin 102qaynar xəttini zəng etmiş və polis əməkdaşlarından şikayət etmişdir. Bir müddət sonra polis əməkdaşları yenidən yaşadığı evə gəlmiş və onu zorla polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onu vurduğu vaxtlarda o da, polisləri söymüşdür. O, özünü təqsirli bilmir, hesab edir ki, baş verən hadisələrin səbəbkarı onun valideynləridir. Odur ki, məhkəmədən onun cərimə edilməsini xahiş etdi. Müdafiəçi Vəkil məhkəmə iclasında Şəxs barəsində inzibati cərimə növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan şəhər polis şöbəsinin PPXTnin polis nəfəri X3 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə post yoldaşı polis serjantı X4 ilə birlikdə xidmətdə olan zaman ünvan 2 ünvanında yaşayan X5 oğlu tərəfindən evinə buraxılmaması səbəbi ilə Naftalan ŞPŞ-nə etmiş olduğu şikayəti əsasında həmin ünvana getmişlər. Onlar oraya çatan zaman qapını bir qədər döymüş, bir neçə dəqiqədən sonra şikayətçinin oğlu Şəxs sərxoş vəziyyətdə qapını açmış və atasına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmçinin onlara yüksək səslə gecə vaxtı hansı səbəbdən evinə gəldiklərini demiş və onların, həmçinin şöbə rəsinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Turalı intizama dəvət etmələrinə baxmayaraq, o, hərəkətlərini davam etdirmiş, polisin qanuni tələblərinə qəsdən tabesizlik göstərmiş və onları təhqir etməyə davam etmişdir. Bu zaman Turalın atası İlham orada qalmaq istəmədiyini, qalacağı təqdirdə Turalın onu öldürəcəyindən qorxduğunu deyərək, aşağı düşməyə başlamışdır. Tural isə söyüşlərinə davam etdiyi üçün məcburi şəkildə şöbəyə gətirilmişdir. Tural şöbədə olarkən daha da aqresivləşmiş, ətrafa zərər vurmuş və nalayiq ifadələrlə onları təhqir etmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan şəhər polis şöbəsinin PPXTnin polis nəfəri X4 digər şahid X3 ilə eyniməzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, Şəxs onun oğludur. Artıq uzun illərdir oğlu ona çox böyük əziyyətlər verir. 20 iyun 2025-ci il tarixdə Tural yaşadıqları evə sərxoş vəziyyətdə gəlmiş və pul kartının harada olduğunu onlardan soruşmuş, o isə bir qədər gözləyəcəyi təqdirdə kartının olduğu adamdan gətiriləcəyini demişdir. Lakin Tural əsəbi formada evdə nalayiq sözlər işlədərək onu təhqir etmiş və evi dağıdaraq çıxmış və onların binada yerləşən evinə getmişdir. Bir qədər sonra o da, yuyunmaq üçün həmin evə getmiş, lakin Tural ona qapını açmamışdır. O da, DİN 102 xidmətinə zəng edərək polis əməkdaşlarından kömək istəmişdir. Polis əməkdaşları ilə həmin ünvana gedərək qapını döymüş, bir neçə dəqiqədən sonra Tural qapını açmış və onu təhqir etməyə başlamışdır. Polis əməkdaşları onu sakitləşdirmək istəyən zaman isə Tural onları da söyməyə başlamış, polislərə ciddi müqavimət göstərmişdir. Daha sonra polis əməkdaşları Turalı şöbəyə aparmışlar. Həmçinin polislər izahat vermək üçün onuda şöbəyə dəvət etmiş və izahatını almışlar. Şöbədə olarkən isə Turalın polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etdiyinin, ətrafdakı əşyaları təpiklə vuraraq aşırdığının, polislərin isə onu çətinliklə sakitləşdirmək istədiyinin şahidi olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun təqsiri şahidlərin ifadələri, inzibati xəta haqqında protokol, habelə digər iş materialları ilə tam təsdiqini tapmışdır. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 20 iyun 2025-ci il tarixli, AZA 000982 nömrəli protokoldan görünür ki, Şəxs 20 iyun 2025-ci il tarixdə, saat 23:45-də tutulmuşdur. İş materiallarında olan Naftalan Şəhər Məhkəməsinin 10 aprel 2025-ci il tarixli 3(052)-14/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarından görünür ki, Şəxs 2025-ci ilin aprel ayında İnzibati Xətalar Məcəlləsinin eyni maddəsi ilə təqsirli bilinmiş və barəsində Naftalan Şəhər Məhkəməsinin 10 aprel 2025-ci il tarixli 3(052)-14/2025 saylı qərarı ilə 08 (səkkiz) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Odur ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxs kimi eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. Qeyd edilən hal inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Beləliklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsini və məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu 20 iyun 2025-ci il, saat 23:45dən hesablansın. Qərarın icrası Naftalan şəhər polis şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar