Məhkəmə qərarları › İş №3(052)-33/2025

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-33/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-33/2025 23.06.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X9 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan Şəhər Polis X1 Bölməsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1978-ci ildə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Goranboy rayonu, Yeni Qəsəbə bina 07, mənzil 39 da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Naftalan şəhər polis şöbəsində tərtib olunmuş material baxılması üçün 23 iyun 2025-ci il tarixdə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 23 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 22 iyun 2025-ci il tarixdə Naftalan şəhərində yerləşən Palma restoranının qarşısında ictimai qaydanı pozmuş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan şəhər polis şöbəsinin polis sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətada özünü təqsirli bilərək izahatında qeyd etdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayonunda 500 qram araq qəbul etmiş və daha sonra Naftalan şəhərində yerləşən Murov kafesində işləyən keçmiş qeyri rəsmi həyat yoldaşı Cavadova İradə ilə barışmaq üçün oradaya getmişdir. Həmin ünvanda keçmiş yoldaşı Cavadova İradəyə barışıq təklif etmişdir. Lakin İradə onunla barışmaqdan imtina etmişdir. Bundan sonra o, sərxoş olduğu üçün əsəbləşmiş və nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, onu nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Etdiyi əməldən səmimi peşmandır. Sərxoş olduğu üçün davranışlarına nəzarət edə bilməmişdir. Odur ki, məhkəmədən barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan şəhər polis şöbəsinin İTB-nin polis nəfəri, polis serjantı X5 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 11:54 radələrində 2 nömrəli postda polis baş serjantı E.İbrahimli ilə birlikdə xidmətdə olan zaman Naftalan şəhəri Şirvan prospekti ərazisində yerləşə Palma adlanan restoranın qarşısında bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətdiyini eşitmişlər. Onlar dərhal ora yaxınlaşmış və özlərini təqdim etmiş, həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Eyni zamanda həmin şəxsdən spirtli içki qoxusu gəldiyini müəyyən etmişlər. Onlar həmin şəxsi barəsində qanuni tədbir görülməsi üçün Naftalan şəhər polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Daha sonra onlara məlum olmuşdur ki, həmin şəxs keçmiş həyat yoldaşı ilə barışmaq üçün oraya gəlmiş, həyat yoldaşı isə onunla barışmaq istəmədiyi üçün ona qarşı qeyd olunan davranışlara yol vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan şəhər polis şöbəsinin inspektor-təlimatçı X4 digər şahid X5 ilə eyni məzmunlu ifadə verdi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı, inzibati xəta haqqında protokol, şahidlərin izahatları və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 22 iyun 2025-ci il tarixli, AZA 000979 nömrəli protokoldan görünür ki, Şəxs 22 iyun 2025-ci il, saat 12:10-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu 22 iyun 2025-ci il, saat 12:10dan hesablansın. Qərarın icrası Naftalan şəhər polis şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar