Məhkəmə qərarları › İş №3(052)-34/2023

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-34/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-34/2023 10.05.2023 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X8 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər Polis Şöbəsinin İTB-nin xidmət üzrə baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Azəriqaz İB-də böyük hüquq məsləhətçisi vəzifəsində işləyən, Bakı şəhəri, Nərimanov rayonu, Oruc Əliyev küçəsi 9/12 mənzil 63-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Naftalan Şəhər Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 10 may 2023-cü il tarixdə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 09 may 2023-cü il tarixli MN ******* nömrəli və 09 may 2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 09 may 2023-cü tarixdə saat 15:20 radələrində Naftalan şəhəri, H.Əliyev prospektində ictimai qaydanı pozmuş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 protokolları əsaslandıraraq Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında qeyd etdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Naftalan şəhəri, H.Əliyev prospektində yerləşən magazadan ərzaq məhsulları almaq üçün avtomobilini yolun əks hərəkət istiqamətində saxlamışdır. Avtomobilin qeyd edilən formada saxlanılmasının inzibati xəta olduğunu bilmiş olsa da, tez bir zamanda avtomobilə qayıtmış və oradan uzaqlaşmışdır. Bir müddət sonra isə onun mobil telefonuna inzibati xəta törətmiş olması barədə sms bildiriş gəlmişdir. Həmin vaxt pozuntunun aşkar edildiyi yerdə yol patrul xidmətinin əməkdaşları olmadığı üçün protokoun kim tərəfindən yazılmış olmasını öyrənmək üçün həmin yerə qayıtmışdır. Orada olarkən iki nəfər post patrul xidmətinin əməkdaşına yaxınlaşaraq protokolun onlar tərəfindən tərtib edilibedilmədiyini soruşmuş, bu zaman polis əməkdaşlarının yanında olan mülki geyimli şəxs ona kobud şəkildə cavab vermişdir. O isə həmin şəxsdən kim olduğunu, əgər polis əməkdaşıdırsa sənədlərini təqdim etməsini tələb etmişdir. Bu zaman həmin mülki geyimli şəxs kobud şəkildə özünün də polis olduğunu, ona heç bir sənəd göstərməyəcəyini, protokoldan isə hara istəyirsə şikayət edə biləcəyini ona bildirmiş və qolundan tutaraq onu dartmağa başlamışdır. Həmin vaxt yanında olan dostu vəziyyətə müdaxilə etmək istəsə də, o buna imkan verməmiş, hətta dostundan polis əməkdaşlarına mane olmamağı istəmişdir. Hadisə zamanı heç bir inzibati xəta hadisəsi baş verməmişdir. Belə ki, o, ictimai qaydanı pozmamış və polis əməkdaşlarının qanini tələblərinə tam şəkildə tabe olmuşdur. Lakin buna baxmayaraq barəsində əsassız yerə protokol tərtib edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan ŞPŞ-nin Post-patrul xidməti tağımının polis nəfəri X2 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 15:20 radələrində Naftalan şəhəri, H.Əliyev prospektində polis kiçik serjantı Xaliq Quliyev ilə xidmətdə olarkən **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Həci Telekom” adlanan telefon mağazasının qarşısında yolun əks istiqamətində park edildiyini görmüşlər. Bu barədə əl rabitə vasitəsi ilə şöbəyə məlumat vermiş və yol patrul xidmətinin əməkdaşları oraya gələrək həmin avtomobilin sahibi barəsində protokol tərtib etmişlər. Hadisədən 20- 25 dəqiqə sonra, Şəxs adlı şəxs onlara yaxınlaşaraq barəsində cərimənin kim tərəfindən yazıldığını soruşmuşdur. Onlar cərimənin yol polis əməkdaşları tərəfindən yazıldığını, əgər şikayəti varsa rəsmi qaydada edə biləcəyini ona bildirmişlər. Lakin Şəxs onların protokol tərtib etmək səlahiyyətləri olmadığını və həmin vaxt orada yol patrul xidmətinin əməkdaşlarının olmadığını bildirərək mübahisə etməyə başlamışdır. Bu zaman o, “siz kimsiniz ki mənə cərimə yazırsınız, sizdən şikayət edib başınıza oyun açacam, yazdığınız protokolun arxasında dura bilməyəcəksiniz” demişdir. Onlar Raufu bir neçə dəfə nizamintizama dəvət etsələr də, Rauf onların tələbinə qəsdən tabe olmayaraq hərəkətlərini davam etdirmişdir. Rauf yüksək səslə danışdığı üçün ətrafda olan insanların diqqətini çəkmiş və oraya insanlar toplaşmışlar. Daha sonra Şəxs PPX-nin avtomobili ilə şöbəyə gətirilərək barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Naftalan ŞPŞ-nin Post-patrul xidmətinin polis nəfəri X4 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 15:20 radələrində Naftalan şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun əks istiqamətində park edildiyini görmüşlər. Bu səbəbdən pozuntu barədə yol patrul xidmətinin əməkdaşlarına məlumat vermişlər. Bir neçə dəqiqədən sonra YPX əməkdaşları gələrək avtomobilin şəkilini çəkmiş və bu barədə tədbir görmüşlər. Bir müddət sonra oraya həmin avtomobilin sahibi Şəxs gəlmiş və əsəbi formada onlarla mübahisə etməyə başlamışdır. Bu zaman Rauf “siz kimsiniz mənə cərimə yazırsınız, şikayət edib başınıza oyun açacağam, görək yazdığınız cərimənin arxasında dura biləcəksinizmi” demişdir. Şəxs bir neçə dəfə nizam-intizama dəvət etsələr də, heç bir nəticəsi olmamış, Rauf uca səslə ictimai qaydanı pozmağa davam etmişdir. Bu səbədən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun təqsiri şahidlərin ifadələri, inzibati xəta haqqında protokollar, habelə digər iş materialları ilə tam təsdiqini tapmışdır. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 09 may 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 09 may 2023-cü il, saat 15:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu 09 may 2023-cü il, saat 15:30dan hesablansın. Qərarın icrası Naftalan Şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. im (İmza)«əsli ilə düzdür» Hakim: Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar