Məhkəmə qərarları › İş №3(052)-39/2025

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-39/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-39/2025 11.08.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X5 Aydın oğlunun sədrliyi, Əmrahov Elnur Qayim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan şəhər polis şöbəsinin X1 polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Qaragüney kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan şəhər polis şöbəsində tərtib edilmiş material baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. İş üzrə 10 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Naftalan şəhər polis şöbəsinin X1 polis sahə rəisi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, “Vətən müharibəsi” zamanı ilk dəfə yabanı halda narkotik vasitələr taparaq istifadə etmişdir. Daha sonra nadir hallarda da istifadəyə davam etmişdir. xx.xx.2025-ci il tarixdə ofisiant kimi iş tapmaq üçün Naftalan şəhərinə gəlmişdir. Həmin vaxtı üzərində şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə olmuşdur. Naftalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Firəddin" ailəvi istirahət mərkəzinin qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman o, üzərində olan narkotik vasitəni könüllü təqdim etmiş və özü üçün istifadə etdiyini etiraf etmişdir. Həmin narkotik vasitəni yaşadığı Sabirabad rayonu, Qaragüney kəndində Kür çayının kənarından yabanı halda bitmiş bir ədəd koldan toplamışdır. Narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əməlindən səmimi peşmandır. Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 09 avqust 2025-ci il tarixli şübhəli şəxs statusuna xitam verilməsi və şəxsin azad edilməsi barədə qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bağlı şübhəli şəxs statusuna xitam verilmiş və Naftalan ŞPŞ-nin MYS-dən dərhal azad edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 09 avqust 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, material üzrə İXM-nin 206-cı maddəsi ilə iş üzrə icraat aparılması üçün qərarın surəti aidiyyəti üzrə Naftalan ŞPŞ-nə göndərilmişdir. İş materiallarında olan Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş 09 avqust 2025-ci il tarixli 1261 nömrəli rəydə qeyd edilmişdir ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 bölməsi tərəfindən təqdim edilmiş 09 avqust 2025-ci il tarixli, 17/597 nömrəli rəydə qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2025-ci il tarixdə Şəxs Naftalan şəhəri ərazisində üzərindən götürülmüş kütlə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi- 2,19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkiləri – 2,19 qr, tədqiqata sərf edildi -0.02 qr, qalıq 2.17 qr.) “İnzibati qaydada tutma haqqında” 09 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 22:10-da tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsində göstərilir ki, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 34.55 manat məbləğində pul vəsaiti dövlət hesabına aid edilməlidir. Beləliklə məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət edir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.4-cü maddəsində qeyd edilmişdir ki, şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Odur ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsində qeyd edilmişdir ki, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 94.11-ci maddəsində qeyd edilmişdir ki, götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə aparılmış narkoloji ekspertiza tədqiqatının dəyəri olan 34.55 mana pul vəsaiti dövlət büdcəsinə aid edilsin. Şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 2.17 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın maddi sübutun məhv edilməsinə dair hissədə icrası Naftalan şəhər İcra və probasiya şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar