Məhkəmə qərarları › İş №3(052)-45/2024

Naftalan Şəhər Məhkəməsi Qərar — İş №3(052)-45/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naftalan şəhəri İş № 3(052)-45/2024 27.12.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X10 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Naftalan Şəhər Polis X1 Bölməsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə. xx.xx.1998-ci il tarixdə Bərdə rayonu Mirzalıbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, subay, Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naftalan Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Naftalan Şəhər Polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material 27 dekabr 2024-cü il tarixdə baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir. 27 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 27 dekabr 2024-cü il tarixdə saat 09:30 radələrində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və bu zaman nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Naftalan Şəhər Polis X1 Bölməsinin polis sahə rəisi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, Bərdə rayonu Mirzalıbəyli kəndində daimi yaşayır. Naftalan şəhərinə isə əsgər yoldaşı ilə görüşməyə gəlmişdir. 27 dekabr 2024-cü il tarixdə səhər saatlarında Naftalan şəhər ərazisində yerləşən marketin qarşısında uca səslə danışan zaman polis əməkdaşları yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. O isə əsəbi olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu zaman polislər onu izahat vermək üçün şöbəyə dəvət etmiş, lakin o, bundan boyun qaçırmışdır. Daha sonra o, polis əməkdaşları tərəfindən xidməti avtomobilə əyləşdirilərək məcburi şəkildə polis şöbəsinə gətirilmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Naftalan şəhər polis şöbəsinin PPXTnin polis nəfəri X5 ifadə verərək bildirdi ki, 27 dekabr 2024-cü il tarixdə səhər saatlarında polis serjantı Xəyal Hüseynovla xidmətdə olan zaman Naftalan şəhər ərazisində yerləşən "Final" marketin qarşısında bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini görərək ona yaxınlaşmışlar. Bu zaman vətəndaş nizam-intizama dəvət edilməsinə, yüksək səslə danışmaması barədə xəbərdar edilməsinə baxmayaraq, o, hər hansı əsas olmadan onların göstərişlərinə əməl etməmişdir. Bundan sonra ona polis şöbəsinə getməli olduğu bildirilmiş, vətəndaş isə bundan daha da əsəbləşərək narazılığını yüksək səslə ifadə etməyə başlamışdır. Nəticədə həmin şəxs onlar tərəfindən məcburi qaydada Naftalan şəhər polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Naftalan şəhər polis şöbəsinin PPXTnin polis nəfəri X6 digər şahid X3 ifadəsinin məzmununa oxşar ifadə verdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, araşdırılmış digər sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməlini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 27 dekabr 2024-cü il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 27 dekabr 2024-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Naftalan şəhər polis şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar